[b]Adalılar və qonşular[/b]
29.06.2016 - 15:34
[b]Adalılar və qonşular[/b]

Sabah Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Kəpəz”dən sonra mübarizəyə daha iki təmsilçimiz qoşulacaq.

 

Ötən mövsüm olduğu kimi, yenə Azərbaycanı Avroliqada təmsil edəcək “Qəbələ” və “Neftçi” I mərhələdən yarışa qatılacaq.

 

Tarixində 3-cü dəfə Avropa arenasında iştirak hüququ qazanan “Qəbələ” ötən mövsümdəki uğuru təkrarlamaq niyyətindədi. Ötən mövsüm 4 mərhələ adlayaraq tarix yazan və qrupa qədər irəliləyən “qırmızı-qaralar”ın bu dəfə ilk rəqibləri Gürcüstan təmsilçisi “Samtredia” olacaq. Maraqlıdı ki, şimallılar ötən mövsüm də I mərhələdə Gürcüstan komandası ilə (“Dinamo”, Tbilisi) üz-üzə gəlmiş və Bakıdakı quru hesablı (2:0, 1:2) qələbə sayəsində yoluna davam etmişdi.

 

Yay fasiləsində Roman Qriqorçukun komandasında köklü dəyişikliklər edilməsinə baxmayaraq, təmsilçimizi cütün favoriti saymaq olar. Doğrudu, “Samtredia” Gürcüstan çempionatını 2-ci pillədə başa vurub. Ancaq nəzərə alaq ki, 20 ildən sonra Avrokubokda iştirak edəcək rəqibin heyəti bütünlüklə yerli oyunçulardan təşkil olunub. Avropa Liqasında 17-ci matçına çıxacaq “Qəbələ” doğma azarkeşləri önündə 4-cü qələbəsini qazanmağa çalışacaq. Bununla, şimallılar həm də 8 oyunluq qalibiyyətsizlik seriyasına son qoya bilərlər.

 

Avroliqadakı digər təmsilçimiz “Neftçi” isə Maltada “Baltsan”ın qonağı olacaq. Ötən mövsüm “Mladost”la qarşılaşmalardan (2:2, 1:1) sonra I mərhələdəcə mübarizəni dayandıran bakılıların mövsümlərarası fasilədə heyətində ciddi dəyişikliklər edilib. Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən ilk komanda olan “Neftçi”nin əvvəlki əzəmətində olmadığı məlumdu.

 

Ancaq rəqibin Malta təmsilçisi olması mərhələ adlamaq üçün zəmin yaradır. Üstəlik, komandalar arasında təcrübə baxımından böyük fərq var. Tarixində ikinci dəfədi Avropa arenasında iştirak hüququ əldə edən və 3-cü görüşünə hazırlaşan “Baltsan” ötən mövsüm debüt ilində “Jelezniçar”a boyun əymişdi – 0:2, 0:1. Maltalılardan fərqli, “Neftçi” 16-cı dəfə Avrokubokda mübarizəyə qoşulacaq. Bu baxımdan rəqibi ilə müqayisədə böyük təcrübəyə malik paytaxt klubu sabahkı səfər görüşündən qələbə ilə dönmək əzmindədi.

 

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

30 iyun

 

20:00. “Baltsan” (Malta) – “Neftçi” (Azərbaycan)

Hakimlər: Yovan Kaludjeroviç, Daniel Deviç, Vladan Todoroviç, Mileta Skepanoviç (hamısı Monteneqro)

Paola. “Hibernians” stadionu

 

 

21:00. “Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)

Hakimlər: Denis Şerbakov, Dmitri Juk, Yuri Xomçenko, Sergey Tsinkeviç (hamısı Belarus)

Bakı. 8-ci km qəsəbə stadionu

0