[b]AÇ-2016: Sırada növbəti çempion![/b]
29.06.2016 - 16:44
[b]AÇ-2016: Sırada növbəti çempion![/b]

Sabah AÇ-2016-da 2 günlük fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, turnirdə 1/4 final mərhələsinə start veriləcək.

 

Bu mərhələnin ilk görüşündə Polşa və Portuqaliya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup mərhələsində Almaniya ilə birlikdə 7 xal toplayan polyaklar 1/8-də İsveçrəni uzun mübarizənin yekununda, penaltilər seriyasında üstələyiblər. Portuqaliya isə qrup mərhələsini yaxşı keçirməyib. Düzdü, Kriştianu Ronaldo və komanda yoldaşları AÇ-2016-da hələ məğlubiyyət acısı dadmayıblar. Qrup mərhələsində İslandiya, Avstriya və Macarıstanla heç-heçə edən portuqallar 1/8 finalda güclü Xorvatiya yığmasını mübarizədən kənarlaşdırıblar. Hərçənd ki, bu görüşün əsas vaxtı da heç-heçə nəticələnib. “Avropanın Braziliyası” əlavə vaxtın son dəqiqələrində vurduğu qolla ¼-ə adlayıb.

 

¼-in digər matçı Uels və Belçika arasında baş tutacaq. Avropa çempionatlarında debüt edən Uels millisi sürpriz çıxışını bir qədər də davam etdirmək arzusundadı. Qaret Beyl və komanda yoldaşları qrup mərhələsində İngiltərəyə uduzduqları halda, Slovakiya və Rusiya yığmaları üzərində qələbə qazanıb. 1/8 finala qrup birincisi kimi adlayan Uels bu mərhələdə Britaniyanın digər təmsilçisi Şimali İrlandiya üzərində çətin olsa da, qələbə qazanmağı bacarıb. Əminliklə söyləmək olar ki, Uelsin budəfəki sınağı daha çətin olacaq. Çünki Belçika yığması Avropa çempionatına məğlubiyyətlə başlamasına baxmayaraq, turnirin favoritləri sırasında göstərilir. Onların İrlandiya, İsveç və Macarıstanla görüşlərdəki qələbələri də bunu deməyə əsas verir.

 

Heç şübhəsiz ki, ¼ finalın ən maraqlı qarşılaşması Almaniya – İtaliya matçı olacaq. 1/8-də erkən final adlandırılan İspaniya ilə oyunda qələbəyə imza atan “Skuadra Adzurra” daha bir erkən finala çıxacaq. Son dünya çempionu Almaniya üçün İtaliya həmişə çətin rəqib sayılıb. Bundestim bu tilsimi qırmaq, İtaliya isə son Avropa çempionunun ardından daha bir dünya nəhəngini mübarizədən kənarlaşdırmaq istəyi ilə meydana çıxacaq. Almaniya heyətinə görə kağız üzərində favorit hesab oluna bilər. Lakin AÇ-dəki çıxışına görə tərif qazanan İtaliya millisi də təslim olmaq fikrində deyil. Odu ki, azarkeşləri çox maraqlı mübarizə gözləyir.

 

¼ final mərhələsinə Fransa – İslandiya oyunu ilə yekun vurulacaq. Bir tərəfdə ev sahibi fransızlar, digər tərəfdə isə AÇ-nin sürpriz komandalarından olan İslandiya. Şübhəsiz ki, Fransa heyətinə və doğma meydan amilinə görə turnirin əsas favoritlərindən sayılır. Hərçənd ki, “xoruzlar”ın bu mərhələyə qədər keçdikləri yol asan olmayıb. Qrup mərhələsində Rumıniya (2:1) və Albaniyanı (2:0) üstələyən Didye Deşamın yetirmələri 1/8-da İrlandiyaya çətinliklə qalib gəliblər – 2:1. İslandiya isə qrup mərhələsini 5 xalla başa vurub. Portuqaliyaya uduzmayan islandlar 1/8 finalda İngiltərəni mübarizədən kənarlaşdırmaqla adlarından söz etdiriblər. Odu ki, Fransanı asan sınaq gözləmədiyini əminliklə söyləmək olar.
 

 

 

Avropa çempionatı - 2016

1/4 final mərhələsi

 

30 iyun

23:00. Polşa - Portuqaliya

Marsel. “Velodrom” stadionu

 

1 iyul

23:00. Uels - Belçika

Lill. “Pyerr Morua” stadionu

 

2 iyul

23:00. Almaniya – İtaliya

Bordo. “Stad de Bordo”

 

3 iyul

23:00. Fransa – İslandiya

Sent-Denis. “Stad de Frans”

 

0