[b]“Qəbələ” ən yaxşı oyunlarından birini göstərdi" - Nika Kvekveskiri[/b]
01.07.2016 - 00:03
[b]“Qəbələ” ən yaxşı oyunlarından birini göstərdi" - Nika Kvekveskiri[/b]

 

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Samtredia” üzərində 5:1 hesablı qələbə qazanan “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə gürcüstanlı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.

 

- Matçla bağlı fikirləriniz necədi? Böyük hesablı qələbəni gözləyirdizmi?

- Bütün gücümüzü meydanda qoyduq. Bizim üçün asan olmadı. Sadəcə, oyuna çox yaxşı hazırlaşmışdıq. Baş məşqçi bizə rəqibin güclü və zəif cəhətlərini başa salmışdı. Uzun müddət bunun üzərində çalışmışdıq. Üzərimizə düşən tapşırıqların öhdəsindən yüz faiz gəldik. Buna görə də belə hesab alındı. Amma hələ heç nə bitməyib. Öz meydanımızda qapımızdan qol buraxdıq. Cavab matçına da yaxşı hazırlaşmalı, konsentrasiyanı əldən verməməliyik. Gürcüstanda da meydana qələbə üçün çıxmalıyıq.

 

- “Qəbələ” çox güclü idi, yoxsa rəqib zəif idi?

- Belə deyim, “Qəbələ” özünün ən yaxşı oyunlarından birini göstərdi. Hesabın böyük alınması bununla əlaqədardı. Amma yenə deyirəm ki, arxayınlaşmamalıyıq. Cavab görüşünə də yüz faizlik hazırlaşmaq lazımdı.

 

- “Qəbələ” rəqibi hansı komponentlərdə üstələdi?

- Bizim kimi, rəqibdə də qələbə istəyi var idi. Çünki cavan uşaqlardılar. Onlar da növbəti mərhələ keçmək istəyirdilər. Onlar da futbol oynamağı bacarırlar. Amma “Qəbələ” daha təcrübəlidi. Bu komanda Avropa Liqasında qələbə qazanmağın yolunu bilir. Təcrübə və hazırlıq baxımından biz bir qədər üstün idik. Baş məşqçinin qərarları özünü doğrultdu. Hər şeyi yüksək səviyyədə yerinə yetirdik.

 

- Ölkə xaricində çıxış edib öz vətəninin komandasına qarşı oynamaq necə hissdi?

- Açığı, püşkatmanın nəticəsini biləndə mənim üçün o qədər də xoş olmadı. Düzdü, mən “Qəbələ”nin futbolçusuyam. Amma gürcü futboluna azarkeşlik edirəm. Odu ki, “Samtredia”ya ən yaxşısını arzulayıram. Ancaq mən “Qəbələ”də çıxış edirəmsə, bu komanda üçün əlimdən gələni etməliyəm.

0