[b]Dodoya şərik tapıldı[/b]
01.07.2016 - 09:12
[b]Dodoya şərik tapıldı[/b]

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşan “Qəbələ” Bakıda keçirilən ilk oyunda 5:1 hesabı ilə qalib gəlib. Apasport.az saytının məlumatına görə, bu, klub tarixinə ən böyükhesablı avrokubok qələbəsi kimi düşüb.

 

Ardıcıl 3-cü dəfə qatıldığı yarışda 4-cü qələbəsini qazanan “qırmızı-qaralar” əvvəlki oyunlarda iki dəfə 2:0, bir dəfə 1:0 hesabı ilə qalib gəlmişdi. İlk dəfə böyük hesablı – 3 və daha çox top fərqilə qələbə qazanan “Qəbələ” Azərbaycan futbolu tarixinə də düşüb. Əyalət təmsilçisi ev oyununda ən çox qol vuran komanda ünvanına yiyələnib. Bunadək heç bir Azərbaycan klubu öz meydanındakı avrokubok görüşündə 4-dən artıq qol vurmamışdı ki, bunu gerçəkləşdirən ilk klub “Qəbələ” olub. “Qırmızı-qaralar” həm də ən böyükhesablı ev qələbəsinə - 4 top fərqilə qalib gəlmək rekorduna da şərik olub.


“Qəbələ” – “Samtredia” qarşılaşması bir sıra digər məqamlarla da əlamətdar olub:


- Debüt oyununda het-trikə imza atan Teo Uiks “Qəbələ”nin tarixində avrokubok matçında 3 qol vuran ilk futbolçu kimi düşüb. Ümumilikdə isə liberiyalı Azərbaycan klublarının qitə miqyaslı turnirlərdə 3-cü het-trikinin müəllifidi.


- Teo həm də “Qəbələ”nin tarixində 3-cü het-trik müəllifi olub. Bu oyunadək onlar yalnız 2 dəfə - 1 dəfə Azərbaycan kuboku, 1 dəfə Premyer Liqada bunu bacarıblar.


- “Qəbələ”nin 4-cü, Uiksin 2-ci qolu klub tarixinin avrokuboklarda ümumilikdə 15-ci, evdə 10-cu topu olub.


- “Qəbələ”nin 2-ci qolunun müəllifi Sergey Zenyov “qırmızı-qaralar”ın Roman Qriqorçukun rəhbərliyi altında 100-cü topuna sevinib. Komanda ukraynalı mütəxəssisin baş məşqçiliyi altında 103 qol vurub, 65-ni buraxıb.


- Roman Qriqorçuk “Qəbələ” ilə 15-ci avrokubok matçına çıxıb. Bu qarşılaşmalarda 4-cü qələbəsini qazanan komanda 5 heç-heçə edib, 6 məğlubiyyət alıb, 16 qol vurub, 19-nu buraxıb.
 

- Vojislav Stankoviç “Qəbələ”də 40-cı oyununu keçirib.
 

- Start heyətində meydana çıxan 4 futbolçu - Nika Kvekveskiri, Teo Uiks, Filip Ozobiç və Baqali Dabo, həmçinin meydana sonradan daxil olan Tellur Mütəllimov “Qəbələ”də ilk rəsmi oyununu keçirib. Klubun 11 illik tarixində “qırmızı-qara” forma geyinənlərin sayı 207-yə çatıb.


- Uiks ilk liberiyalı, Ozobiç ilk xorvatiyalı olub. Bununla da “Qəbələ”də təmsil olunan ölkələrin sayı 37-yə çatıb. Bu matçadək 35 ölkədən 99 legioner rəsmi matçlarda “qırmızı-qaralar”ın heyətində çıxış etmişdi. Kvekveskiri, Dabo, Uiks və Ozobiç 37 ölkədən olan legionerlərin sayını 103-ə çatdırıb. Digər 104 oyunçu isə yerli futbolçulardı.


- Kvekveskiri 10-cu gürcüstanlı, Dabo 2-ci fransalıdı.


- Bu matçadək “Qəbələ”nin 104 futbolçusu qol vurmuşdu. Qol hesablarını açan Vojislav Stankoviç və Teo Uiks bu rəqəmi 106-ya çatdırıb. Sergey Zenyov isə “qırmızı-qara” formada qol sayını 5-ə çatdırıb.


- “Qəbələ”nin heyətində 15-ci avrokubok matçına çıxan Sergey Zenyov klub tarixinin rekorduna şərik olub. Bunadək yalnız Dodo qitə kuboklarında “qırmızı-qara” formada 15 görüşə çıxmışdı.


- Sergey Zenyov avrokuboklarda 3-cü qolunu vurmaqla, Teo Uiks bir matçda 3 dəfə fərqlənməklə klub tarixinin qitə kuboklarındakı ən məhsuldar oyunçuları siyahısında Cavid Hüseynova çatıblar. Hərəyə 3 qola imza atan “üçlük” yalnız Dododan (4 qol) geri qalır. Stankoviç və Uiks qol hesabını açmaqla avrokuboklarda “Qəbələ” üçün fərqlənənlərin sayını 7-yə çatdırıb.


- 7 oyunçu - Nika Kvekveskiri, Teo Uiks, Filip Ozobiç, Baqali Dabo, Rəşad Eyyubov, Qismət Alıyev, Tellur Mütəllimov avrokuboklarda ilk dəfə “Qəbələ”nin şərəfini qoruyub. Qitə kuboklarında “qırmızı-qara” forma geyinənlərin sayı 42-yə çatıb.

Mənbə: gabalafc.az

 

0