[b]“Qəbələ” bizdən çox güclü idi” - “Samtredia”nın kapitanı[/b]
01.07.2016 - 10:08
[b]“Qəbələ” bizdən çox güclü idi” - “Samtredia”nın kapitanı[/b]

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda “Qəbələ”yə 1:5 hesabı ilə uduzan “Samtredia” (Gürcüstan) klubunun kapitanı Giorgi Datunaişvili qarşılaşmadan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Ağır məğlubiyyətin səbəbini necə izah edərdiniz?

- Oyuna çox pis başladıq, ardıcıl qollar buraxdıq. Matçın qırılma nöqtəsi standart vəziyyətdən buraxdığımız qol oldu. Belə məqamda qol buraxmaq ziyanımıza işlədi. Bundan sonra toparlana bilmədik. Halbuki, bizim də qol vurmaq üçün imkanlarımız vardı.

 

- Rəqibin təzyiqinə dözə bilmədiniz, yoxsa təcrübəsizlik və həyəcan sizə mane oldu?

- “Qəbələ” bizdən çox güclü idi. Demək olar, bütün komponentlərdə rəqibə uduzduq. Bizim heyətin əksər üzvlərinin avrokubok təcrübəsi yoxdu. Bu da oyunumuzu qurmağa, tapşırıqları yerinə yetirməyə imkan vermədi.

 

- Mübarizə sizin üçün bitdi, yoxsa şansınız var?

- Şansımız var, amma çox azdı. Cavab görüşündə 4:0 hesabı ilə qələbə qazanmaq çox çətindi. Bütün hallarda, mübarizə aparacağıq. Mərhələ adlaya bilməsək də, komandanın imicini qorumaq üçün əlimizdən gələni edəcəyik.

 

- “Qəbələ”nin heyətində fərqləndirmək istədiyiniz futbolçu varmı?

- Həmyerlim Nika Kvekveskiri (gülür).

 

- Oyundan sonra klubun prezidenti və digər rəsmi şəxslər futbolçulara nə dedi?

- Təbii ki, bu cür hesabla uduzmaq normal hal deyil. Bunun təhlili aparılacaq, cavab oyunu üçün müəyyən nəticələr çıxarılacaq. Kimsə bizi tənbeh etmədi, hansısa irad bildirmədilər. Biz futbolçular hər şeyi anlayırıq.

 

- “Qəbələ”nin potensialı haqda nə deyə bilərsiniz?

- Çox yaxşı komandadı. Onların qrup mərhələsinə yüksəlmək şansları var. Bunun üçün heyətə cüzi güc qatmaq lazımdı. Komandanıza uğurlar arzulayıram.

 

0