[b]“Samtredia”ya texniki məğlubiyyət verilməyəcək” - “Qəbələ” rəsmisi[/b]
01.07.2016 - 14:16
[b]“Samtredia”ya texniki məğlubiyyət verilməyəcək” - “Qəbələ” rəsmisi[/b]

“Samtredia”ya texniki məğlubiyyət verilməyəcək. Çünki qaydalarda belə şey yoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində dünən keçirilmiş “Qəbələ” – “Samtredia” matçında (5:1) texniki səhv qeydə alınıb. Belə ki, görüşün protokolunda qonaqların müdafiəçisi Cemal Qoqiaşvili 3 nömrəli futbolçu kimi göstərilsə də, meydana 18 nömrəli formada çıxıb.

 

Bundan xəbərdar olan “Qəbələ” rəsmiləri tərəfindən dərhal UEFA-nın nümayəndəsinə məlumat verilib. Nəticədə Qoqiaşvili fasilədə formasını dəyişərək, ikinci hissəyə 3 nömrəli futbolkada çıxıb.

 

Məsələ ilə bağlı danışan Səfiyarlı buna görə “Samtredia”ya texniki məğlubiyyət veriləcəyi ilə bağlı söz-söhbətləri təkzib edib: “Əgər adı protokolda göstərilmiş futbolçunun yerinə meydana başqa oyunçu çıxırsa, onda həmin komandaya texniki məğlubiyyət verilir. Bu cür halda isə texniki məğlubiyyətdən söhbət gedə bilməz. Belə olanda texniki səhv kimi qiymətləndirilir və kluba UEFA tərəfindən xəbərdarlıq edilir”.

 

Qeyd edək ki, matçdan sonra keçirilən mətbuat konfransında “Samtredia”nın baş məşqçisi Giya Tsedsadze də bunu texniki personalın səhvi adlandırmışdı.

 

 

0