[b]“Viktoriya”: “Qarabağ”ın rəqibi, ermənilərin qənimi[/b]
15.07.2016 - 15:24
[b]“Viktoriya”: “Qarabağ”ın rəqibi, ermənilərin qənimi[/b]

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Düdelanj” səddini keçəcəyi təqdirdə, növbəti mərhələdə “Viktoriya” klubu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, ağdamlıların potensial rəqibi  yetərincə təcrübəli komandadı.

 

Əsası 1911-ci ildə qoyulan “Viktoriya” klubu Plzen şəhərini təmsil edir. Tarixi ərzində 4 dəfə Çexiya çempionluğunu qazanan komanda 2 dəfə ölkə kuboku, 2 dəfə isə Superkubokunu əldə edib. “Viktoriya” ev oyunlarını 11 min 700 tamaşaçı tutumu olan “Dusan Arena”da keçirir.

 

“Viktoriya” 1911-ci ildə yaradılmasına baxmayaraq, 1929-cu ildə peşəkar status alıb. İlk olaraq, Çexiyanın ikinci liqasında qeydiyyatdan keçən plzenlilər 1 il sonra elitaya vəsiqə əldə ediblər. Lakin 1938-ci ildə komanda yenidən aşağı liqaya düşərək, 1972-ci ilə qədər elita üzünə həsrət qalıb. 1980-ci illərdə “Viktoriya” yenidən ikinci liqa ilə yüksək liqa arasında bir neçə dəfə yerdəyişmə edib.

 

Komandanın ən uğurlu dövrü isə 2011-ci ildən başlayır. Həmin il ilk dəfə Çexiya çempionu adını qazanan plzenlilər eyni uğura 2012/2013, 2014/2015 və 2015/2016 mövsümündə də imza atıblar.

 

Komandanı bu ildən yerli mütəxəssis olan Roman Pivarnik çalışdırır. Maraqlıdı ki, “Viktoriya”nın heyətində cəmi 2 millətdən olan futbolçular çıxış edir. Belə ki, komandanın özəyini çexiyalılar təşkil edir. Onlarla yanaşı, “Viktoriya”da 5 slovakiyalı legioner var. Bunlar qapıçı Matuş Kozaçik, yarımmüdafiəçilər Patrik Hroşovski, Yakub Hromada və hücumçular Mixal Durişlə Marek Bakoşdu.

 

“Viktoriya” Avrokubokda ilk dəfə 1971/1972 mövsümündə debüt edib. “Bavariya” ilə qarşılaşan plzenlilərin debütü uğursuz alınıb. Belə ki, komanda hər iki görüşdə Münhen təmsilçisinə məğlub olub (0:1, 1:6). “Viktoriya” uzun fasilədən sonra 2010/2011 mövsümündə yenidən avrokuboklara qatılıb. Bu dəfə Avropa Liqasında oynamaq hüququ qazanan Plzen təmsilçisinin yolunu “Beşiktaş” kəsib (1:1, 0:3).

 

2011/2012 mövsümü isə “Qarabağ”ın potensial rəqibi üçün düşərli olub. Çempionlar Liqasının II təsnifat mərhələsində Ermənistanın “Pünik” klubuna hər iki oyunda dərs keçən (4:0, 5:1) “Viktoriya” daha sonra “Rusenborq”u mübarizədən kənarlaşdıraraq (1:0, 3:2), ÇL-in pley-offuna vəsiqə qazanıb. Burada isə Çexiya çempionu “Kopenhagen”dən güclü olub (3:1, 2:1). Tarixində ilk dəfə ÇL-in qrup mərhələsində oynamaq hüququna yiyələnən plzenlilər BATE, “Milan” və “Barselona”ya rəqib olublar. “Viktoriya” növbəti mərhələyə adlaya bilməsə də, qrupda “Milan”la heç-heçə edərək, adından söz etdirib. ÇL-dən kənarlaşsa da, komanda Avropa Liqasına qatılıb, lakin burda onların qarşısını “Şalke” kəsib.

 

Avrokuboklarda 2012/2013 mövsümünü da “Viktoriya”nın aktivinə yazmaq olar. Bu dəfə AL-də mübarizə aparan plzenlilər “Metallurq” (Gürcüstan), “Rux” (Polşa) və “Lokeren” (Belçika) klublarını üstələyərək, qrup mərhələsinə yüksəliblər. “Atletiko” (İspaniya), “Akademika” (Portuqaliya) və “Hapoel”lə (Təl-Əviv, İsrail) eyni qrupda çıxış edən çexiyalılar növbəti mərhələyə adlamağı bacarıblar. 1/16 finalda “Napoli”yə hər iki oyunda qalib gələn (3:0, 2:0) “Viktoriya” 1/8 finalda “Fənərbaxça” səddində ilişib. Öz meydanında “Fənər”ə 0:1 hesabı ilə uduzan plzenlilər “Sükrü Saraçoğlu”nda 1:1 hesablı heç-heçə ediblər.

 

2013/2014 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etmək hüququ əldə edən “Viktoriya” “Mançester Siti”, MOİK (Moskva) və “Bavariya” kimi klublarla qarşılaşmalı olub. Qrupdakı 6 görüşdən yalnız 1-də (MOİK-lə Çexiyada keçirilən matç) plzenlilər qələbəyə seviniblər. Məhz bu qalibiyyətin sayəsində mübarizəni Avroliqada davam etdirmək imkanı qazananan “Viktoriya” əvvəlcə Ukrayna “Şaxtyor”unu mübarizədən kənarlaşdırsa da, ¼ finalda “Lion” səddində ilişib.

 

2014/2015 mövsümündə Avroliqada iştirak edən “Viktoriya” mübarizəyə III təsnifat mərhələsindən qoşulub. Lakin Rumıniyanın “Petrolul” klubu ilə sınaqlardan komanda üzüağ çıxa bilməyib (1:1, 1:4).

 

2015/2016 mövsümündə isə “Viktoriya” Çempionlar Liqasının III təsnifat mərhələsindən mübarizəyə start verib. Təl-Əviv “Makkabi”si ilə bacarmayan (2:1, 0:2) Plzen təmsilçisi Avroliqanın pley-off mərhələsində “davam” deyib. Burda isə Serbiyanın “Voyvodina” klubu asanlıqla məğlub zərərsizləşdirilib (3:0, 2:0). Nəticədə “Viktoriya” AL-in qrup mərhələsinə yüksələrək, “Dinamo” (Belarus), “Vilyareal” (İspaniya) və “Rapid” (Avstriya) klubları ilə qarşılaşmaq imkanı qazanıb. Lakin Çexiya təmsilçisi qrupda qalaraq, növbəti mərhələyə adlaya bilməyib.

 

“Viktoriya” həm də güclü akademiyası ilə ad çıxarıb. Təsadüfi deyil ki, “Yuventus”un sabiq yarımmüdafiəçisi Pavel Nedved və “Arsenal”ın qolkiperi Petr Çex bu klubun yetirməsi sayılır.

 

Onu da qeyd edək ki, AÇ-2016-da “Viktoriya”nın 6 futbolçusu çıxış edib. Bunlar slovakiyalılar - Patrik Hroşovski, Mixal Duriş, Matuş Kozaçik və çexiyalılar - Roman Hubnik, David Limberski, Daniel Kolardı.

 

 

 

0