[b]“Qəbələ” ilə oyunlar “Lill” üçün asan olmayacaq” - Darko Nikaç[/b]
22.07.2016 - 11:34
[b]“Qəbələ” ilə oyunlar “Lill” üçün asan olmayacaq” - Darko Nikaç[/b]

Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşan və hər iki oyunda məğlub olan MTK klubunun yarımmüdafiəçisi Darko Nikaç oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Hər iki oyunda məğlub oldunuz. Rəqibdən zəif olduğunuzu etiraf edirsizmi?

- Öz meydanımızdakı məğlubiyyətdən sonra toparlanmaq, nəticəni xeyrimizə dəyişmək asan deyildi. Bunu meydana çıxanda da dərk edirdik. Üstəlik, startdan az sonra qapımızdan qol buraxdıq. Halbuki qolu biz vurmalı idik. Bu gecə bizim üçün yaxşı keçmədi. Çətin olsa da, ümidimiz var idi. Ancaq “Qəbələ” yaxşı komanda olduğunu yenə sübut etdi. Onlar üçün bu axşam hər şey əla alındı.

 

- İlk oyunun nəticəsi sizing daha çox hücum edəcəyiniz qənaəti yaratmışdı. Bacarmadınız, yoxsa “Qəbələ” imkan vermədi?

- Başlanğıcda topu özümüzdə daha çox saxlamağa, rəqibin yaradacağı boşluqlardan istifadə etməyə çalışdıq. Ancaq qolu tez buraxdıq. Erkən qol oyundan qopmağımıza gətirib çıxardı. İkinci qoldan sonra, demək olar, mübarizə bizim üçün bitmiş oldu. Çalışdıq, böyükhesablı məğlubiyyət qeydə alınmasın. “Qəbələ”nin doğma meydanda daha çox qol vurmağa çalışdığını bilirik.

 

- İki oyundan hansı çətin keçdi?

- Bakıdakı oyun. Çünki öz meydanımızda biz üstün tərəf idik. Ancaq burdakı duelə məğlub çıxdıq. Nəticədə hücuma atılmalı idik. Heyətimizdə iki hücumçu var idi. Di gəl ki, “Qəbələ” hansısa boşluq vermədi. Bu dəfə daha çətin oldu.

 

- Birinci oyundan sonra “Qəbələ”ni daha yaxından tanıdınız. Bakıya ümidlə gəlmişdiniz?

- Buna cəhd etdik. Təəssüf ki, alınmadı, yenə uduzduq. Növbəti mərhələyə rəqib yüksəldi. Onlar buna layiq idilər. Yaxşı komandadı. Uğurlar arzulayıram.

 

- Növbəti mərhələ daha çətin olacaq. “Lill”lə duellərdə “Qəbələ”nin şanslarını necə qiymətləndirirsiz?

- “Qəbələ” yaxşı komandadı. Heyətində seçilən futbolçuları var. Hücum və yarımmüdafiə xətti əla çıxış edir. Müdafiəçilər də işinin öhdəsindən gəlir. Əksinə, “Lill” üçün asan olmayacaq. Hərçənd ki, onlar cütün favoriti hesab edilirlər. Ancaq mərhələ adlamaları asan olmayacaq.

 

- Deyəsən, isti hava sizə pis təsir edib...

- Tək mənə yox, komandamıza pis təsir etdi. İkinci hissənin ortalarından sanki “havasız” qalmışdıq. Çox isti idi. Qaçmaq, hərəkət etmək olmurdu. Özümü meydanda pis hiss edirdim. Qolları bununla bağlamaq istəməzdim. Biz kobud səhvlər buraxdıq. Rəqibin usta futbolçuları da bunu bağışlamadı.

 

0