[b]“Lill”də oynamış ulduzlar[/b]
22.07.2016 - 15:20
[b]“Lill”də oynamış ulduzlar[/b]

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Fransanın “Lill” klubu 72 illik tarixində bir sıra ulduzların parladığı məkan olub. Apasport.az saytının məlumatına görə, Lill şəhərinin eyniadlı təmsilçisi daha çox XXI əsrdə heyətində tanınmış simaları toplayıb.

 

Düzdü, ötən əsrin ortalarında Fransa futbolunda aparıcı rollarda yer almış  komandanın bəzi tanınmış simaları olub. Hətta Rene Bihel 1, Jan Barat iki dəfə Liqa 1-in ən yaxşı bombardiri adını qazanıb. Lakin avrokuboklarda debüt etməyənədək klubun üzvləri o qədər də tanınmayıb. Fransa təmsilçisinin qitə səhnəsinə çıxışı isə 15 il öncə gerçəkləşib.

 

Elə “Lill”ə ulduz axını da bu dövrə təsadüf edib. 2010/11 mövsümündə Fransa çempionluğu və kubokunu qazanan klubun oyunçuları da fərdi mükafatlara sahib olub. Musa Sou 25 qolla ən yaxşı bombardir olubsa, Eden Azar 2011 və 2012-ci illərdə ardıcıl 2 dəfə “İlin futbolçusu” nominasiyasında qalib seçilib. Belçikalının mükafatları bununla tükənmir. O, 2009 və 2010-cu illərdə ən yaxşı gənc oyunçu mükafatının sahibi olub.

 

Bundan başqa, Abdulkader Keyta, Mişel Bastos, Eden Azar, Adil Rami, Jervinyo, Musa Sou, Matye Debuşi, Rio Mavuda, Dmitri Payet mövsümün rəmzi yığmasında yer alanlardı. Klubun ən məşhur yetirmələrindən olan Debuşinin karyerasına məhz “Lill”də başlayıb, 300-dən çox oyun keçirməsi də qeyd olunmalıdı.

 

Fərdi mükafat qazanmayan, lakin “Lill”in uğurlarında pay sahibi olan onlarla digər ulduzları da unutmaq mümkün deyil. 2002-04-cü illərdə bu komandada çıxış edən Erik Abidal, peşəkar karyerasına burada başlayan Yohan Kabaye, belçikalı Kevin Miralyas, isveçrəli Stefan Lixştayner, kamerunlu Orelian Şedju, qapıçı Mikael Landro da “Lill”də çıxış edib. Hətta Pyer Emerik Obameyanq da qısa müddətdə icarə əsasında Fransa klubunda top qovub. Salomon Kalu, İdrissa Queye kimi ulduzlara da qucaq açan “Lill”in ən tanınmış simalarından biri də Patrik Kluyvertdi. 2007/08 mövsümündə karyerasını başa vuran hollandiyalının son klubu məhz “Qəbələ”nin rəqibi olub.

 

2006-cı ildə Klod Pyuelin, 2011-ci ildə Rudi Qarsia və 2 il öncə Rene Jurarın mövsümün məşqçisi seçilməsi də “Lill”in aktivinə yazılmalıdı. Ümumiyyətlə, klub tarixində bir sıra məşhur məşqçilər olub. Vahid Halilhodjiç, Bruno Metsyu, Jak Santini, Henrik Kasperçak da “Lill”də çalışıb.

 

Qeyd edək ki, “Lill”in indiki heyətində ən tanınmış oyunçular Nigeriya millisinin qapıçısı Vinsent Enyeama və Portuqaliya ilə AÇ-2016-nın qalibi olan Ederdi.

 

 

0