[b]“Qarabağ”ın üçüncü cəhdi[/b]
25.07.2016 - 15:56
[b]“Qarabağ”ın üçüncü cəhdi[/b]

Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinə vəsiqələr uğrunda mübarizə aparacaq komandalar arasında Azərbaycan çempionu “Qarabağ” da yer alıb.

 

Ardıcıl 3-cü dəfə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən Ağdam təmsilçisi əvvəlki iki ildə olduğu kimi, yenə bir rəqibini mübarizədən kənarlaşdırıb və pley-offun astanasındadı. İlk iki cəhdində bu səddi adlaya bilməyən Qurban Qurbanovun yetirmələri Çexiyanın “Viktoriya” klubu ilə görüşlərdə ilkə imza atmağa çalışacaq.

 

İndiyədək heç bir təmsilçimizin keçə bilmədiyi mərhələnin ilk matçını səfərdə keçirən “Qarabağ” 19 ildən sonra Çexiyaya yollanıb. 1997/98 mövsümündə UEFA kubokunda “Yablonets”lə qarşılaşmalarda (0:5, 0:3) uğursuzluğa düçar olan təmsilçimiz qisasını Plzen təmsilçisindən almalıdı.

 

Səfərdə qənaətbəxş nəticə əldə olunsa, Ağdam klubu gələn həftə Bakıdakı cavab oyununda qrup mərhələsində yerini təmin edə bilər. Təbii ki, bunun üçün təmsilçimiz doğma azarkeşlər önündə büdrəməməlidi. Çünki Çempionlar Liqasının pley-offuna yüksələcək komandalar iki turnirdən birinin qrupunda çıxış edir. Bunun üçün ilk növbədə indiyədək Azərbaycan klublarının məğlub etmədiyi çexiyalıları mübarizədən kənarlaşdırmaq lazımdı.

 

Ağdamlılar üçün “Viktoriya” ilə görüş rekord baxımından da önəm daşıyır. Qitənin ən nüfuzlu klub turnirində 5 qələbəsi olan “Qarabağ” eyni qədər uğuru olan “Neftçi”ni arxada qoymaq üçün plzenlilərə qalib gəlməlidi. 2 il öncə Avstriya “Zalsburq”u, ötən yay Şotlandiya “Şeltik”i ilə dueldə məyus olan əyalət klubu bu dəfə Çempionlar Liqasında mübarizəsini davam etdirməkdə iddialıdı.

 

Qeyd edək ki, “Qarabağ”ın “Viktoruya” ilə matçı Plzen şəhərinin “Dusan Arena” stadionunda keçiriləcək. 11 min 700 tamaşaçı tutumuna malik arenadakı görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyun

26 iyul

 

22:15. "Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ”

Baş hakim: Aleksandar Stavrev

Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov

Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)

Hakim-inspektor: Raymond Ellingem (Uels)

UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)

Plzen. “Dusan Arena” stadionu

 

 

0