[b]Budaq Nəsirovun atası: Xaricdə oynamaq arzusu ilə yaşayırdı[/b]
25.07.2016 - 16:11
[b]Budaq Nəsirovun atası: Xaricdə oynamaq arzusu ilə yaşayırdı[/b]

“Hər şey oğlumun özündən asılıdı. Biz ona inanırıq, yəqin ki, o da bizim inamı doğruldar”. Bu sözləri apasport.az saytına Budaq Nəsirovun atası Hikmət Nəsirov deyib.

 

Bu gün Portuqaliyanın “Sportinq” klubu ilə müqavilə bağlayan Budaq Nəsirov karyerasını ölkə xaricində davam etdirəcək. Tovuzun “Turan” klubunun yetirməsi olan 20 yaşlı futbolçu peşəkar karyerasına elə bu klubda başlayıb. Daha sonra “Sumqayıt”ın və “Bakı”nın formasını geyinən yarımmüdafiəçi son mövsümü icarə əsasında “Kəpəz”in heyətində keçirib.

 

Gəncə təmsilçisinin Avropa Liqasına vəsiqə qazanmasında yardımçı olan Nəsirovun çempionat başa çatdıqdan sonra “Sumqayıt”a dönəcəyi gözlənilirdi. Hətta buna görə futbolçu avrokubok oyunlarında Gəncə təmsilçisinə kömək etmədi. Ancaq bu gün yeni müqaviləyə imza atan gənc futbolçu qarşıdakı 5 ili Portuqaliyanın tanınmış klubunda keçirəcək. Oğlu haqda geniş danışmaq istəməyən ata Nəsirov bunun təvazökarlıqdan uzaq olacağını deyib: “Budaq hər zaman legioner olmaq, ölkə xaricində çıxış etmək arzusu ilə yaşayırdı. Hətta bir dəfə belə bir imkan yarandı. Sonradan geri dönməli oldu. Amma bu dəfə işinin uğurlu alınacağına inanırıq. Ona inamımız var. Qabiliyyətini də hamımız görmüşük. Onu tərifləməyin düzgün olmaz. Təsadüfi deyil ki, oğlum U-17, U-19, U-21 yığmalara dəvət edilib. Hətta may ayında əsas millinin Avstriyadakı təlim-məşq toplanışında da iştirak edib. İstedadı olmasaydı, dəvət etməzdilər”.

 

Azərbaycan millisinin üzvü Elvin Məmmədovun ilk məşqçisi kimi tanınan mütəxəssis oğlunun Azərbaycanda iddialı klublarda oynamadan belə bir güclü kluba keçməsinə də aydınlıq gətirib: “Razıyam ki, burda ancaq ortabab klublarda çıxış edib. Çempionluq uğrunda mübarizə aparan klublardan heç birinin formasını geyinməyib. Amma bu, onun xaricə yollanmasına maneə ola bilməz. Hər bir futbolçunun xarakteri var. Əgər Budaq xarakterindən düzgün yararlansa, o, “Sportinq”də əsas heyətin üzvünə çevrilə biləcək”.

 

Sonda ata Nəsirov oğlunun adaptasiya olmağında heç bir problem yaşamayacağını da vurğulayıb: “O, ilk dəfə deyil ölkə xaricində, ailəsindən uzaqda yaşayacaq. Artıq bu təcrübəni yaşayıb. Əsas problemi ünsiyyətlə bağlı ola bilərdi, amma bir müddət əvvəl ingilis dili kurslarına gedirdi. Müəyyən qədər danışa bilir. Yəqin ki, orda da bir qədər inkişaf etdirəcək. Yeri gəlmişkən, bu işdə ona kömək edən meneceri Vaqif Heydərliyə təşəkkür edirəm”.

 

0