[b]Ulduzlar yetirən, Toşak və İzmaylova tanış klub - “Sportinq” [/b]
25.07.2016 - 18:28
[b]Ulduzlar yetirən, Toşak və İzmaylova tanış klub - “Sportinq” [/b]

Azərbaycanlı futbolçu Budaq Nəsirovun müqavilə imzaladığı “Sportinq” Portuqaliyanın ən adlı-sanlı 3 klubundan biridi. Apasport.az saytı saytının məlumatına görə, Lissabon təmsilçisi “Benfika” və “Porto”dan sonra ölkəsinin ən çox (18) çempionu olmağı bacarıb.

 

“Sportinq”in özəlliklərindən biri ulduz futbolçular yetişdirməsidi. Təsadüfi deyil ki, Luiş Fiqu, Simao Sabrosa, Rikardo Kuarejma, Luiş Nani və ən əsası, Kriştianu Ronaldo kimi superulduz bu klubun yetirməsidi. Fiqu, Simao və Kuarejmanı vaxtında duyuq düşən “Barselona” “oğurlayıbsa”, Ronaldo və Nanini gənc yaşlarında “Mançester Yunayted” heyətinə qatıb.

 

Bəzi ulduz futbolçular karyeraları ərzində yollarını “Sportinq”dən salıblar. Onların sırasında Peter Şmeyhel başda dayanır. “Mançester Yunayted” klubunun və Danimarka yığmasının qapıçısı 2 il lissabonlulara xidmət edib. “Qalatasaray”ın keçmiş hücumçusu Mario Jardel də vaxtilə “Sportinq”də oynayanların sırasındadı. Braziliyalı forvard 2002-ci ildə məhz bu klubun heyətində 42 qol vuraraq, “Qızıl buts” mükafatını qazanıb. Onunla yanaşı, hazırda “Mançester Yunayted” və Argentina yığmasının üzvü olan Markos Roxo, eləcə də Braziliya əsilli portuqaliyalı hücumçu Liedson da vaxtilə “Sportinq”in oyunçusu olub.

 

Hazırkı heyətdə ən məşhur futbolçular qismində isə Portuqaliya yığması ilə AÇ-2016-nın qalibi olmuş – Rui Patrisio, Vilyam Karvalyo və Joao Marionu göstərmək olar. Onların baş məşqçisi funksiyasını isə “Benfika”nın sabiq çalışdırıcısı Xorxe Xesus yerinə yetirir. Yeri gəlmişkən, bu yay məşqçi kimi Avropa çempionu adını qazanan Fernando Santuş da əvvəl, daha dəqiq desək, 2003/2004 mövsümündə “Sportinq”i çalışdırıb.

 

Yaxın keçmişdə Azərbaycan futbolunda çalışmış bəzi şəxslərin də karyerasında “Sportinq”ə yer olub. Belə ki, 2014-cü ildə icarə əsasında “Qəbələ”yə keçmiş Marat İzmaylov nə az, nə çox, düz 6 il Lissabon klubuna xidmət edib. O, 2007/2013-cü illər ərzində “Sportinq”də oynadıqdan sonra “Porto”ya keçsə də, yeni klubunda həmin effektə nail olmamışdı.

 

Bundan əlavə, “Xəzər Lənkəran” klubunun keçmiş baş məşqçisi Con Toşak da “Sportinq”ə tanış simadı. Uelsli çalışdırıcı 1984/1985 mövsümündə Portuqaliya təmsilçisinin “sükanı arxası”nda olub.

 

 

 

 

0