[b]Gecə reklamı və ya Nəsirovun transferindən “yarınan”lar[/b]
26.07.2016 - 10:09
[b]Gecə reklamı və ya Nəsirovun transferindən “yarınan”lar[/b]

Səhərə qədər yatmamışam. Telefonuma gələn zəng məni yaman narahat elədi. Yuxum Useyn Boltdan da bərk qaçdı. Digər tərəfdən də ağcaqanad. Zəng vuran Əlipaşa idi,  Tovuzdan.

 

“Alo, kimdi” sualını ünvanlamışdım ki, ağsaqqal salamsız, kəlamsız söhbətə başladı. Deyir, “Ayə bajıoğlu, məni niyə reklam eləmersən?”. Təəccüblənirəm ki, gecənin bu vaxtı nə reklam, a kişi? Yenə əsəbi-əsəbi söhbətə davam edir: “Nətər yanı nə reklam? O uşaq hər gün “obed” vaxtı məndən “peraşki” alardı. İndi “Sportinq”di nədi, ora keçib deyə, unudulmuşam?

 

Dialoqumuz gərginləşir:

 

- Ağsaqqal, siz “peraşki”ni niyə satırsız?

- O nə sualdı ə, maa verersən? “Peraşki”ni satmasam, arvadı kim saxlayar bəs, nətəri dolanaram?

 

- Bəs, o uşaq niyə “peraşki”ni alıb?

- Bilsəydim, sa zəng eləməzdim. Yaman axmaq-axmaq suallar verersən...

 

- A dayı, sualıma cavab ver e...

- Bajıoğlu, “peraşki”ni alıf yeyif ki, qarnı doysun, futbolunu oynasın. Oynayanda da bir qismət çörək pulu qazansın.

 

- Ay sağ ol! Deməli, hər kəs öz işini görüb, pulunu qazanıb. İndi mən sizi və “peraşki”lərinizi niyə reklam etməliyəm?

- Ə, yaxşı, yaxşı, yekə-yekə danışma. Amma and olsun yaradana, içindəki xalis Tovuz kartofu idi. Saatı 7 qəpik deyil e, konturum geder, sağ ol!

 

Ağsaqqal mən “sağ ol” deməmiş “no”nu basdı. Danışıq bitəndən sonra telefonu dərhal söndürdüm.

 

Bilirsən dostum, biz əslində, möcüzələr ölkəsində yaşadığımızın artıq fərqinə varmalıyıq. Qorxdum ki, Əlipaşa kişinin bəhs elədiyi Tovuz kartofu da yenidən canlana, mənə zəng edə ki, tərkibimdəki kraxmal Budaq Nəsirovun halalı olsun. Kartof da iddia edə ki, onu şux saxlayan məhz bunun kraxmalıdı və bu amilə görə “Sportinq”ə transfer olunub.

 

Əslində, məni yuxusuz qoyan Əlipaşa kişini qınamıram. Həqiqətən də Nəsirovun Portuqaliya nəhəngi "Sportinq"ə transferi gözlənilməz oldu. Azərbaycanlı ortabab futbolçunun belə bir komandaya keçidi idman ictimaiyyətinin müzakirə mövzusuna çevrildi. Saytlar üçün də "çörəkli" xəbər olduğu danılmaz faktı və transfer reallaşar-reallaşmaz türklər demiş, "bonservisi" 60 milyon avro olan 20 yaşlı futbolçu haqda hər kəs danışmağa başladı. Ötən mövsüm "Kəpəz"də baş məşqçisi olmuş Şahin Diniyev də, onu təzminatsız "Sportinq"ə keçməsinə icazə verən "Sumqayıt"ın prezidenti Kamran Quliyev də.

 

Düzü, bir müddət əvvəl futbolçunun "Araz Naxçıvan"da çıxış edərkən komandanı çalışdırmış Əsgər Abdullayevin fikirlərinə rast gəlməmişəm. Buna görə də imanımı yandıra bilmərəm. Ancaq reallıq budu ki, Budaq hər zaman məcburiyyətdən "Halal olsun mənim yetirməm" deyənlərin yanında olub. Misal üçün, "Araz Naxçıvan"a məcburiyyətdən üz tutmuşdu. Hansı ki, normal dolanışığı olan hansısa futbolçu o komandada oynamazdı.

 

"Kəpəz" də məcburiyyətdən Budağa qucaq açmışdı. Gəncə təmsilçisinin yaxşı maddi imkanı olsaydı, indi Budağın çoxdan qol-qanadı "sındırılmışdı". Elə "Sumqayıt" da Nəsirovda yüksək potensial görsəydi, onu Şahin Diniyevin yanına, "Kəpəz"ə icarəyə göndərməzdi. Çünki "Kəpəz"dən çox ötən mövsüm "kimyaçılar"ın futbolçuya ehtiyacı var idi. Ona görə də, heç kim özünü ucuz reklamla gündəmə gətirməsin. Biz onsuz da hansı məşqçinin, hansı prezidentin nələrə qadir olduğunu çox yaxşı bilirik.

 

Bilirik ki, transferdən sonra sinəsini önə verənlərin əksəriyyəti futbolçu yetişdirib, xarici klublara göndərməyib. Misal üçün, Kamran Quliyevin bir vaxtlar Orxan Əliyev adlı sevimli futbolçusu var idi. Bir vaxtlar sorağını "Portu"nun, "Trabzonspor"un düşərgəsindən eşidərdik. Bəs, sonra nə oldu? İndi haradadı, Orxan? Yaxşı, Orxan keçmişdə qaldı, unudaq getsin. Ötən mövsüm "Sumqayıt"ın bombardiri olmuş, Prosineçkinin milli səviyyəsində olmadığını düşündüyü Amil Yunanov haradadı, Kamran bəy? Bəlkə, onu da "Mançester Yunayted"də göndərmisiz, xəbərimiz yoxdu?

 

Bir də Budağın transferində Şahin Diniyevin misilsiz rolu olduğunu düşünənlər var. O Diniyev ki, oğlu Coşqunun tərbiyəsizliyinə, lovğalığına görə mətbuat vasitəsilə üzr istəmişdi. Deyirlər ki, Diniyev ona şans verdi və Budaq böyüdü, "ağac" oldu. Qardaş, futbolçuya ehtiyac olub, icarəyə götürülüb, o da aldığı məvacibin qarşılığını ödəyib. Şahin bəy 1 mövsümə Budağa futbolun sirlərini öyrətməyib ki. Güclü “müəllim”disə, digər oğlu Kərim niyə "Kəpəz"də qaldı? Az qala bütün oyunlarda meydana çıxan Bəxtiyar Soltanov niyə "Qaradağ Lökbatan"a üz tutdu?

 

Azərbaycanlı futbolçunu xarici kluba satmaq yalan satmağa bənzəməz. Xarici klub deyərkən Türkiyənin PTT, "3 tuz" Liqasını nəzərdə tutmuram. Bizim beynəlxalq sərgidə vitrinimiz bom-boşdu, qardaş. Ona görə də ürəklə "Ey Con, alırsan al, almırsansa vitrinin önündən çəkil!" deyə dişimizi qıcaya bilmirik. Budaq "Sportinq"ə gedibsə, bu, nə Kamran Quliyevin, nə Şahin Diniyevin, nə də başqa bir klub rəsmisi və çalışdırıcının əməyidi. Bu, onun və meneceri Vaqif Heydərlinin çəkdiyi zəhmətin nəticəsidi.

 

Hərdən bəzi futbolçularımızı Yaponiyada suya düşmüş maşınlara bənzədirəm. Belə məqamda suya düşən maşın həm də sahibinin gözündən düşür. Sonra da gözləri qıyıq olanlar avtomobillərini dəyər-dəyməzə əcnəbi alverçilərə satırlar. Başqa ölkədən olanlar da onu alır, istifadə edir, sonra da suya düşdüyü üçün çürüdüyünü görür. O da bezir. Axırda maşını atırlar “metallom”a, qalır sahibsiz. Siz mənim nə dediyimi yaxşı anladınız.

 

İnanmaq istərdim ki, Nəsirovla bağlı xəyallarımız suya düşməyəcək. Ona da inanmaq istəyirəm ki, o, futbolçu karyerasının sonuna kimi Azərbaycana yalnız doğmalarını görməyə gələcək. Ona da inanmaq istəyirəm ki, Nəsirov özünü "Sportinq"də yaxşı tərəfdən göstərə biləcək və onu bir daha Azərbaycan klubunda görməyəcəyik. Ona da inanmaq istəyirəm ki, Nəsirov "Vətən üçün darıxdım" bəhanəsini dilinə gətirməyəcək.

 

P.S. "Sportinq"in B komandasında oynayacaq Budağın hansı tarixdə debüt edəcəyini dəqiq bilmirəm. Amma Şahin Diniyevə xatırlatmaq istəyirəm ki, vaxtilə millidən didərgin saldığı Rəşad Sadıqov bu gün “Qarabağ”ın heyətində 51-ci avrokubok matçına çıxacaq.


Bilirdinizmi? Saat 22:15-də...

0