[b]"Aldığı pullardan başqa məqsədlər üçün istifadə edirlər" - Ramin Musayev [/b]
26.07.2016 - 12:55
[b]"Aldığı pullardan başqa məqsədlər üçün istifadə edirlər" - Ramin Musayev [/b]

“Bizim əsas məqsədimiz milli komandaya futbolçu yetişdirməkdi. Vaxtilə legionerlərin 1 mövsümlük oynamaq hüququnu qazanmaq üçün 20 min manat rüsum tətbiq etmişdik. Bunu ona görə etmişdik ki, Azərbaycana səviyyəli legionerlər gəlsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

 

Bu gün Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün püşkatması keçirilib. AFFA-nın inzibati binasında baş tutan mərasimdən sonra ilk turda hansı komandaların bir-birləri ilə üz-üzə gələcəyi məlum olub.

 

Püşklə bağlı mətbuat konfransı keçirən Ramin Musayev gələn ay start götürəcək yeni mövsümlə bağlı fikirlərini bölüşüb: “Vaxtilə 5 minə bir avtobus legioner gətirirdilər. Ancaq hər şeyi nəzərə alında, getdikcə görürük ki, klublarla fikirlərimiz üst-üstə düşür. Əvvəl də deyirdik ki, futbolçulara artıq pul verməyin. Bu, futbolçuların hamısına aid deyil. Amma çoxu gənc yaşlarında bizim ömrümüzdə qazana bilmədiyimiz pulu qazanır və düşünür ki, artıq onun üçün həyat bitdi, hər şeyə nail olub. Amma düşünmür ki, futbolçu karyerasını bitirəcək. Sonra gəlirlər AFFA-nın qapısına ki, kömək edin. Əfsuslar olsun ki, aldığı pullardan başqa məqsədlər üçün istifadə edirlər və sonda oyunlarını itirirlər. Bu il daha çox yerli oyunçu qazanacağıq. Görəcəyik ki, doğrudan da, yerli futbolçuların sayı yetərincə var. Milli komandamızın baş məşqçisi futbolçu seçəndə əziyyət çəkir”.

 

- İlk çempionatda 26 komanda iştirak edirdi. İndi isə say 8-ə enib...

- Özünüz gördünüz ki, bu il komandalarımızın hamısı avrokubokda I mərhələni keçdilər. 10 komanda olanda çempionatda 2 komandamız Avroliqada qrupa düşdü. Bu mövsümün sonunda da səviyyənin artdığını görəcəksiniz.

 

- “Topaz”la əməkdaşlığı davam etdirmək barədə nə deyə bilərsiz? Kommersiya sirrini açıqlamaq mümkündümü?

- “Topaz” rəhbərliyi bizim keçənilki müqaviləmizdən əlavə, gördüyümüz işi nəzərə aldılar. Dedilər ki, sizin qurumun bizim quruma etdiyi jestlərdən sonra bu il də çempionata sponsorluq etməyi özümüzə borc bildik. Dedilər ki, yeni layihələr keçirmək lazımdı. Keçən il bəziləri dedilər ki, PFL-in pulu yox idi, ona görə Antalyaya getmədi. Amma biz bildik ki, komandalar gəlməyəcəkdilər. Belə olan halda, hakimlərimizin ora getməsinin mənası yox idi. İndi isə hakimlərimiz Bolqarıstandadırlar, oyunlar idarə edirlər. Əgər qışda Antalyaya komandalar getsə, yenə hakimləri aparacağıq.

 

- Əliyar Ağayev çempionat oyunlarında səhvə yol verdiyi halda, 19 yaşadək yığmaların Avropa çempionatının finalını idarə etdi. Ola bilər ki, o, çempionatda çox yüklənirdi?

- Mənim əmim oğlu var, yanımda maşını idarə edə bilmir. Deyirəm, sür. Amma deyir ki, yox, sənin yanında maşın idarə edə bilmirəm. Bu gün heç bir klub deyə bilməz ki, hansısa hakim kimdənsə nəsə istəyib. Vacib məsələ odu ki, xaricdə hakimlərimizin hər biri oyunları çox gözəl idarə edirlər. Çünki orda sərbəstlikdi. Amma çempionat oyunlarında jurnalistlərin yazıları, kənardan səsləndirilən söyüşlər onlara mane olur.  

 

- Stadionlarda internetin olmamağı və digər problemlərin aradan qaldırılması ilə bağlı PFL hansısa işləri görəcəkmi? Çempionatda istifadə olunan topların qiyməti neçəyədi?

- Bizi bu il narahat edən “Kəpəz” stadionudu. Klubun rəhbərliyi ilə söhbətimiz olub. Sabah nümayəndələrimiz Gəncəyə ezam olunacaqlar, yerində baxacaqlar. Stadionlarda texniki imkanlara baxılacaq. Hansı stadiona internet olmasa, cərimələnəcək. Çempionatda oynanılacaq topla bağlı isə onu deyim ki, 1000 ədəd top sifariş vermişəm, 200-ü gəlib. Yol xərci ilə birlikdə 1 top üstümüzə 70 avroya düşür. Xaricdə satışda qiyməti 160 dollar və ya 140 avrodu.

 

- Çempionata əlavə sponsor axtarışına cəhd göstərmisizmi?

- Xeyr, amma kubok üçün axtarışımız davam edir. Hələ bir şey yoxdu.

 

- Çempionat oyunlarının vaxtında dəyişiklik ediləcəkmi?

- Elə insanlar var ki, deyirlər saat 6-da oyun olarmı? Matçlar şənbə və bazar günlərinə salınacaq.

 

- I divizionun startı nə vaxta nəzərdə tutulub?

- Sentyabrın 15-nə. Hazırda 12 komanda var. Çempionata o komandalar buraxılacaq ki, 200-250 min manat bank təminatı olsun. Bura gəlməmişdən qabaq mənə “Şəmkir” klubundan zəng olundu. Bildirdilər ki, I divizionda iştirak edəcəklər. Dəfələrlə “Neftçala” rəhbərliyi ilə söhbət etdim, amma lisenziya ala bilmədilər. Özləri almadı. Ona mən nə edim? Vallah, mənə də xoş deyil ki, çempionatda 8 komanda olsun. Komandaların sayının azalması işimizi yüngülləşdirməyəcək, ağırlaşdıracaq. Dediyim kimi, ağır və maraqlı çempionat olacaq. “Qızıl oyun”umuz keçirilməyəcək. Çünki dünyanın heç yerində yoxdu.  

0