[b]Tərlan Əhmədov zühur edib, MOİK-ə yeni ad qoydu - MÜSAHİBƏ[/b]
26.07.2016 - 13:25
[b]Tərlan Əhmədov zühur edib,  MOİK-ə yeni ad qoydu - MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının 2016/17 mövsümünün bu gün keçirilən püşkatması gözlənilməz qonaqla diqqət çəkdi. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan tədbirdə AZAL-ın baş məşqçisi Tərlan Əhmədov da iştirak etdi.

 

Onun püşkatmaya təşrif buyurması adi hal olsa da, Əhmədovun addımı təəccüblü göründü. 2015/16 mövsümü başa çatandan sonra mətbuatdan qeyb olan, jurnalistlərdən qaçan mütəxəssis bu dəfə öz ayağı ilə media nümayəndələrinin qatıldığı yığıncağa gəlmişdi. Hərçənd, bir neçə həftədi yolunu gözlədiyimiz Əhmədov müxtəlif bəhanələr əsas gətirərək heç cür redaksiyamıza "gələ" bilmirdi.

 

Lakin AFFA-nın inzibati binasında keçirilən tədbirdəki həmkarlarımız kimi biz də Əhmədovu görüb, onun püşk və yeni mövsümə hazırlıq barədə fikirlərini öyrəndik.

 

- Komandanız çempionata hazırdırmı?

- İyunun 21-dən hazırlığa başlamışıq. 4 yoldaşlıq oyunu keçirmişik. “Qarabalalar”ı yendik. İyulun 30-da sonuncu görüşümüzü keçirəcəyik. “Qaradağ Lökbatan”la qarşılaşacağıq. Heyətə yeni futbolçular cəlb edilib. Heyətimiz komplektləşdirilib. Amma bir mövqeyə axtarışımız davam edir. Rail Məlikovun gedişindən sonra mərkəz müdafiəçisinə ehtiyacımız var. Həmin mövqeyə təcrübəli futbolçu istəyirik. Yerli bazarda belə futbolçu yoxdu. Yəqin ki, əcnəbi olacaq. Bu transferdən sonra çempionata tam hazır olacağıq.  

 

- Büdcə necə, artırılıb, yoxsa yenə azaldılıb?

- Ötənilki büdcə saxlanıldı. Çempionatda iştirak ediriksə, büdcə bizim üçün maraqlı deyil. Diqqətimizi oyunlara yönəltməliyik.

 

- Ötən mövsüm “Rəvan”, “Xəzər Lənkəran” kimi xal qazana biləcəyiniz komandalar vardı. Amma indi belə rəqibləriniz olmayacaq.

- “Rəvan”a keçən mövsüm uduzmuşam da, onları yenib, heç-heçə də etmişəm. Amma ilk “beşlik”dəki komandaları öz meydanımızda yenmişik. Yenə eyni tempdə davam edəcəyik. Ötən ilki nəticəmizi yaxşılaşdırmağa çalışacağıq. “Rəvan”ı nəzərdə tutmuruq.

 

- AZAL möcüzəsi davam edəcək?

- Möcüzə deməzdim. Futbolda möcüzə bir oyunda baş verir. Mövsümü möcüzəyə bağlamaq olmaz. Belə çıxır ki, “Lester” də möcüzə yaradıb? Hər kəs öz işinə vicdanla yanaşmalı, düzgün işləməlidi. Ötən il avrokubok şansını dəyərləndirə bilmədiksə, bu dəfə bunu qaçırmayacağıq.

 

- Yeni mövsümə “Neftçi ” ilə oyunla start verəcəksiniz. Etiraf etməsəniz də, bu komanda sizin yaralı yerinizdi.

- Bu söz-söhbətə son qoymuşam. Kimin üzündən baş verib, demişəm, artıq geridə qalıb. Şanlar 50-nin 50-yədi. İlk oyunda hər kəs ehtiyatlanır. Biz ilk turdan işimizə ciddi yanaşacağıq.

 

- Rail Məlikovun məsələsi nə yerdə qaldı?

- Rail artıq bizim oyunçu deyil. O, məşqlərdə iştirak etməyib. May ayında onun komandadan gedəcəyini bilirdim. Hərdən gəlib, futbolçularla görüşür, söhbətləşirdi. Bizim büdcədə artım olmadığından, “Sumqayıt”a üz tutdu. Komandanın lideri idi. Karyerasının bir ilini komandamıza sərf etdi. Uğurlar arzulayıram.

 

- Bayaq “qarabalalar”ı yendik dediniz. MOİK-lə oyunda rəqibin heyətində əcnəbi çox idi?

- Onların meydanda olması oyuna marağı artırmışdı. Demək olar, rəqabət yaranmışdı. Yəni, rəqiblərimiz zəif deyildi. Buna görə də “qarabalalar”ı məğlub etdik dedim.

 

- Yeni transferiniz Aqil Məmmədov moldovalı qapıçı Stanislav Namaşonu layiqincə əvəz edə biləcəkmi?

- Əvəzedilməz insan yoxdu. Nə də kimsə kimisə təkrarlamır. Namaşkonun zəhmətini unutmuruq. Aqilin karyerası da ortadadı. Yığmada, digər klublardakı oyunları komandanı arxasınca apara biləcəyinə inam yaradır.

 

0