[b]Vəli Qasımov AZAL-ı rəqib saymır: Bəxtimiz gətirdi[/b]
26.07.2016 - 14:36
[b]Vəli Qasımov AZAL-ı rəqib saymır: Bəxtimiz gətirdi[/b]

“Bəxtimiz gətirdi. İlk turda AZAL-la qarşılaşmaq işimizə yarıya bilər”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun baş məşqçisi Vəli Qasımov deyib.


Bu gün AFFA-nın inzibati binasında Topaz Premyer Liqasının 2016/2017 mövsümünün püşkü atılıb. Avrokuboklarda uğursuz çıxış edən “Neftçi” yeni mövsümə AZAL-la oyunla start verəcək.


Son illərdə “ağ-qaralar” üçün uğursuz rəqibə çevrilən “təyyarəçilər” Şüvəlanda çempionata qələbə ilə başlamaq istəyir. Amma “Neftçi”nin çalışdırıcısı AZAL-la startın özləri üçün müsbət məqamlarından danışıb: “Hazırda komanda tam hazır deyil. Belə məqamda güclü rəqiblə qarşılaşmaq komandaya mənfi təsir edə bilər. Bilirik ki, AZAL-da da problemlər var”.


Ötən mövsümün əvvəlində də əksəriyyət “təyyarəçilər”i “xal paylayan” gözündə görürdü. Ancaq ardıcıl qələbələr sayəsində hətta avrokuboklara vəsiqə qazanmağa yaxın olan AZAL bununla çoxlarını təəccübləndirdi. Bu baxımdan, “Tərlan Əhmədovun yetirmələrinin sürpriz startından çəkinmirsinizmi” sualına Qasımov belə cavab verib: “Tərlan Əhmədovun işi göz qabağındadı. Əlində olan “material”la artığını etməyə çalışır. Ötən mövsüm heyətlərində məşhur futbolçular olmasa da, nəticələri hamını təəccübləndirdi. Ötən il onlara qarşı oyunlarda çox əziyyət çəkdik. Ancaq biz startda buna imkan verməməyə çalışacağıq”.

 

Mütəxəssis komandanın üzvü Cavid İmamverdiyevin əsas heyətdə oynamayacağı təqdirdə komandanı tərk edə biləcəyi ilə bağlı açıqlamasına da aydınlıq gətirib: “Bir tərəfdən Cavid bu açıqlamasında haqlıdı. Ancaq nəyə görə oynamadığını özü yaxşı bilir. İmamverdiyev yaxşı futbolçudu, lakin məni qane etməyən məqamlar var. Özü ilə söhbətimiz olub. Yəqin ki, həmin çatışmazlıqları düzəldər, biz də onu yada salarıq”.

 

0