[b]Yad bayrağı altında - LAYİHƏ[/b]
02.08.2016 - 13:21
[b]Yad bayrağı altında - LAYİHƏ[/b]

Apasport.az saytı bu gündən etibarən AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı” istiqaməti üzrə silsilə yazılara start verir. Daim ölkə idmanına geniş yer verən “apasport” atletlərimizin 4 illiyin ən möhtəşəm yarışlarında keçdiyi yola nəzər salıb, onların beynəlxalq arenalarda qazandıqları qələbələri təhlil  edəcək. “Yad bayrağı altında” başlıqlı ilk yazıda Azərbaycan idmançılarının keçmiş SSRİ yığmasının heyətinə düşməsinə yaradılan maneələr, bu çətinliklərin öhdəsindən gəlib Olimpiya Oyunlarına yollanmağı bacaranlar və azsaylı təmsilçilərimizin 4 illiyin ən mötəbər yarışındakı tarixi uğurlarından söhbət açılacaq.

 

Olimpiya Oyunlarının beşiyi - Afina

 

Azərbaycan idmançılarının uğurları Yay Olimpiya Oyunları ilə bağlıdı. Təmsilçilərimizin bu yarışlarda iştirakından öncə qısaca Olimpiadanın yaranma tarixinə nəzər yetirək.

 

Olimpiya Oyunları hər 4 ildən bir keçirilən və bütün dünyanı əhatə edən möhtəşəm idman tədbiridi. Müasir Olimpiya Oyunlarının beşiyi Afina sayılır. Yunanıstanda yaradılan yarış ilk dəfə 1896-cı ildə keçirilib. Lakin qədim Ellada diyarında bunadək də Olimpiadalar təşkil olunub. Antik Oyunların tarixi b. e. ə. 776-cı ildə başlayıb. Eramızın 393-cü ilində (1170 il) keçirilən 293-cü yarış sonuncu olub. Roma imperatoru I Feodosinin əmri ilə Olimpiadalar ləğv olunub, bu idman şənliklərini insanların yaddaşından silmək üçün Olimpiya şəhəri yandırılıb. 511-ci və 522-ci illərdə Yunanıstanda baş verən zəlzələdən sonra isə salamat qalan Olimpiya məbədləri də torpağın altında qalıb.

 

15 əsr keçdikdən sonra, daha dəqiqi, 1829-cu ildə Yunanıstan müstəqillik qazandıqdan sonra Olimpiya Oyunlarının bərpası ideyası tez-tez ortaya atılmış, dünyanın müxtəlif ölkələrində yarışın təşkilinə cəhd edilmişdi. Bir neçə tanınmış insanın istəyi həyata keçməsə də, XIX əsrin sonlarında fransalı baron Pyer de Kubertin Oyunları həyata qaytarmağı bacarıb. Belə ki, 1894-cü ildə onun təşəbbüsü ilə bu məsələ beynəlxalq müzakirəyə çıxarılıb və Parisdə Sorbonna Universitetində keçirilən konqresdə Olimpiadanın bərpasının lehinə səs verilib. Həmçinin qərara alınıb ki, ilk müasir Olimpiya Oyunları 1896-cı ildə Afinada təşkil olunsun. Kubertinin layihəsinə əsasən konqresdə Beynəlxalq Olimpiya Komitəsi də yaradılıb.

 

İlk müasir Olimpiada aprelin 6-dan 15-dək davam edib. Açılış mərasimi Panafina stadionunda keçirilən yarışda 9 idman növü üzrə 43 dəst medal öz sahibini tapıb. 14 ölkənin qatıldığı Oyunlarda cəmi 241 kişi idmançı mübarizə aparıb.

 

İlk Olimpiya medalı amerikalı atlet Ceyms Brendon Kanolliyə qismət olub. O, 3 təkanla tullanmada 13,71 m nəticə ilə tarixə düşüb. Qadınlar isə 4 il sonra Kubertinin vətəni – Parisdə keçirilən Oyunlarda qüvvələrini sınayıblar və burada da ilk amerikalının adına yazılıb. Tennisçi Şeyla Kuper bütün rəqiblərinə qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxan birinci xanım olub.

 

Olimpiadada debütümüz: 2 medal, 2 zədəli və 2 erməni

 

İndiyədək 30 Yay Olimpiya Oyunları keçirilib və 31-ci Olimpiada avqustun 5-də Rio-de-Janeyroda start götürəcək. Düzdü, I və II dünya müharibələri dövrünə düşmüş 3 yarış baş tutmayıb. Lakin Olimpiya Xartiyasına əsasən Oyunlar keçirilmədiyi halda da onlara nömrə verilib.

 

Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında debütü 1952-ci ildə baş verib. Ölkəmizin Olimpiadaya gec qatılmasında SSRİ-nin tərkibində olmağımız rol oynayıb desək, yanılmarıq. Belə ki, Rusiya Paris-1900-da “siftə” edib, London-1908 və Stokholm-1912-də iştirak etdikdən sonra “kölgəyə çəkilib”. 1917-ci il inqilabından və 1922-ci ildə SSRİ-nin yaradılmasından sonra Sovet İttifaqının komandası 1952-ci ildə yarışda iştirakını bərpa edib. Azərbaycan təmsilçilərinin debütü də məhz həmin il Helsinkidə keçirilən Olimpiadada reallaşıb. Yarışa 295 idmançı ilə qatılan SSRİ yığmasının heyətinə 5 təmsilçimiz daxil edilib. Bunlardan 4-ü güləşçi, 1-i atlet olub.

 

İdmançılarımız Finlandiyada baş tutan Oyunlarda aktivinə bir gümüş və bir bürünc medal yazdırıb. Həmyerlimiz Rəşid Məmmədbəyov Azərbaycan Olimpiya tarixinə ilk mükafatçı kimi düşüb. Sərbəst güləşçilər arasında 57 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan yalnız finalda uduzub. Onun həlledici döyüşdə yaponiyalı İşii Şahoçiyə xalla məğlub olmasına səbəb xalçaya zədəli çıxması olub.

 

Ölkəmizin adına digər medalı Artyom Teryan (57 kq) yazdırıb. Erməni əsilli güləşçi bürünc medalla kifayətlənib.

 

Finlandiyada onlar kimi İbrahimpaşa Dadaşovdan (sərbəst güləş, 62 kq) da uğur gözlənilib. Lakin həmyerlimiz səviyyəsindən aşağı çıxış edərək, yarışla erkən vidalaşıb. Digər güləşçimiz – Georgi Sayadov (sərbəst güləş, 52) isə mükafatın bir addımlığında dayanıb. Olimpiadaya hazırlıq dövründə zədələnən 4 qat SSRİ çempionu, məşhur idmançımız Musa Babayevi əvəzləyən erməni əsilli güləşçi 4-cü yeri tutub.

 

Yarışa böyük ümidlərlə yollanan atlet Xandadaş Mədətovun isə arzuları reallaşmayıb. Helsinkidə zədələnən idmançımız start xəttinə çıxmayıb.

 

Beləliklə, SSRİ millisinin heyətində debüt edən Azərbaycan idmançıları startdaca vətənə 2 medalla qayıdıblar. Hazırda mövcud olmayan İttifaq isə 71 medalla (22-30-19) ABŞ-dan sonra ikinci olub.

 

 

SSRİ bayrağı altında 41 idmançı və ya İnna Rıskaldan “poker”

 

Helsinki-1952 ilə başlanılan yol uğurla davam etdirilib. SSRİ-nin qatıldığı 9 Olimpiadanın hamısında Azərbaycan idmançıları təmsil olunub. Yalnız Los Anceles-1984 istisnadı. Çünki Sovet İttifaqı Moskva-1980-ə cavab olaraq, ABŞ-da baş tutan Oyunları boykot etmişdi.

 

SSRİ-nin tərkibində Olimpiadalara ümumilikdə 41 idmançımız qatılıb. Bu atletlərin bəzilərinin 2 və daha çox yarışa yollandığını nəzərə alsaq, iştirak sayımız 46-dı. Onlar arasında rekordçu İnna Rıskaldı. Voleybolçumuz ardıcıl 4 Oyunlarda adından söz etdirməyi bacarıb. Rıskal ilk 2 yarışdan fərqli, Münhen-1972-də və Monreal-1976-da SSRİ yığmasının kapitanı sarğısını daşıyıb. O, iştirak etdiyi 4 Olimpiadanın hamısında finalda oynayıb və 2 dəfə çempion tituluna yiyələnib. Maraqlıdı ki, 16 yaşından SSRİ millisinə cəlb olunan təmsilçimizin komandası bütün həlledici oyunları Yaponiya millisinə qarşı keçirib. Asiyalıların ən çəkindiyi voleybolçu da məhz İnna olub. Hətta inamlı çıxışı ilə fərqlənən 172 sm boya malik hücumçumuza yapon jurnalistlər “Xəzər şimşəyi” ləqəbini də vermişdilər.

 

Rıskaldan başqa, Yuri Konovalov da 1-dən çox Olimpiadanın iştirakçısı olub. Atletimiz Melburn-1956 və Roma-1960-da SSRİ yığmasının heyətində yer alıb. O, Avstraliyada 200 m məsafəyə qaçışda zəif nəticə göstərsə də, 4X100 m məsafəyə estafet qaçışında gümüş medala layiq görülüb. Konovalov 4 il sonra eyni yarışda İtaliyada da ikinci yerlə kifayətlənib.

 

Akademik avarçəkənimiz Vasili Yakuşa da 2 Oyunlara qatılıb və hər ikisində medal qazanıb. Moskva-1980-da təkadamlıq qayıqda finiş xəttinə ikinci çatan Ukrayna əsilli idmançı 8 il sonra Seulda ikinəfərlik qayıqda üçüncü yeri tutub.

 

Helsinki-1952-də bütün idmançılarınızın çıxışını qeyd etdiyimizdən, iştirak etdiyimiz növbəti 7 Olimpiadaya nəzərə yetirsək, cəmi 3 (!) təmsilçimiz mükafatçılar sırasında düşə bilməyib. Tokio-1964-də erməni əsilli güləşçi Armais Sayadovun (52 kq, yunan-Roma güləşi) qardaşı Georgi kimi Azərbaycana uğur qazandırmadığı halda, Nadejda Karpuxina (suyatullanma) Mexiko-1968-i 22-ci, Vladimir Krivtsov (üzgüçülük, 100 m batterflay) Münhen-1972-ni 6-cı yerdə (I mərhələ) bitirib. Əvəzində, idmançılarımız Sovet İttifaqı yığmasının heyətində 20 medal qazanıblar.

 

Seul-1988 Azərbaycan təmsilçiləri üçün rekordlarla əlamətdar olub. Buna kimi ən yaxşı göstəricimiz 6 iştirakçı idisə, Cənubi Koreyaya yollanan komandaya ölkəmizdən birdən-birə 18 idmançı cəlb edilib.

 

Düzdü, onlardan 11-i akademik avarçəkən olub ki, bu da səbəbsiz deyil. Çünki 1980-cı ildə Mingəçevirdə “Kür” Olimpiya Avarçəkmə Bazası istifadəyə verildikdən sonra bu növ üzrə SSRİ yığması ölkəmizdə hazırlıq keçməyə başlayıb. Nəticədə burada məşq edən, hərbi xidmət keçən və oxuyan idmançıların əksəriyyəti Moskva-1980 da daxil olmaqla, Cənubi Koreyada keçirilən Olimpiadaya Azərbaycan təmsilçisi kimi yollanıb. Moskvada 3 medala yiyələnən avarçəkənlər Seulda da ölkəmiz adına 2 mükafat qazanıblar. Son cəhddə onlardan digər 9-u zəif çıxışla yadda qalıb, hətta finiş xəttinə belə çata bilməyiblər.

 

1988-ci ildə qılıncoynadanlar İlqar Məmmədovla Boris Koretski, futbolçu İqor Ponomaryov və həndbolçu Yelena Quseva da fəxri kürsüyə qalxmağı bacarıb. İlk 3 idmançımız çempion tituluna yiyələnib, sonuncusu 3-cü yerlə kifayətlənib. Bununla da Seulda mükafatlarımızın sayı 6-ya çatıb ki, bu da Azərbaycan üçün növbəti rekord kimi tarixə düşüb.

 

“Qıyıqgözlər”in vətənində Məhəddin Allahverdiyev (yunan-Roma güləşi, 48 kq), Valeri Timoxin (stend atıcılığı) və Valentina Popovaya (stolüstü tennis) böyük ümidlər bəslənilsə də, onlar fərqlənə bilməyiblər. 1985-1987-ci illərdə ardıcıl 3 dəfə dünya çempionu olan pəhləvanımız 4-cü yerlə kifayətlənib. Popova 6-cı, Timoxin isə 11-ci yerdə qərarlaşıb.

 

SSRİ bayrağı altında medal qazanan idmançılarımızın tam siyahısı

 

İl

Şəhər

İdmançı sayı

İdmançı

Növ

Yer

 

1952

 

Helsinki

 

5

Rəşid Məmmədbəyov

Sərbəst güləş, 57 kq

2

Artyom Teryan

Yunan-Roma güləşi, 57 kq

3

1956

Melburn

1

Yuri Konovalov

Atletika, 4X100

 

2

1960

Roma

2

Yuri Konovalov

Atletika, 4X100

2

Yevgeni Saltsin

Su polosu

2

 

 

 

1964

 

 

 

Tokio

 

 

 

6

Viktor Mineyev

Müasir beşnövçülük

1

İnna Rıskal

Voleybol

2

Nikolay Kuznetsov

Su polosu

3

Zenon Bortkeviç

Su polosu

3

Aydın İbrahimov

Sərbəst güləş, 57 kq

3

1968

Mexiko

3

İnna Rıskal

Voleybol

1

Vera Lantratova

Voleybol

1

 

1972

 

Münhen

 

3

İnna Rıskal

Voleybol

1

Aleksandr Kornelyuk

Atletika, 4X100 m

 

2

1976

Monreal

3

Rəfiqə Şabanova

Həndbol

1

Lüdmila Şubina

Həndbol

1

İnna Rıskal

Voleybol

2

 

 

 

 

 

 

 

1980

 

 

 

 

 

 

 

Moskva

 

 

 

 

 

 

 

5

Larisa Savkina

Həndbol

1

Vasili Yakuşa

Akademik avarçəkmə, təkadamlıq qayıq

2

Viktor Pereverzev

Akademik avarçəkmə, sükançısı olan 2 nəfərlik qayıq

2

Gennadi Kryuçkin

Akademik avarçəkmə, sükançısı olan 2 nəfərlik qayıq

2

Tatyana Şvıqanova

Otüstü hokkey

3

1984

Los Anceles

        

                  SSRİ yığması boykot edib

 

 

 

 

 

 

1988

 

 

 

 

 

 

Seul

 

 

 

 

 

 

18

İlqar Məmmədov

Qılıncoynatma, rapira (komanda)

1

Boris Koretski

Qılıncoynatma, rapira (komanda)

1

İqor Ponomaryov

Futbol

1

Aleksandr Lukyanov

Akademik avarçəkmə, 8 nəfərlik qayıq

2

Yelena Quseva

Həndbol

3

Vasili Yakuşa

Akademik avarçəkmə, 2 nəfərlik qayıq

3

Cəmi

 

46

 

 

28

 

 

SSRİ millisində Azərbaycan idmançılarının “kölgədə” qalmasının səbəbləri

Azərbaycan idmançılarının SSRİ yığmasının heyətinə düşməsi isə çox çətin bir proses idi. Birincisi, 15 respublikanın ən güclüsü olmalıydın, ardınca beynəlxalq arenada da özünü göstərməliydin. Əgər bunların birində “axsasaydın”, hansısa yarışa yollanmaq şansın sıfıra enəcəkdi.

 

Bu azmış kimi, Sovet İttifaqının tərkibində əhalisi və ərazisi ölkəmizdən böyük, o cümlədən, idmanına daha çox diqqət göstərilən respublikalar vardı. Onlarla mübarizə aparmaq, birinciliyi təmin etmək heç də asan olmurdu. İttifaqın yığmasına adətən ümumittifaq yarışlarında birinci olanlar dəvət edilirdi. Məhz bu səbəbdən də perspektivli idmançılarımız bəzən ruhdan düşür, karyeralarını erkən bitirirdilər. Əvəzində başqa millətin nümayəndələri Azərbaycan adından Oyunlara qatılırdılar. Bunu SSRİ ideologiyası, həmçinin milli mənsubiyyətə görə təmsilçilərimizə ögey münasibətlə də bağlamaq olar.

 

Monreal-1976-nın qalibi Rəfiqə Şabanova SSRİ yığmasındakı çətinlikləri hələ də dilə gətirir. Sabiq həndbolçu bildirib ki, millidə sözünü dediyi vaxtlarda dəfələrlə başqa millətlərin nümayəndələrindən paxıllıq hissi görüb və hətta bunlara görə SSRİ yığmasında oynamaqdan imtina etdiyi vaxtlar da olub: “Çox çətin yollar keçmişik, maneələr görmüşük... Artıq bu çətinliklər, problemlər hamısı xatirəyə çevrilərək, keçmişdə qaldı. Bu gün müstəqil Azərbaycan kimi, müstəqil idmanımız da var. Öz komandası ilə doğma bayraq və səni sevən insanların alqış sədaları altında yarışmaqdan gözəl nə ola bilər!?”.

 

Rəqəmlərə diqqət yetirsək, Azərbaycan təmsilçiləri 9 yarışda Sovet İttifaqının Olimpiya yığmasının 1,5 faizini belə təşkil etməyib. Yalnız rekord sayda təmsil olunduğumuz Seul-1988-də üstünlük əldə etmişik ki, burada da komandamızın əsasını ölkəmizdə hazırlıq keçən avarçəkənlər təşkil edib. Bir sözlə, 9 Olimpiadada SSRİ 3293 idmançı ilə təmsil olunub və bunlardan cəmi 46-sı, yaxud 1,4 faizi həmyerlilərimizin payına düşüb.

 

Amma bəzən bəxtsizlik də idmançılarımızın Olimpiadalara yollanması yolunda “qırmızı işıq” yandırıb. Dünya və Avropa çempionumuz Xəzər İsayevi bu siyahıya əlavə etmək olar. SSRİ yığmasına düşməyin çətinliyindən danışan pəhləvanın sözlərinə görə, çətin rəqabətdən qalib ayrılsa da, Olimpiadaya yollanmaq üçün idman xoşbəxtliyi tərəfində olmayıb: “Həmin dövrdə milliyə düşmək heç də asan başa gəlmirdi. Bunun üçün bir neçə mərhələdən keçməli idin və daima yüksək formada olmalıydın. SSRİ-də 62 kq çəki dərəcəsində yığmanın 1 nömrəsi idimsə, arxamda mənimlə eyni səviyyədə 10 idmançı vardı. Onlar mənim hansısa yarışda büdrəməyimi gözləyirdilər və elə də oldu. Fransada dünya çempionatında (1987 – T.H.) ikinci olduğumdan Seul Olimpiadasına əvəzimə 10 dəfə məğlub etdiyim erməni Stefan Sarkisyanı göndərdilər. Halbuki Oyunlaradək mən real namizəd idim”.

 

 

Olimpiada

SSRİ yığmasında idmançıların sayı

Azərbaycan idmançılarının faizlə sayı

Helsinki-1952

295

1,69

Melburn-1956

297

0,34

Roma-1960

292

0,68

Tokio-1964

346

1,73

Mexiko-1968

312

0,96

Münhen-1972

371

0,81

Monreal-1976

410

0,73

Moskva-1980

489

1,02

Seul-1988

481

3,74

Cəmi

3293

1,40

 

 

 

Tarixə yazılan uğurlarımız

Bütün bu maneələrə baxmayaraq, SSRİ millisinin heyətində 36 illik dövrü ölkəmiz üçün uğurlu saymaq olar. Yad bayrağı altında 14 idman növündə təmsil olunmuşuq ki, onlar arasında da akademik avarçəkmə üstünlük təşkil edir. 13 təmsilçimizdən 4-ü gümüş və 1-i bürünc medala sahib olub.

 

Çıxış etdiyimiz 14 növdən cəmi 4-də fəxri kürsüdə yer almamışıq. Stend atıcılığı, stolüstü tennis, suyatullanma və üzgüçülükdə ilk “üçlüyə” düşə bilmədiyimiz halda, güləş, futbol, voleybol, həndbol, akademik avarçəkmə, su polosu, qılıncoynatma, otüstü hokkey, atletika və müasir beşnövçülükdə medal qazanmışıq. Bu 28 mükafatdan 10-u qızıl, 11-i gümüş və 7-si bürüncdü.

 

Nəticələrə nəzər saldıqda, həmyerlilərimizin əsasən komanda idman növlərində liderliyi diqqət çəkir. Şəxsi növlərdə də tarixi uğurlarımız az deyil. Komandamızda digər xalqların nümayəndələrinin çıxışına baxmayaraq, ilk medalı azərbaycanlı Rəşid Məmmədbəyovun qazanması isə Olimpiya tariximizin şanlı başlanğıcıdı və bu gün də həmin qızıl kitabın növbəti səhifələri yazılır.

 

Sovet İttifaqının Olimpiya millisinə Azərbaycan adından cəlb olunanlarla yanaşı, idmanın sirlərinə ölkəmizdə yiyələnib, başqa respublikalar üçün medal qazanan təmsilçilərimizi də qeyd etmək yerinə düşər. Azərbaycan voleybolunun yetirməsi Lev Milman kişilərdən ibarət Polşa yığması ilə Monreal-1976-nın qalibi olduğu halda, güləş məktəbimizin yetirməsi Kamandar Məcidov Seul-1988-də Belarusiya (indiki Belarus – T.H.) üçün Olimpiya qızılını qazanıb. Həmçinin, Kanadada 3-cü olan Kubanın kişi voleybolçulardan ibarət millisində də bakılı İvan Dyaçkov çalışıb. Onlardan əlavə, Monrealda voleybol yarışında azərbaycanlı hakim Ramiz Səmədov ədaləti qoruyub, velosipedçimiz Aleksandr Averin Rusiya adından çıxış edib.   

 

 

Tahir HÜMMƏTOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0