[b]“Kimsə bunu mənə yaraşdırıbsa...” – Elmar Qasımov[/b]
14.08.2016 - 20:26
[b]“Kimsə bunu mənə yaraşdırıbsa...” – Elmar Qasımov[/b]

“Son on ayda intensiv məşq edirdik. Demək olar ki, evimizə də gedə bilmirdik. Bütün günlərimiz təlim-məşq toplanışlarında keçirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləru cüdo üzrə Azərbaycan yığmasının üzvü Elmar Qasımov deyib.

 

Rio-2016 Yay Olimpiya Oyunlarında çıxışı başa vurmuş cüdo yığmamız vətənə dönüb.  Mötəbər turnirdə 100 kq çəki dərəcəsində gümüş medal qazanmış idmançımız onları qarşılamağa gələn apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

Təmsilçimiz çıxışı haqqında fikirlərini bölüşüb: “Çox sevinirəm ki, çətin məşqlərin bəhrəsi oldu. Olimpiadaya təbii ki, çempion olmağa gedirdik, ancaq ikinci yer də mənim üçün pis deyil. İnşallah, əgər alınsa, növbəti Olimpiya Oyunlarında qızıl üçün şanslarım daha çox olacaq”.

 

Atletimiz qızılı ala bilməməsinin səbəblərini də açıqlayıb: “Mənim üçün əsas hədəf əyarından asılı olmayaraq, medal qazanmaq idi. Ona görə də finala çıxandan sonra bir az boşaldım. Əsas çatışmayan bu oldu”.

 

Gələcək planlarından da danışan Qasımov yeni uğurlar üçün hər cür imkana sahib olduğunu vurğulayıb: “Şükür olsun ki, zədəm yoxdu, yaxşı şərait yaradırlar, biz də çalışırıq ki, tədricən artıraraq yeni uğurlar qazanaq. Mənim üçün uğur qazanmaq asan alınır. Bəlkə də çətin olsaydı, karyeramı bitirərdim, ancaq hər şey qaydasındadı və rahat da güləşirəm”.

 

Olimpiya medalçısı sonda onu film qəhrəmanı Halka bənzədənlər barəsində də fikir bildirib: “Nə deyə bilərəm ki, hərənin öz fikri var. Kimsə bunu mənə yaraşdırıbsa, sağ olsun”.

0