[b]“Bunun səbəbi çox gözləməyimdi” – Elvin Məmişzadə[/b]
15.08.2016 - 22:40
[b]“Bunun səbəbi çox gözləməyimdi” – Elvin Məmişzadə[/b]

Rio Olimpiadasında ilk döyüşünü keçirən boks yığmamızın üzvü Elvin Məmişzadə (52 kq) ilk sınağından qələbə ilə ayrıldı. Apasport.az saytının məlumatına görə, qarşılaşma başa çatdıqdan sonra fikirlərini bildirən idmançımız döyüşün ağır keçdiyini, ancaq qələbə qazandığı üçün sevincli olduğunu deyib.

 

- İlk döyüşün haqqında fikirlərin necədi?

- Bilirsiz ki, mən 10 gündür burdayam. İlk döyüşümü çox gözlədim. Bir az ağır keçdi. Birinci və ikinci raundda yaxşı çıxış eləsəm də, üçüncüdə yoruldum. Bunun da səbəbi bayaq dediyim kimi çox gözləməyimdi. İnşallah ikinci döyüşüm daha yaxşı olacaq.

 

- Bu rəqiblə daha əvvəl görüşmüşdünüzmü?

- Bəli, onunla ilk dəfə 2012-ci ildə, London Olimpiadasından qabaq döyüşmüşdük. Onda da qalib gəlmişdim.

 

- Neçənci dəfədi ki, qazaxıstanlı boksçular bizim idmançıları məğlub edirdilər. Rinqə çıxmamışdan qabaq bununla bağlı bir narahatlıq, gərginlik  yox idi ki?

- Xeyr, heç bir gərginlik yox idi. Ona daha əvvəl də qalib gəldiyim üçün çox rahat idim. Başqa nəticə haqqında fikirləşmirdim də.

 

- Hədəfiniz nədir bu Olimpiadada?

- Əlbəttə ki, hər kəs maksimum nəticəni arzulayır. Gələn döyüşdəki rəqibim özbək boksçu olacaq. Ona uyğun hazırlaşacağıq.

 

- Siz dünya çempionusunuz. İndi də Olimpiadada çıxış edirsiniz. Hansı yarışda mübarizə aparmaq daha çətindi?

-  Bütün yarışlar çətindi. Ancaq Olimpiya Oyunları bir başqadı. Buranın məsuliyyəti tamam fərqlidi.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan.

0