[b]Nicat Rəhimovu gözləyən, Azərbaycan üçün ehtimal olunan cəza[/b]
17.08.2016 - 11:37
[b]Nicat Rəhimovu gözləyən, Azərbaycan üçün ehtimal olunan cəza[/b]

Qazaxıstan yığmasına Rio-2016-da ilk qızıl medalı dünya rekordu ilə qazandıran azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovun gələcək karyerasında fasilə yarana bilər. Apasport.az saytının məlumatına görə, buna onun Azərbaycan yığmasını dəyişdiyi Qazaxıstanı gözləyən ağır cəza səbəb olacaq.

 

Belə ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası bu ölkənin quruma üzvlüyünü dayandırmaq niyyətindədi. Bunu qurumun prezidenti Tamaş Ayan açıqlayıb. O bildirib ki, Rio-2016-nın ardından bir sıra ölkələr 1 il müddətinə qurumdan kənarlaşdırılacaq: “Olimpiya Oyunlarından sonra bir sıra ölkələrin üzvlüyünü dayandıracağıq. Mən buna təminat verirəm. Bu ölkələr Rusiya, Qazaxıstan və Belarus olacaq. Mən yeni məlumatlar gözləyirəm və düşünürəm ki, cəzaların sayı artacaq. Bu barədə məlumatı sentyabrın sonu və ya oktyabrda yayacağıq”.

 

Qeyd edək ki, ağırlıqqaldırmada yaşanan ardıcıl dopinq qalmaqalları üzündən Rusiya, Azərbaycan, Bolqarıstan kimi milli komandalar Rio-2016-ya buraxılmayıb, yarış zamanı isə bir sıra idmançılar rəqiblərinin təmiz yolla mübarizə aparmamağından şikayətlənib. Azərbaycan millisinin Olimpiadaya buraxılmaması və idmançılarımızın dəfələrlə dopinqdə ilişməsi ölkəmizin bu növ üzrə federasiyasının növbəti dəfə cəzalanma ehtimalını yaradır.

0