[b]Patimat Abakarova: Sağ olsun ki, finala yüksəldi[/b]
18.08.2016 - 11:13
[b]Patimat Abakarova: Sağ olsun ki, finala yüksəldi[/b]

Taekvondo yığmamızın üzvü Patimat Abakarova Rio-2016-da bürünc medal qazandıqdan sonra müsahibə verib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı idmançı 3-cü yeri tutmasına və bu növdə ölkəmizə ilk medal qazanmasından danışıb.

 

- Olimpiadada 3-cü yeri tutub mükafatçılar sırasına düşəcəyinizi gözləyirdinizmi?

- Əslində, birinci yerə ümid edirdim. Sadəcə, ilk döyüşüm istədiyim kimi alınmadı. Sonra rəqibim finala yüksəldiyindən, bürünc medal qazanmaq şansım yarandı. Burda ilk rəqibim ikiqat Olimpiya çempionu olan çinli idmançı idi. Qarşılaşmaya yaxşı köklənib ona qalib gəldim. Sonrakı rəqibim fransalı oldu ki, onu da məğlub edib, “bürünc”ə yiyələndim.

 

- İlk döyüşdə məğlub olandan sonra ruhdan düşmədiniz? Hər şeyin bitdiyini qəbul etdiniz, yoxsa rəqibinizin finala yüksələcəyinə inanırdınız?

- Dua edirdim. Onun üçün həyəcan keçirirdim. İstəyirdim ki, finala çıxsın. O da sağ olsun ki, ümidlərimi boşa çıxarmayıb finala yüksəldi.

 

- Bürünc medal uğrunda sonuncu döyüşünüzdə bütün qüvvənizi sərf etdiyiniz üçün asan alındı?

- Bütün qüvvəmi, bacarığımı ortaya qoydum. Deməzdim ki, çətin oldu. Sadəcə, bir az təzyiq altında idim. Yalnız medal qazanmaq fikrində idim. Köklənib bu vəzifənin öhdəsindən gəldim.

 

- Siz taekvondo yığmamızda medal qazanan ilk idmançı oldunuz. Bu növdəki digər idmançılarımızdan nə gözləyirsiniz?

- Yalnız qələbə. Onlara azarkeşlik edəcəyik. Biz bir komandayıq. Yarış zamanı zala gəlib, qarşılaşmaları izləyəcək və komanda yoldaşlarımıza dəstək olacağıq.

 

- Olimpiadanın bürünc medalını qazandınız. Bu mükafatı əlinizdə tutanda hansı hissləri keçirdiniz?

- Açığı, bilmirəm. Ola bilər ki, sabah bir az fərqli təəssüratlarım olsun. Amma çox sevincliyəm.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan

0