“Biz Nicat Rəhimovu yığmaya cəlbedici təkliflə gətirməmişik. O, Qazaxıstanda çıxış etməyə özü qərar verib”. Apasport.az saytının məlumatına görə, bu sözləri ağırlıqqaldırma üzrə Qazaxıstan millisinin baş məşqçisi Aleksey Ni deyib.
O, Rio Olimpiadasının çempionu titulunu qazanan azərbaycanlı atlet Nicat Rəhimovun Qazaxıstan millisini necə seçməsinə aydınlıq gətirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, Azərbaycan yığmasından imtina edərək, vətəndaşlığını dəyişən idmançımızı onların məsləhətçiləri bəyənib: “Nicatın Azərbaycan yığmasının məşqçilər korpusu ilə münaqişəsi olub. Bundan sonra atası oğlunu bizim məsləhətçimiz Ənvər Türkelerin yanına gətirib. O da Nicatla işləməyə razılıq verib və hazırlıq başlayıb. Artıq 2 ildi Rəhimov Qazaxıstandadı. Biz onu komandamıza götürəndə Nicatı Azərbaycan yığmasından kənarlaşdırmışdılar. Biz də idmançını bu vəziyyətdə qəbul etdik”.
Qazaxıstanın dövlət məşqçisi Mendixar Tapsir də Rəhimovun hansı məqsədlə vətəndaşlığını dəyişməsindən danışıb. Onun sözlərinə görə, həmyerlimiz gələcəkdə də onlara fayda vermək gücündədi: “O bizə Olimpiya çempionu olmaq məqsədi ilə gəlmişdi. Bizim ağırlıqqaldırma məktəbimiz Azərbaycanınkından güclüdü. Əlbəttə ki, Nicat Qazaxıstanda qalacaq və ölkəmizin şərəfini qorumaqda davam edəcək. Nicat hələ gəncdi. Hər şey qarşıdadı. Hələ dünya çempionatlarında, Asiya Oyunları və Tokio-2020-də də çıxış edəcək”.
Qazaxıstanlı həmkarlarımız Nicatla bağlı hazırladığı yazıda atasının və özünün də fikirlərini dərc edib. Olimpiya çempionunun sözlərinə görə, Azərbaycan yığmasından getməsəydi, titul qazanacağına əmin deyildi: “Mən yalnız bir şeyi düşünürdüm. Qazaxıstan məni bu zirvəyə qaldırıbsa, niyə bu ölkənin bayrağını Olimpiadada qaldırmayım? Əgər mən bura gəlməsəydim, Olimpiya çempionu alacağıma da əmin deyildim. Hər şey Qazaxıstanın sayəsində mümkün oldu, mənim qələbəm Qazaxıstanın qələbəsidi”.
Qeyd edək ki, dopinq qalmaqalına görə cəzalanan ağırlıqqaldırma üzrə Azərbaycan yığması Rioda təmsil olunmayıb.