[b]Rio-2016: “Daha 2-3 medal qazanacağıq, onlar arasında “qızıl” olacaq”[/b]
20.08.2016 - 17:41
[b]Rio-2016: “Daha 2-3 medal qazanacağıq, onlar arasında “qızıl” olacaq”[/b]

“Rioda qazandığımız medal sayına görə rekorda imza atmışıq. İndiyə qədər ən yaxşı nəticəmiz London Olimpiadası idi ki, onda da 10 medala yiyələnmişdik. Əgər faizlərə baxsaq, hər 4 idmançıdan biri Azərbaycana medal qazandırır. Bu, çox böyük göstəricidir. Bizdən çox idmançı ilə təmsil olunan ölkələr var ki, mükafatları olsa da, faiz nisbətinə görə biz üstünük”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.

 

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları sabah başa çatacaq. 4 illiyin ən möhtəşəm yarışına 56 idmançı ilə qatılan Azərbaycan millisi arxada qalan 14 gündə 13 medal qazanıb. Bu mükafatlardan 4-ü gümüş, 9-u bürüncdür. Həmçinin Lorenzo Sotomayor boks tariximizdə yeni səhifə açaraq, finala yüksəlib. Onun medalının əyarı isə həlledici görüşdən asılı olacaq.

 

Komandamızın Rioda iştirakını və son 2 gündə şansını dəyərləndirən Raqif Abbasov bildirib ki, Azərbaycan bu dəfə idman növlərinin sayında da rekordla yadda qalıb: “İndiyə kimi bir Olimpiya Oyunlarında 3 idman növündən çox nəticə verə bilməmişdik. Bu Olimpiadada artıq 5 idman növündə - cüdo, boks, güləş, taekvondo və avarçəkmədə medallarımız var. Yəni biz həm say tərkibinə, həm qazanılan medalın sayına görə, həm də mükafatları əldə etdiyimiz idman növlərinə görə ilklərə imza atdıq. Onların əyarının yaxşılaşdırılması qalır ki, qarşıda hələ 2 Olimpiya günümüz var. Burada da təmsil olunacaq idmançılarımızdan medal gözləyirik. Özü də yüksək əyarlı mükafatlar”.

 

Eyni zamanda Cüdo Federasiyasının İdarə Heyətinin üzvü olan Raqif Abbasov öncə cüdoçularımızın çıxışını dəyərləndirib. O bildirib ki, cüdoçularımızın çempion ola bilməməsi ciddi rəqabətdən irəli gəlir: “Rüstəm Orucovla Elmar Qasımov gümüş medalla kifayətləndilər. Bu gün reallıq onu göstərir ki, hər iki cüdoçumuzun finalda məğlub olduğu idmançılar həqiqətən favorit hesab edilirdilər. Bir az fiziki, bir az texniki-taktiki, bir az daxili həyəcan istəyimizə mane oldu. Yaş amili imkan verir ki, bu cüdoçularımız bizi Tokioda da təmsil etsinlər. Rio Olimpiadası onları bir az da püxtələşdirdi. 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov medalın bir addımlığında dayandı və 5-ci yeri tutdu. Yığmamız Olimpiadada iştirak edən 136 ölkə arasında 12-liyə düşdü. Qadınların yarışında təmsil olunsaydıq, nəticəmiz daha yüksək olardı. Bu növ üzrə 2018-ci ildə dünya çempionatına ev sahibliyi edəcəyik. Bu da bizə olan etibardan irəli gəlir”.

 

BŞGİBİ-nin rəisi boks yığmamızın Olimpiadadakı çıxışına toxunaraq, bildirib ki, idman tariximizdə ilk dəfə yarımfinal səddini keçən Lorenzo Sotomayor finalda Azərbaycan himnini səsləndirmək iqtidarındadır: “Boksçularımızın əksəriyyəti ilk Olimpiadaya qatılırdı. 75 kq çəki dərəcəsində komandamıza bürünc medal qazandıran Kamran Şahsuvarlı da Rioda debüt edirdi. Baxın, o, hansı rəqiblərə və necə qalib gəldi? Məhəmmədrəsul Məcidov isə zədə səbəbindən mübarizəni dayandırdı. Halbuki bir gün öncə sərbəst güləş yarışında rusiyalının iranlı ilə final görüşündə qaşı 5 dəfə açılsa da, görüş 10 dəqiqədən artıq davam etməsinə baxmayaraq, qarşılaşmanı saxlamadılar. Bizdə də Məhəmmədrəsul döyüşmək istəyirdi, lakin buna icazə vermədilər. Hamı bilirdi ki, o, çox güclüdür. Ancaq necə deyərlər, bu da bir məktəbdir, nəticə çıxarmaq lazımdır. Lorenzo Sotomayora gəlincə, onun bir neçə döyüşünü müşahidə etdik. Hər döyüşünü ayrı-ayrı üslubda keçirdi. Ağılla vuruşurdu, çox yaxşı hərəkətliliyi, cəldliyi var. Bu yeni məktəbdir, sintezdir. Hesab edirəm ki, özbək boksçu ilə final döyüşündə Sotomayor bir baş üstün olacaq. Digər boksçularımıza gəldikdə, əlbəttə Albert Səlimovdan da uğurlu nəticə gözləyirdik. O, təcrübəli idmançıdır, əvvəlki Olimpiadada da iştirak etmişdi. Bayraqdarımız Teymur Məmmədova da ümidlər böyük idi. Lakin püşk ona çox güclü rəqiblər qismət etmişdi. Özünü bərpa üçün fasilələr də olduqca az idi. Amma hesab edirəm ki, Teymur daha yaxşı çıxış edə bilərdi. O, Londonda medal qazandığından, hiss olunurdu ki, rəqiblər həmyerlimiz çox yaxşı təhlil ediblər. Ümumiyyətlə, yığmamızın məşqçilər korpusunun döyüş zamanı taktikanı daha tez dəyişməyə ehtiyacı var idi. Bu səbəbdən də boksda qızıl medal olduğu zaman hesab edəcəyik ki, işlər həllini tam tapmış oldu”.

 

Boksçularımız kimi, taekvondoçularımız da idman tariximizdə yeni səhifə açdılar. Əvvəlki Olimpiadalarda medal qazana bilməyən komandamızın aktivində artıq 2 bürünc mükafat var. Bu gün isə dünya və Avropa çempionumuz Radik İsayevin sayəsində bu say arta bilər. BŞGİBİ-nin rəisi də bunu istisna etmir: “Bütün idmançıların titullarını qoyaq bir kənara. Patimat Abakarova bizim yeni gənc ulduzumuzdur. Kimləri uddu? Çinli ikiqat Olimpiya çempionunu. Ardınca o, boyca hündür, titullarda öndə və daha təcrübəli olan fransalıya qalib gəldi. Patimat taekvondomuzun gələcəyidir. O cümlədən, Milad Beiqi Harçeqani yarımfinalda böyük britaniyalıya az xal fərqi ilə məğlub oldu. Amma 3-cü yer uğrunda görüşdə Polşa idmançısına ikinci hissəni tamamlamamış qalib gəldi. Bu onu göstərir ki, ehtiyatı yetərincədir. İdmançımız 12:0 hesabı ilə qələbə qazandı. Zamanı qabaqlamaq istəmirik, düşünürük ki, daha bir medalımız ola bilər. Bunu Radik İsayev hesabımıza yazmaq gücündədi”.

 

Avarçəkənlərimiz də ilk dəfə Olimpiadadan medalsız qayıtmayacaqlar. Kanoeçimiz Valentin Demyanenko və kayakçımız İnna Osipenko-Radomskaya yığmamızın hesabına 2 mükafat əlavə etdi. Bu uğurdan da danışan qonağımız gələcəkdə bunun akademik avarçəkməyə də sıçrayacağına ümid etdiyini vurğulayıb.

 

Azərbaycan üçün ənənəvi növlərdən olan güləş növündə Olimpiyaçılarımızın çıxışına münasibət bildirən R. Abbasov yunan-Roma güləşçilərimizdən daha böyük uğur gözlədiyini etiraf edib: “Onların nəticəsi bizi tam qane etmədi. Hiss olunurdu ki, məşqçilər korpusu son anlarda idmançıları kökləyə bilmirdilər. Rəsul Çunayevdən o qədər çox gözlənti var idi ki, necə deyərlər, belə olduqda idmançı “yanır”. Bir idmançıdan gözlənti olanda, onun psixoloji çətinliyi olur. Həmin insan yata bilmir, məşqlərdə koordinasiya oluna bilmir. Bu da çıxışına təsir edir. Amma Rəsulun yarımfinal görüşü istisna olmaqla, bütün görüşlərdə rəqiblərindin bir baş üstün idi. Bir az təcrübəsizlik, bir az tələskənlik, bir az bizim ona həddindən artıq köklənməyimiz nəticə göstərməsinə imkan vermədi. Rəsulun yaşı gələcəkdə daha böyük uğurlar qazanmağa imkan verir. O, hələ ölkəmizə çox medal gətirəcək. Rəsul Azərbaycana Olimpiya “qızıl”ını da gətirəcək. Bunu sizə birmənalı deyirəm. Xanım güləşçilərə gəldikdə, Mariya Stadnik bizim canlı əfsanədir. 3 Olimpiadadır ki, o, nəticə verir. Necə ki, biz Maykl Felpsi üzgüçülükdə, Useyn Boltu atletikada, yaponiyalı dördqat Olimpiya çempionunu vurğulayırıqsa, Mariyanın da adını çəkməliyik. Biz müxtəlif şərhçilərin təqdimatında onun görüşünü izlədik. Hamı Mariyanı fenomenal güləşçi kimi təqdim etdi. Qızıl medalı almadığı üçün üzülməsi ilə Azərbaycan ancaq “qızıl”a layiqdir demək istədi”.

 

Sərbəst güləşçilərimiz Hacı Əliyev və Cəbrayıl Həsənovun da çıxışına münasibət bildirən mütəxəssis idman gimnastikası, güllə atıcılığı, kamandan oxatma, akademik avarçəkmə, triatlon, qılıncoynatma, velosiped idmanı, atletika və üzgüçülük kimi növlərdə lazımi nəticəni əldə edə bilməməyimizin səbəblərini açıqlayıb.

 

Kamran Şahsuvarlı, Patimat Abakarova, avarçəkənlərimiz Valentin Demyanenko, İnna Osipenko-Radomskaya, həmçinin Mariya Durundanın finala çıxmasına yaxşı mənada təəccüblənən Raqif Abbasov güləşçi Rövşən Bayramovun ümidləri doğrultmadığını qeyd edib.

 

Artıq 48 idmançımız çıxışı başa vurub. Bu gün və sabah isə daha 8 atletimiz nəyə qadir olduğunu göstərəcək. R. Abbasovun sözlərinə görə, onlar medal sayımızı daha da artıracaqlar: “Qızıl medalımız da olacaq. Sotomayora ümidlər böyükdür. Xalçaya çıxacaq güləşçilərimiz arasında Olimpiya çempionlarımızın üzərində böyük məsuliyyət var. Camaləddin Məhəmmədovdan da nəticə gözləyirik. Amma onunla, Toğrul Əsgərovla və Xetaq Qazyumovla müqayisədə Şərif Şərifov daha hazırlıqlıdır. Çünki o, bir çox yarışlardan kənarda qaldığından, fərdi proqramla hazırlaşıb və rəqibləri Şərifi az təhlil ediblər. Ehtimal edirəm ki, öz çəkisindəki rusiyalı ilə finalda görüşəcək. Mariya Durundaya gəldikdə, o, finala çıxmaqla artıq tarix yazıb. Düşünürəm ki, bundan sonra 2-3 medal qazanacağıq. Onlar arasında da “qızıl” mütləq olacaq. İstəyirik ki, Olimpiadada 30-luğa düşək”.

 

 

0