[b]“Neftçi”dən narazı qaldım - Robert Prosineçki[/b]
22.08.2016 - 09:10
[b]“Neftçi”dən narazı qaldım - Robert Prosineçki[/b]

Topaz Premyer Liqasının III turunda keçirilən “Qarabağ” – “Neftçi” (3:0) oyunundan sonra Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis həm klubların çıxışını dəyərləndirib, həm də milli komandamızın hədəflərindən bəhs edib.

 

- “Qarabağ” – “Neftçi” görüşündəki mübarizədən razı qaldınızmı?

- "Qarabağ” üstün oynadı. Komanda rəqibi 3:0 məğlub edəndə, sözsüz ki, yaxşı oynayır, topa daha çox nəzarət edir. “Neftçi”dən isə narazı qaldım. Gözlədiyim oyunu göstərmədilər.

 

- Razısınız ki, "Neftçi” ildən-ilə zəifləyir, "Qarabağ” isə bu mövsüm həm çempionatda, həm də avrokubklarda qeyri-stabil çıxış edir?

- Təəssüf ki, "Neftçi” bacarığını göstərə bilmir. Biz onlardan gözlədiyimiz çıxışı görmürük. "Qarabağ" isə "Viktoriya"ya qarşı hər iki matçı yaxşı keçirdi. Məncə, komandamız mərhələ keçməyə layiq idi. Ancaq təəssüf ki, Çempionlar Liqasında pley-offa adlaya bilmədi. "Qarabağ” “Höteborq”la İsveçdəki görüşdə də yaxşı oynadı. Avropa Liqasında qrupa vəsiqə qazana bilər. "Qarabağ” Azərbaycanın ən güclü klubu olduğunu ildən-ilə göstərir. "Qəbələ” də yaxşı çıxış edir. Yeni legionerlər alıblar, yaxşı səviyyəyə malikdilər. "Maribor"la matçda stadionda idim, "Qəbələ"dən yaxşı oyun gördüm.

 

- “Əlincə” stadionunun durumundan məmnun qaldınızmı? Millinin hər hansı bir görüşü bura salına bilərmi?

- Stadion xoşuma gəlir, meydança yaxşıdı. Tez-tez bu stadiona gəlirəm. Milli komanda gələcəkdə burda oynayacaq, ya yox, bunu AFFA-dan soruşmaq lazımdı. Olimpiya stadionu, onun meydançası da yaxşıdı. Ancaq oyunumuzun stadionlardan hansında keçiriləcəyini bilmirəm.

 

- Bu yay milli komandamız klubdan daha çox yeni futbolçular “transfer edib”: Emin Mahmudov, Ramil Şeydayev, Dəniz Yılmaz. Bu siyasəti necə izah edərdiniz?

- Şeydayevin 20 yaşı var. Rusiyanın bütün aşağı yaş qruplarında oynayıb. Yaxşı futbolçudu, "Trabzonspor"a keçib. “Trabzonspor” Türkiyənin ən güclü klublarından biridi. Məncə, Ramil Azərbaycan futboluna gələcəkdə kömək edə bilər. Üstəlik, azərbaycanlıdı.

 

- Məsələ burasındadı ki, yığma klub siyasəti ilə idarə olunur...

- Mən sualı başa düşmürəm. Yaxşı futbolçu olanda onu milliyə niyə çağırmayaq? Milli ilə klub siyasətini eyni göstərmək olmaz. Milli üçün maraqlı ola bilən azərbaycanlı futbolçuları heyətə cəlb edirik.

 

- Dəniz Yılmaz da azərbaycanlıdı?

- AFFA onu 3 ildi yığmaya cəlb etmək istəyir. Dənizin söhbəti yeni deyil. Həmin vaxt futbolçu istəməmişdi, indi razılıq verib. Bilirəm ki, Yılmazın kökü Azərbaycana bağlıdı. Belədə niyə də çağırmayaq?

 

- Onları DÇ-2018-in seçmə mərhələsində San-Marino ilə matçda görə biləcəyikmi?

- Onları canlı görməliyəm ki, qiymət verə bilim. Bəli, təlim-məşq toplanışına dəvət olunacaqlar. Oyunöncəsi 13 günlük toplanışda baxıb, fikrimi bildirəcəm.

 

- İlk rəsmi oyundan nə gözləyirsiniz?

- Məqsədimiz San-Marino səfərindən qələbə ilə dönməkdi. Komandama güvənirəm və yaxşı oyun göstərib, uğurlu nəticə ilə qayıdacağımıza inanıram.

 

0