[b]“Bəzi komandalar zəif təsir bağışlayırlar” – Rahid Əmirquliyev[/b]
22.08.2016 - 10:40
[b]“Bəzi komandalar zəif təsir bağışlayırlar” – Rahid Əmirquliyev[/b]

Topaz Premyer Liqasının III turunda “Neftçi” üzərində asan qələbə qazanan (3:0) “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev “mix-zona”da apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- “Neftçi” ilə aranızda prinsipiallıq olsa da, bu dəfə asan qələbə qazandınız...

- Bu, kənardan belə görünür. Amma bizim üçün heç də rahat olmadı. Hava da çox isti olduğundan, çətin oyun keçdi. Belə havada qaçmaq, oynamaq çox çətindi. Yəni heç bir rahatlıqdan söhbət gedə bilməz.

 

- Qarşıda sizi Avrokubokda daha vacib oyun gözləyir. Əvvəlcə “Höteborq”la səfər matçından danışardınız. Orda qələbə qazanmaq üçün nə çatmadı?

- Düzdü, İsveçdə biz üstün oynadıq. Sadəcə, ələ düşən qol şanslarından yararlana bilmədik. Rəqib isə 90 dəqiqə ərzində qapıya iki zərbə vurdu, onun da biri qol oldu. Evdəki matçda şanslardan maksimum yararlanıb Avroliqanın qrupuna düşməyə çalışacağıq. Bilirik ki, bu, bizim üçün ən vacib görüşdü. Bu barədə düşünüb, oyuna hazırlaşacağıq.

 

- “Qarabağ” Azərbaycan çempionatı ilə müqayisədə avrokuboklarda qol vurmaqda çətinlik çəkir. Bu ənənə yenə davam edə bilərmi?

- Futboldu, hər şey ola bilər. Amma məşqçilərimiz də ilk görüşün təhlilini aparıblar. Onlarla bağlı məlumatları bizə də verəcəklər. Necə oynamaq lazım olduğunu başa salacaqlar. İnşallah, Bakıda lazım olan nəticəni qazanacağıq.

 

- 8 komandalı çempionatda iştirak etmək sizə nə dərəcədə maraqlı gəlir?

- Nə qədər çox komanda olsaydı, o qədər yaxşı alınardı, çempionat maraqlı keçərdi. Digər tərəfdən baxdıqda, mövsüm hələ yeni başlayıb. Ola bilər bəzi komandalar hələ tam formaya düşmədikləri üçün zəif təsir bağışlayırlar. İnanıram ki, gələcəkdə daha yaxşı oyunlar görəcəyik.

 

- Zədədən sonra oynamağa başlamısınız. Özünüzü tam hazır sayırsınızmı?

- Düzdü, uzun müddət oynamadım. Hazırda oyun praktikasından bir az əziyyət çəkirəm. Amma yavaş-yavaş tam hazır olacağımı düşünürəm.

 

- “Qarabağ”a gələndən zədə ucbatından komandanın heyətində çox oyun keçirə bilməmisiniz. Bu amil uyğunlaşmaqda problem yaratmır?

- Bəli, gələndən sonra zədə aldım, çox oynaya bilmədim. Amma uyğunlaşmaqla bağlı ciddi bir problem yoxdu. Artıq forma yığmağa başlamışam. Demək olar ki, tam hazıram.

 

- Klubda yenicə oynamağa başlamısınız. Bunun yığma komandadakı mövqeyinizə təsiri ola bilərmi?

- Bu barədə qərarı baş məşqçi verəcək. Şans verib-verməmək onun ixtiyarındadı. Amma mən özümü millidə çıxış etməyə hazır sayıram.

0