[b]“Görüşdən əvvəl belə olacağını hiss edirdik” – Jayro[/b]
22.08.2016 - 12:57
[b]“Görüşdən əvvəl belə olacağını hiss edirdik” – Jayro[/b]

Topaz Premyer Liqasının III turunda “Qarabağ”ın qonağı olan “Neftçi” meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib. Apasport.az saytının məlumatına görə, qarşılaşmada avtoqol müəllifi olan paytaxt klubunun braziliyalı müdafiəçisi Jayro Filyo Rodriges jurnalistlərə müsahibəsində komandasının uğursuz çıxışı haqda danışıb.

 

- Böyükhesablı məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?

- Çox çətin oyun keçdi. Görüşdən əvvəl də belə olacağını hiss edirdik. “Qarabağ”ın gücünü qəbul etmək lazımdı. Bizim vəzifəmiz bundan sonra üzərimizdə daha çox çalışmaqdı. Növbəti turlarda daha yaxşı oyun göstərmək istəyirik.

 

- Etiraf edirsiniz ki, “Qarabağ”ın qələbəsində sizin də “köməyiniz” oldu?

- Kim istəyər ki, öz qapısına top vursun? Siz də gördünüz ki, mövqeyim yaxşı deyildi. Nəticədə top mənə dəyib tora daxil oldu. Buna görə, bütün komandadan və azarkeşlərdən üzr istəyirəm. Amma bu, istəyərək olmadı. Söz verirəm ki, qarşıdakı görüşlərdə daha yaxşı oynayacağıq.

 

- Belə uğursuz çıxışla nəyə ümid edə bilərsiniz?

- Bu vəziyyətdən çıxmağa çalışırıq. Görünür, bunun üçün daha çox işləmək lazımdı.

 

- Bəs siz çıxış yolunu nədə görürsünüz?

- Bizim komandamız və məşqçimiz var. Mən yalnız öz adımdan danışa bilərəm. Bizə nə deyiləcəksə, onu da edəcəyik. Bizə yalnız çalışmaq düşür.

 

- Yeni transferlərin komandaya xeyir vermədikləri fikri ilə razısınızmı?

- Futbolçular barədə ayrı-ayrı danışmaq düzgün deyil. Kiminsə kollektivə bir həftə əvvəl və ya beş il öncə qoşulmasının bir fərqi yoxdu. Qələbə qazananda da, məğlub olanda da, bu, ümumi komandanın çıxışının nəticəsi olur. Bu yay alınan futbolçular komandaya yeni qoşulublar, bəlkə də, adaptasiya problemi yaşayırlar. Başqa bir səbəb görmürəm.

0