[b]“Samba” oynayıb qayıdanlar - LAYİHƏ[/b]
22.08.2016 - 18:50
[b]“Samba” oynayıb qayıdanlar - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı” istiqamətindəki qalib olan mövzunu davam etdirir. Atletlərimizin Olimpiya Oyunlarında keçdiyi yolu əhatə edəcək 12 yazıdan dördüncüsü dünən Rioda başa çatan XXXI Yay Olimpiya Oyunlarına həsr olunur. “Samba oynayıb, qayıdanlar” çərçivəsində Rio Olimpiadasının yekunları, Azərbaycan millisində vurulan rekordlar və tarixə düşən adlar, doğrulan və doğrulmayan ümidlər, xoş sürprizlə yadda qalanlara nəzər yetirəcəyik.

 

Rio Olimpiadasının yekunları

 

Avqustun 5-də Rio-de-Janeyroda start götürən Yay Olimpiya Oyunları 17 gün sonra başa çatdı. 28 növ üzrə keçirilən yarışlarda 975 (307-307-361) medal öz sahibini tapdı. 207 ölkənin 11 minə yaxın idmançı ilə qatıldığı Oyunlarda cəmi 89 ölkənin təmsilçisi fəxri kürsüyə yüksəlməyi bacardı. Onlardan 59-u isə himnini Braziliyada yarışı izləyənlərə dinlətdi.

 

Medal qazanan ölkələrin siyahısına yenə ABŞ yığması başçılıq etdi. Onlar Olimpiadada 46 qızıl, 37 gümüş və 38 bürünc mükafat qazandılar. Bununla da amerikalılar həm əyar, həm də say baxımından bütün rəqibləri üçün əlçatmaza çevrildilər. Böyük Britaniyanın ikinci pillədə qərarlaşmasını isə sürpriz kimi də dəyərləndirmək olar. Amma bunda Rusiyanın yarışa tam heyətlə qatılmaması da öz sözünü dedi. 67 mükafat (27-23-17) qazanan Dumanlı Albionu Çin izlədi. Yarışdan öncə liderliyə iddia edən asiyalıların qazancı 26 qızıl, 18 gümüş və 26 bürünc medal oldu.

 

Rusiyanın isə ilk “üçlük”dən kənar qalacağı əvvəlcədən də bəlli idi. Çünki Rio-2016-ya ən böyük damğanı məhz WADA vurdu. Yarış öncəsi demək olar ki, Azərbaycan da daxil olmaqla bir necə yığma qurumun qərarının acısını yaşadı. Ən böyük zərbəni isə şimal qonşularımız aldı. Onlar Olimpiadada 387 nəfərlə təmsil olunmaq hüququ qazansalar da, son anda rusların cəmi 286 idmançısını yarışlara buraxdılar. Bunlardan bəziləri az qala yarış öncəsi məhkəmənin müsbət qərarını aldığından yaşadığı psixoloji gərginlik də çıxışına təsir etdi. Azərbaycan millisi isə yalnız ağır atletika üzrə milli komandası olmadan Rionu başa vurdu.

 

Dopinq qalmaqalı ilə yanaşı, Rio təşkilatçılığın zəifliyi ilə də yadda qalacaq. Çünki Olimpiya kəndində şəraitsizlik, saxta bilet satışı və arenalarda yaşanan problemlər bu yarışı əvvəlkilərdən çox “fərqləndirdi”. Həmçinin qonaqların qarət olunması, döyülməsi də diqqətdən kənarda qalmadı.  

 

Yarışa öz damğasını vuran idmançılara gəlincə, bunların sayı 3 oldu. Amerikalı üzgüçü Maykl Felps 5 qızıl və 1 gümüş medal qazanmaqla, Rionun ən titullu idmançısı adına yiyələndi. O həm də “qızıl” sayını 23-ə çatdırmaqla, öz rekordunu yenilədi. ABŞ yığmasının digər xanım üzgüçüsü Keti Ledeki 4 qızıl və 1 gümüş mükafatla qadınlar arasında ən çox medal qazanan idmançı oldu. Həmçinin, Useyn Bolt da ən yaxşı olduğunu bir daha təsdiqlədi. 100 m, 200 m və 4X100 m estafet yarışında ardıcıl 3 Olimpiadadı ki, yamaykalı atletə və komandasına çatan olmur.

 

Olimpiadanın ən yaxşısı - Azərbaycan

Bu mənfi məqamlar fonunda Azərbaycan yığması da Braziliyadan rekordsuz qayıtmayacaq. Həm qızıl, həm gümüş, həm də ümumi sayda əvvəlki Olimpiadaları “kölgə”də qoyan ölkəmiz 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazandı. Komandamızın heyətində Radik İsayev (+80 kq) birinci, cüdoçular Rüstəm Orucovla (73 kq), Elmar Qasımov (100 kq), güləşçilər Toğrul Əsgərov (65 kq), Xetaq Qazyumovla (97 kq), Mariya Stadnik (48 kq), boksçu Lorenzo Sotomayor (64 kq), kanoeçi Valentin Demyanenko (200 m) ikinci, taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Kamran Şahsuvarlı (75 kq), güləşçilər Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq), Nataliya Sinişin (53 kq), Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), kayakçı İnna Osipenko-Radomskaya (200 m) isə üçüncü yeri tutdu.

 

Bu, Azərbaycan üçün yeni rekorddu. Komandamız London-2012 ilə müqayisədə medal əyarını yaxşılaşdıra bilməsə də, mükafat sayında və medal qazanılan idman növlərinin sayında rekord müəyyənləşdirdi. Əgər 4 il öncə Böyük Britaniyada 10 mükafatı (2-2-6) 3 idman növündə əldə etmişdiksə, bu dəfə 18 medalı 5 idman növündə qazanmışıq. Yəni hər 2 göstəricidə təxminən ikiqat irəliləyiş əldə olunub. Boks, taekvondo və kanoe və kayakda ilk dəfə fəxri kürsüdə yer almışıq.

 

Bu nəticə isə Azərbaycanın 207 ölkə arasında 39-cu edib. Postsovet ölkələri arasında 5-ci pillədə qərarlaşdıq. Yığmamızı Rusiya, Özbəkistan, Qazaxıstan və Ukrayna qabaqladı. Ümumi medal sayında 15-ci olduq.

 

Əhalisinin hər milyon nəfərinə düşən medal sayında isə Azərbaycan 9-cu olub. Bu göstəricisi 1,87-yə bərabər ölkəmizdən Avropada 5-ci olub. Yalnız Danimarka, Xorvatiya, Sloveniya və Gürcüstan Azərbaycanı qabaqlayıb. Bu siyahıya isə kiçik ölkələr – Qrenada, Baham adaları, Yamayka və Yeni Zelandiya başçılıq edir.

 

Olimpiadada 56 nəfərlə təmsil olunan yığmamız 18 medal qazanıb ki, bu da hər idmançıya orta hesabla 0,32 medala bərabərdi. Bu göstəricidə Azərbaycan Olimpiadanın ən yaxşısı olub. Belə ki, ABŞ (0,22), Rusiya (0,20), Böyük Britaniya (0,18), Çin (0,17) kimi nəhənglər də olimpiyaçılarımız həsəd aparır.

 

7-ci çempionumuz və Rioda vurulan “het-trik”lər

Yığmamız Rioda cəmi 1 qızıl medal qazandı ki, bu nailiyyətə də Radik İsayev imza atdı. O, müstəqillik illərimizdə növbəti Olimpiya çempionumuz kimi tarixə düşdü. Bunadək Zemfira Meftahətdinova (stend atıcılığı) və Namiq Abdullayev (sərbəst güləş) Sidney-2000-də, Fərid Mansurov (yunan-Roma güləşi) Afina-2004-də, Elnur Məmmədli (cüdo) Pekin-2008-də, Toğrul Əsgərov və Şərif Şərifov (hər ikisi sərbəst güləş) London-2012-də Azərbaycan himnini səsləndirmişdi. Braziliyada +80 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz bu siyahıda 7-ci oldu.

 

Rioyadək Azərbaycana Avropa və dünya çempionatının qızıl medalını qazandıran İsayev Olimpiadada mübarizəyə 1/8 finaldan başlayıb. O, öncə Ruslan Japarov asanlıqla mübarizədən kənarlaşdırsa da, ardınca ciddi müqavimətlə rastlaşıb. Lakin həm 1/4 finalda, həm də 1/2 finalda müvafiq olaraq, Dongmin Ça (Cənubi Koreya) və Mahama Ço (Böyük Britaniya) ilə döyüşdə hesabda geri düşməsinə baxmayaraq, dayanqı qələbə ilə tərk edib. Finalda Niger idmançısı Abdulrazzak İssufu da Radiklə bacarmayıb və 16-cı gündə yığmamıza Rionun ilk və yeganə qızıl medalı qazandırıb.

 

Onunla yanaşı, güləşçilərimiz Mariya Stadnik və Xetaq Qaysumov da ölkə idmanı tarixinə düşüb. Milliləşən legionerlərimiz Olimpiya Oyunlarında 3 medal qazanan idmançılarımız olublar.

 

Millimizin lideri hesab edilən Stadnik 49 kq çəki dərəcəsində əgər Pekin-2008-də “bürünc”, London-2012-də “gümüş” qazanmışdısa, Rioda bunun əyarını yaxşılaşdıra da bilərdi. Lakin Mariya yapon rəqibi ilə qarşılaşmanın son 3 saniyəsində bunu əldən verməklə, yenə ikinci yerlə kifayətləndi. Buna baxmayaraq, o, idman tariximizə Olimpiadada 3 medal qazanan ilk idmançı kimi düşdü.

 

Pekin-2008 və London-2012-də 96 kq çəki dərəcəsində çıxış edən Xetaq isə hər iki yarışı bürünc medalla başa vurmuşdu. Rio-2016-da 97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bu dəfə finaladək irəliləsə də, həlledici qarşılaşmada uduzdu. Amma o, bu “het-trik”lə Stadnikin rekordunu təkrarladı. Lakin qadın güləşçimiz medallarının əyarına görə Qazyumovu üstələyir. Həmçinin daha gənc olan Stadnikin Tokio-2020-yə getmək və yenidən fəxri kürsüdə yer almaq şansları daha yüksəkdi.

 

Rioda daha iki sərbəst güləşçimiz də mükafat sayını artırıb. Bunlar London-2012-nin qalibləri Toğrul Əsgərovla (66 kq) Şərif Şərifovdu (85 kq). Sonuncu 4 il əvvəlki qızıla bürünc əlavə edibsə, Əsgərov ikinci qızılı finalda əldən verib. Onun aktivində qızıl və gümüş var.

 

Onlardan başqa, Namiq Abdullayev (sərbəst güləş, 1996, 2000), Zemfira Meftahətdinova (atıcılıq, 2000, 2004) və Rövşən Bayramovun (yunan-Roma güləşi, 2008, 2012) da 2 medalı var. Bu idmançılardan Namiq qızıl və gümüş, Zemfira qızıl və bürünc, Rövşən 2 gümüş medal qazanıb. Halbuki Stadnikdən öncə mükafat şansı boşa verən idmançı rekord da vura bilərdi. Lakin Bayramov bunu bacarmayıb.

 

Medal ümidini doğrultmayanlar

 

Azərbaycan Yay Olimpiya Oyunlarında qazandığı medalların sayına görə daim artan qrafik cızıb. Hər 4 illik dövr ərzində 2, sonuncuda isə 3 mükafat irəliləyişə nail olan yığmamız Rioda daha böyük sıçrayış etdi. Londondakı 10 medalı 18-ə dəyişən komandamız daha yüksək göstəriciyə nail ola bilərdi. Amma yarış öncəsi medal şansları yüksək qiymətləndirilən bir sıra idmançılarımız ümidləri tam doğrulda bilmədi. Dünya və Avropa çempionatlarında uğurla çıxış edən həmin təmsilçilərimizdən Orxan Səfərov (60 kq) cüdo, Yuliya Ratkeviçlə (58 kq) Rövşən Bayramov (59 kq) güləş, Teymur Məmmədov (91 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) boks yığmamıza medal qazandırmaq gücündə olsa da, bunu gerçəkləşdirə bilmədilər. Sonuncunun istəyinə çata bilməsində gözünün qanaması və həkimlərin döyüşü davam etdirməsinə icazə verməməsi də rol oynadı. Çələbiyevin məğlubiyyətində də ədalət təmsilçilərin rolu az olmadı.

 

Həmçinin, idman gimnastımız Oleq Stepkonun Avropa Oyunlarındakı parlaq çıxışı ondan medal gözləməyə əsas verirdi. Lakin legionerimiz ümidləri doğrulda bilməyib, nəinki medal qazanmadı, heç mükafatçılar sırasına yazın da düşmədi.

 

Bəxtsizlər arasında Riodan medalla dönən bəzi idmançıların da adını qeyd etmək olar. Bu, xüsusilə güləşə aiddi. “Qızıl”a bir nömrəli namizəd sayılan Rəsul Çunayevin bürünclə kifayətlənməsi uğur sayıla bilməz. Mariya Stadnikin və Yuliya Ratkeviçin qələbələri son anda əldə verməsi böyük itki oldu. Onlar saniyələr qalmış ümidləri puç etdi.

 

Gerçəkləşməyən Rio ümidlərinin ilk sırasında isə ağırlıqqaldıranlarımız durur. Onların dopinq qalmaqalına görə cəzalı duruma düşməsi ölkəmizi ən azı 2 medaldan etdi desək, yanılmarıq. Dünya rekordçusu Boyanka Kostova və London-2012-nin mükafatçısı Valentin Xristovun mükafat şansı heç də yuxarıda adları çəkilənlərdən az deyildi. Müstəqillik tarixində ilk dəfə bu növdə təmsil olunmamağımız Riodakı çıxışımızın mənfi çalarlarından biridi.

 

 

Sevindirici sürprizlər

Rio Azərbaycan yeni simalar da kəşf etdi. Bu xüsusilə boksçular Kamran Şahsuvarlı (75 kq) ilə Lorenzo Sotomayora (64 kq) aiddi. Bu növ üzrə yığmadakı komanda yoldaşlarının kölgəsində qalan və onlarla müqayisədə şanslı hesab edilməyən cütlük “sambaçılar diyarı”nda daha uğurlu çıxış etdi. Böyük turnirlərdə titulu olmayan Sotomayor finalda da hakimlərin əməyi ilə uduzdurularaq, qızıldan məhrum edildi. Hərçənd ucaboy boksçu əllərindən istifadə edərək, rəqiblərini bir-bir sıradan çıxardı. Həlledici qarşılaşmadakı məğlubiyyətə baxmayaraq, Kuba əsilli döyüşçümüz Azərbaycan idman tarixinə düşə bilib. O, Olimpiadalarda ilk və hələlik yeganə boksçumuzdu.

 

Şahsuvarlıya gəlincə, bu idman növünə sonradan qoşulan olimpiyaçımız Rioya da sonuncu vəsiqə qazananlardan olub. Bakıdakı lisenziya turnirində məğlub olduğu rəqibin çempion olması ilə Braziliyaya yolu açılan təmsilçimiz Rioda da demək olar ki, ən çətin rəqiblərlə qarşılaşmalı olmuşdu. 2 dünya çempionunu rinqdən məğlub yola salan Şahsuvarlı qazandığı bürünclə özünün gələcək perspektivini də ortaya qoydu. Artıq ondan Tokioda da medal gözləməyə dəyər ki, “Gündoğar ölkə”də 2 Olimpiya mükafatı qazanan ilk Azərbaycan boksçusu kimi tarixə düşə bilər.

 

Olimpiadaya özü lisenziya qazanmayıb, Anjela Doroqanın əvəzinə yollanan Natalya Sinişin başqa – 53 kq çəki dərəcəsində çıxış etməsinə baxmayaraq, kifayət qədər iddialı olduğunu təsdiqlədi. İlk görüşdə Braziliyaya 4-cü zəfəri üçün gələn və sonda bunu gerçəkləşdirən yapon rəqibinə yenilən güləşçimiz təsəlliverici və bürünc uğrunda görüşlərdə inamlı təsir bağışlayıb, ilk Olimpiya medalını əldə etdi. Digər xanım idmançımız Patimat Abakarova (49 kq) isə taekvondo tariximizdə ilk Olimpiya medalının sahibi oldu. Sinişin kimi yalnız ilk qarşılaşmasında uduzan 22 yaşlı təmsilçimiz öz çəkisində yığmamızın lideri olduğunu bir daha təsdiqlədi.

 

3-ü köhnə, 2-si təzə

Olimpiya yığmamız qazandığı 18 medalı 5 idman növündə əldə edib. Bunun 3-ü əvvəllər də mükafat qazandığımız güləş, cüdo və boksdu. Bu növlərlə müqayisədə daha 2 növdə də ilk medalımızı qazandıq. Adətən hakim haqsızlığı üzündən fəxri kürsüdə yer ala bilmədiyimiz taekvondoda bu dəfə birdən-birə 3 mükafat qazandıq. Bunlardan da biri Riodakı yeganə qızılımız oldu. Taekvondo Olimpiya çempionluğu qazandığımız 4-cü idman növü kimi də tarixə düşdü. İndiyədək hesabımızda olan 7 medaldan 4-ü güləşdə, 1-i cüdoda və 1-i atıcılıqda əldə edilmişdi.

 

Yığmamız üçün digər yeni növ kanoe və kayakdı. Sevindiricidi ki, bu idman növündə ilk qazancımız 2 medal olub. Bunlardan da biri kayak, digəri kanoeyə təsadüf edib. Əvvəllər Ukrayna bayrağı altındı çıxış edən İnna Osipenko-Radomskaya Azərbaycana ilk mükafatı qazandırdı. Olimpiadalarda Rioyadək 4 medala yiyələnən legionerin ölkəmizə hədiyyəsi bürünc oldu. London-2012-də uğursuzluğu ilə hamını təəccübləndirən Valentin Demyanenko isə bu dəfə finişə ikinci çatdı. Kayakçımız kimi kanoeçimiz də 200 m məsafədə mükafatçılar sırasına düşdü.

 

 

Bizim turistlər

 

Uğur qazandığımız idman növləri ilə yanaşı, uğursuzluqla nəticələn yığmalarımız da oldu. Bu növlərdə zəif çıxışı ənənəvi də hesabı etmək mümkündü. Çünki müstəqillik dönəmində qılıncoynatma, velosiped idmanı, kamandan oxatma, üzgüçülük və atletikada heç bir ciddi uğurumuz olmayıb. Əksər hallarda “wild card”la, tək-tük vaxtlar isə lisenziya ilə Oyunlara yollanan idmançılarımızı Rionun turisti də adlandırmaq olar. Məsələn, Maksim Averin yarışı tamamlaya bilməyən, yəni finişə çatmayan yeganə idmançımız oldusa, digər 4 növdə ilk cəhddəcə məğlubiyyətə üzüldük. Triatlonu da bu siyahıya əlavə etmək olar. Lakin onların Rioda debütün nəzərə alsaq, növbəti Olimpiadalarda yüksək yerlərə ümid etmək mümkündü. Çünki qılıncoynatma istisna olunmaqla, velosiped idmanı, kamandan oxatma, üzgüçülük və atletikada gələcəkdə də nəticə qazanmağımız şübhə doğurur. Təmsil olunduğumuz 18 idman növündən idman gimnastikası, bədii gimnastikada, kanoe-slalom və akademik avarçəkmədə isə ən azı bir mərhələ adladıq. Əvvəl uğur qazandığımız güllə atıcılığı da artıq uğur qazana bilməyən idman növlərinin sırasında daxil olur.

 

Beləliklə, Rioda 18 medal qazanmaqla uğura imza atan yığmamız 4 il sonra daha çətin vəzifənin öhdəsindən gəlməlidi. Çünki idman dili ilə desək, zirvəyə yüksəlmək deyil, orada qalmaq daha çətindi. Komandamız Tokio-2020-də ən azı 18 medal qazanmalıdı...

 

Tahir HÜMMƏTOV

 

0