[b]“Maribor”un baş məşqçisi qovulur[/b]
23.08.2016 - 10:57
[b]“Maribor”un baş məşqçisi qovulur[/b]

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Maribor” baş məşqçi dəyişikliyinə hazırlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Sloveniya təmsilçisi hazırkı çalışdırıcı Darko Milaniçin fəaliyyətindən narazıdı.

 

Ölkə çempionatının son 4 turunda qələbə üzünə həsrət qalan “Maribor” Avroliqada da “Qəbələ”yə Bakıda məğlub olub. Klub rəhbərliyi isə 48 yaşlı mütəxəssisə son bir şans vermək qərarına gəlib. Belə ki, Milaniçin “Maribor”da qalıb-qalmayacağı avqustun 25-də “Qəbələ” ilə keçiriləcək cavab qarşılaşmasının nəticəsindən asılı olacaq.

 

Ancaq deyəsən, “Maribor” rəhbərliyi komandanın qrupa adlayacağına inanmır. Çünki yeni baş məşqçi axtarışına artıq start verilib. Bu postda Milaniçi daha bir yerli mütəxəssis Miodraq Yesiçin əvəzləyəcəyi gözlənilir. Sloveniyalılar 58 yaşlı mütəxəssislə danışıqlara da başlayıblar. Yesiçin şəhərə gələrək idman direktoru Zlatko Zahoviçlə görüşdüyü və tərəflər arasında ilkin razılıq əldə edildiyi də bildirilir. Yerli KİV Yesiçin 3 illik müqavilə imzalayacağını və aylıq maaşının 15 min avro təşkil edəcəyini yazıb.

 

Qeyd edək ki, Bakıda 3:1 hesablı qələbə qazanan “Qəbələ” “Maribor”la cavab matçını avqustun 25-də “Lyusdki Vrt” stadionunda keçirəcək.

0