[b]“Bu, inanılmaz dərəcədə yüksək nəticədi” – Azad Rəhimov[/b]
23.08.2016 - 11:32
[b]“Bu, inanılmaz dərəcədə yüksək nəticədi” – Azad Rəhimov[/b]

“Bütün idmançı və azarkeşlərə minnətdarlığımı bildirirəm. Biz hər gün burada onların diqqətini, dəstəyini hiss edirdik, çoxlu mesajlar alırdıq, Bakıdan məlumatlar gəlirdi. Bu, ilk növbədə, idmançılar üçün çox vacib dəstəkdi. Belə düşünürəm ki, məhz bu dəstək nəticəsində belə nailiyyət əldə olunub”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının çıxışını şərh edən Rəhimov deyib ki, idmançılarımız Azərbaycan tarixinə yeni səhifə yazıblar: “Bu, həqiqətən də Azərbaycanda idmanın növbəti təntənəsi idi. Bu münasibətlə hamınızı ürəkdən təbrik edir, idmançılara uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də xalqımızı, azarkeşləri sevindirəcəklər. Olimpiada idman tədbirləri içərisində bir zirvədi. Bu tədbirə bütün idmançılar, cəmiyyət, idman mütəxəssisləri hazırlaşır. 4 il ərzində aparılan işlər təhlil olunur, bir proqram, layihə şəklində hazırlanır və icra olunur. Hələlik idmançılara fürsət vermək lazımdı ki, bir müddət istirahət etsinlər”.

 

Nazirin sözlərinə görə, Riodan qayıtdıqdan sonra komandalara bir müddət istirahət veriləcək və ardınca Tokio-2020-nin planları işlənməyə başlayacaq: “Bir neçə ay ərzində fəal işlər aparılmayacaq. Amma sonradan hər növbəti gün Tokio Olimpiadasına hazırlaşmağa başlayacağıq. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və federasiyalar bu işə çox ciddi yanaşırlar. Onlar hazırlıq prosesini təhlil edərək, növbəti mərhələlərdə bunu planlaşdırırlar. Biz də nazirlik olaraq, onlara hərtərəfli dəstək veririk. Bu dəstək özünü təlim-məşq toplanışlarının maliyyələşdirilməsi, onların yarışlara göndərilməsi, farmakologiya məsələlərindən ibarətdi. Tokio-2020-yə hazırlığa ayrıca bir proqram şəklində yanaşmalıyıq. Çünki Yaponiya paytaxtı vaxt və iqlim baxımından fərqlidi. Ona görə də məşqçilərimizin hazırlıq prosesini daha çox Asiya qitəsində planlaşdırmalarına diqqət yetirməliyik”.

 

Rəhimov bildirib ki, hansı növün bizdə populyar, nailiyyətlərimizin çox olduğu növlərdə rəqiblər diqqətdə saxlanılmalıdı: “Rəqiblərimizlə sınaqçı-görüşlər təşkil etməliyik. Şəxsən mənim üçün Olimpiadalar çox vacibdi. İlboyu dünya və Avropa çempionatlarında özüm iştirak edə bilmərəm. Çünki onların sayı çoxdu. Olimpiya Oyunlarında isə hamısı göz qabağındadı. Oturub idmançılara da baxmaq olar, məşqçilərlə də ünsiyyətdə olmaq mümkündü, dünyada idman siyasətini də görə bilərik. Həm də bizim əlaqələr çox genişdi. Şəxsən Tomas Baxla görüşümdə sevindirici məqam o oldu ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti "Hansı yarışlara gedirəmsə, Azərbaycan idmançılarını görürəm" dedi. Bu, onu göstərir ki, Azərbaycanda idman növbəti, davamlı inkişaf yoluna qədəm qoyub. Bu inkişaf hər bir sahədə var. Bu işlərin hamısı sırf olimpiada adı ilə bağlıdı. Ona görə də biz buradayıq”.

 

Nazir bildirib ki, 18 medal qazanmağımız dünyanın da diqqətindən kənar qalmayıb: “Olimpiada bir neçə mərhələyə bölünür. İlkin mərhələ hazırlıq, idmançılarla işdi. İkinci mərhələdə idmançılar, məşqçilər nazirlik və federasiyalardan nə istəyirlərsə, həll olunur. Növbəti mərhələdə idmançıları izləyir, məsləhətlərimizi verir, dəstəkləyirik. Onlar bizi tribunalarda görəndə daha çox həvəslənirlər. Görürlər ki, dövlət də onlarla birgədi. Olimpiadadan sonra təhlillər başlanır. Biz baxırıq ki, dünya, eləcə də mütəxəssislər, bizi izləyənlər çıxışlarımızı necə qiymətləndirirlər. Bu təhlil də, statistik rəqəmlər də bizim üçün çox vacibdi. Sözsüz ki, 18 medal Azərbaycanı xüsusi yerə qoyur. Azərbaycan dünyada idmançılarının effektivliyində birinci yerdədi. Bu, dünyaca məşhur "Telegraf" agentliyinin yaydığı məlumatdı. Həmin məlumatda ABŞ 3-cü yerdə göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ciyik. Bu da inanılmaz dərəcədə yüksək nəticədi. Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB ölkələri arasında isə 2-ciyik. Bunlar çox yüksək, gözlənilməz nəticələrdi. Medal keyfiyyəti baxımından, 39-cuyuq. Baxmayaraq ki, London-2012-də 30-cu idik. Amma gümüş medalların sayı "qızıl"ları ikiqat əvəzləyir. Sevindirici hal odu ki, 2 deyil, 5 idman növündə medal qazanmışıq. Bizi qızıl medal sayında qabaqlayanlar medalları 2, maksimum 3 növdə medal əldə ediblər. Həmin ölkələr üstünlüyü bu növlərə veriblər, digər növlər diqqətdən kənarda olub. Amma bizim geniş tərkib, 5 növdə medalların qazanılması onu göstərir ki, bizdə hər istiqamətə fikir verilir, nəticə də üzdədi”.

 

0