[b]“Son illərin ən böyük oyununa çıxacağıq” - “Höteborq”un prezidenti[/b]
23.08.2016 - 13:42
[b]“Son illərin ən böyük oyununa çıxacağıq” - “Höteborq”un prezidenti[/b]

“Avropa Liqasında çox vacib oyuna çıxacağıq. Belə bir ərəfədə idman direktoru məsələsinin ortaya atılması heç xoş hərəkət deyil”. Apasport.az saytının məlumatına görə, bunu “Höteborq”un prezidenti Frank Andersson deyib.

 

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Höteborq”da idman direktoru Mats Qrin vəzifəsində qalacaq. Klub prezidenti bu tip şayiələrin cavab görüşü öncəsi komandaya mənfi təsir edə biləcəyini söyləyib: “Biz böyük klubuq və idman direktoruna ehtiyacımız var. Mats Qrin öz işinin öhdəsindən layiqincə gəlir. O, postunda qalacaq”.

 

Andersson “Qarabağ”a qarşı keçiriləcək cavab görüşünə də toxunub. O, komandasının mərhələ adlayacağına inandığını bildirib: “Son illərin ən böyük və ən vacib oyununa çıxacağıq. Belə bir ərəfədə komanda daxili məlumatlar yayılması doğru deyil. Hazırda bütün diqqətimizi “Qarabağ”la görüşə yönəltməliyik. Çünki 19 ildən sonra Avrokubokda qrupa düşmək imkanı qazanmışıq. Bu şansı əldən vermək olmaz. Rəqibimizin güclü olması bizi qorxutmamalıdı. Çünki ilk görüşdə qalib gəlmişik. Azərbaycanda bu üstünlüyü qorumağa çalışacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Höteborq” oyunu avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu komandalar arasında İsveçdə keçirilən ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanmışdılar.

0