[b]Dopinq qalmaqalı: İWF Nizami Paşayevi də “vurdu”[/b]
24.08.2016 - 11:36
[b]Dopinq qalmaqalı: İWF Nizami Paşayevi də “vurdu”[/b]

Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) Pekin Yay Olimpiya Oyunlarında götürülən dopinq testinin təkrar yoxlanılması zamanı müsbət nəticə verən 15 idmançının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan millisinin ağırlıqqaldıranı Nizami Paşayev də var.

 

Belə ki, Pekin-2008-də idmançımızdan götürülən analiz təkrar yoxlamada müsbət nəticə verib. Dünya və Avropa çempionumuzun orqanizmində deqidroxlorometiltestosteron, oxandrolone, stanozolol aşkarlanıb. 

 

Azərbaycan yığmasının sabiq baş məşqçisi olan Paşayev Pekin Olimpiadasından öncə - 2006-cı ildə Avropa çempionatından sonra 2 illik cəzalanmışdı. O, Çində baş tutan Oyunlarda isə 396 kq nəticə ilə 5-ci olmuşdu.

 

Ümumilikdə, siyahıda Belarus və Qazaxıstandan 4, Çindən 3, həmçinin Rusiya və Ukraynadan 2 idmançı yer alıb. Bu atletlərlə bağlı yekun qərarı BOK verəcək.

 

Qeyd edək ki, Paşayevə qədər yığmamızın digər üzvü Sərdar Həsənov Pekin-2008, Boyanka Kostova və İntiqam Zairov da London-2012-də istifadəsi qadağan olunan preparatlardan istifadədə günahlandırılıb. Kostova və Həsənovdan fərqli, ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin Xristovun həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb və yığmamız Rioya qazandığı 4 lisenziyadan məhrum edilib.

 

0