[b]“Stadionu cəhənnəmə çevirəcəyik” – “Maribor”un canlı əfsanəsi[/b]
25.08.2016 - 10:27
[b]“Stadionu cəhənnəmə çevirəcəyik” – “Maribor”un canlı əfsanəsi[/b]

“Komandada çox yaxşı atmosfer hökm sürür. Futbolçularda müsbət enerji var”. Apasport.az saytının məlumatına görə, bunu “Maribor”un idman direktoru Zlatko Zahoviç deyib.

 

Sloveniya təmsilçisi Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Qəbələ”ni qəbul edəcək. Cavab matçı ilə bağlı klubun rəsmi saytına danışan Sloveniya futbolunun canlı əfsanəsi qrup mərhələsindən dəm vurub: “Bizi yüksək səviyyəli və xüsusi oyun gözləyir ki, buna da hazırıq. Bütün diqqətlər Avropa Liqasının qrup mərhələsi üçün cəmləşib. Avropa arenasında “Maribor” adının davam etməsini istəyirik. Bu məsələdə digər klubların da dəstəyini hiss edirik. Çünki bu, kollektiv işdi. Axı aldığımız hər xal amsallara yazılır və bu, bütün klubların xeyrinə işləyən amildi”.

 

“Maribor” ilk görüşdə Bakıda 1:3 hesabı ilə məğlub olmasına baxmayaraq, Zahoviç hələ də ümidini itirmədiyini söyləyib: “Avrokubokda zəif rəqib olmur. Pley-off mərhələsinə isə ən güclülüər yüksəlir. Bugünkü rəqibimiz də onlardan biridi. Doğrudu, son vaxtlar uğursuz çıxış edirik. Amma artıq özümüzə gəlməliyik. Axı qrup mərhələsinə vəsiqə qazanmaq üçün real şans əldə etmişik. Heyətdə bir neçə yeni oyunçu var, bu üzdən tam komplektləşməmişik. Amma işlər plana uyğun şəkildə gedir. Çempionatda hələ uzun marafon var. İndi nikbin olmalı və qrup mərhələsi üçün “döyüşməliyik”.

 

45 yaşlı mütəxəssis azarkeşlərə də səslənib. O, yerli fanatların dəstəyinə ehtiyac duyduqlarını bildirib: “İlk görüşdə 2 top fərqi ilə məğlub olsaq da, ümidimizi üzməmişik. Bu azarkeşlərlə hər şey mümkündü. Onlar bizə əlavə güc, enerji verirlər. Onların dəstəyi ilə istənilən rəqibə qalib gəlmək olar. “Qəbələ” ilə oyunda da azarkeşlərlə əl-ələ verib, stadionu rəqib üçün cəhənnəmə çevirəcəyik”.

 

Qeyd edək ki, bu gün baş tutacaq “Maribor” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

 

0