[b]Zidan “Qəbələ”ni təriflədi: Nə istədiyini bilən komandadı[/b]
25.08.2016 - 12:04
[b]Zidan “Qəbələ”ni təriflədi: Nə istədiyini bilən komandadı[/b]

“Maribor” məqsədə nail olmaq üçün mümkün qədər tez davranmalı və qol vurmalıdı. Amma ehtiyatı da əldən vermək olmaz. Erkən qol komandanı istədiyi nəticəyə apara bilər”. Apasport.az saytının məlumatına görə, bunu “Maribor”un əfsanəvi futbolçusu Qreqor Zidan deyib.

 

50 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün keçiriləcək “Maribor” – “Qəbələ” görüşü ilə bağlı fikrini bildirib. O, yerli mətbuata açıqlamasında təmsilçimizi də tərifləyib: “Son dərəcə çətin oyun olacaq. “Qəbələ” yaxşı təşkilatlanmış və nə istədiyini bilən komandadı. Digər tərəfdən çempionatda uğursuz çıxışın “Maribor”lu futbolçulara mənfi təsir etməsi normaldı. Ancaq biz heyətdə baş verən dəyişiklikləri də nəzərə almalıyıq. İndi isə “Maribor”u mövsümün oyunu gözləyir. Nikbin olmaq lazımdı”.

 

Zidan bu gün əsas yükün hücumçular Markos Tavares və Milivoye Novakiviçin çiyinlərində olacağını söyləyib. Futbolçu karyerasının 8 ilini “Maribor”da keçirmiş Sloveniya millisinin sabiq yarımmüdafiəçisi hücumçuları dəqiq oynamağa çağırıb: “Onlar kifayət qədər təcrübəli və komandanı arxalarınca aparmaq iqtidarında olan futbolçulardı. Tavares və Novakoviçin günündə olması çox vacibdi. Azərbaycanlılarla görüşdə onlar yaxşı çıxış etməyə məcburdular və əllərinə düşən şanslardan maksimum yararlanmalıdılar. Meydanda “Maribor” və ya “Olimpiya”nın olmasının bir önəmi yoxdu. Əsas odu ki, Sloveniya klubu mübarizə aparacaq və bütün ölkə olaraq hamımız “Maribor”u dəstəkləməliyik”.

 

Qeyd edək ki, “Lyudski vrt” stadionunda keçiriləcək “Maribor” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk qarşılaşmada təmsilçimiz 3:1 hesabı ilə qələbə qazanıb.

0