[b]UEFA “Qəbələ”nin 31 potensial rəqibini açıqladı[/b]
25.08.2016 - 12:41
[b]UEFA “Qəbələ”nin 31 potensial rəqibini açıqladı[/b]

Gənclər Liqasının 2016/17 mövsümündə çıxış edəcək klubların tam siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA iştirakçılar və yarışın tarixlərini müəyyənləşdirib.

 

Yarışın ilk püşkatması bu gün baş tutacaq. Çempionlar Liqasının püşkatması həm də  Gənclər Liqasında mübarizə aparacaq komandalara da şamil olunacaq. Belə ki, həmin 32 klubun U-19 komandaları “Çempionlar Liqası yolu”nda 8 qrupa bölünəcək.

 

Öz ölkəsinin çempionu olan 32 komanda üçün isə püşk avqustun 30-da atılacaq. İlk iki mərhələnin püşkü Azərbaycan çempionu olan “Qəbələ”nin U-19 komandasının rəqiblərini də müəyyənləşdirəcək.

 

“Çempionlar yolu”nda UEFA-nın reytinq cədvəlində ilk 32 pillədə qərarlaşan ölkələrin çempionları çıxış edir. Lakin bu qaliblərdən 7-si – “Bavariya” (Almaniya), PSJ (Fransa), “Mançester Siti” (İngiltərə), “Porto” (Portuqaliya), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya) və “Legiya” (Polşa) əsas komandası Çempionlar Liqasında oynadığından yarışın digər hissəsində - qrup mərhələsində oynayacaq.

 

Bu üzdən həmin ölkələr “Çempionlar yolu”nda təmsil olunmayacaq. Onların əvəzində Gürcüstan, Finlandiya, İslandiya, Bosniya və Herseqovina, Makedoniya, İrlandiya, Monteneqronun çempionlarının yarışa yolu açılıb. Sonuncu iki ölkə isə tarixində ilk dəfə çempionunu Gənclər Liqasına yollayacaq.

 

Gənclər Liqası

“Çempionlar yolu”nun iştirakçıları

“Malaqa” (İspaniya), “Roma” (İtaliya), “Dinamo” (Moskva, Rusiya), “Ayaks” (Hollandiya), “Anderlext” (Belçika), “Sürix” (İsveçrə), “Altınordu” (Türkiyə), PAOK (Yunanıstan), “Sparta” (Çexiya), “Viitorul” (Rumıniya), “Zalsburq” (Avstriya), APOEL (Kipr), “Makkabi” (Hayfa, İsrail), “Şaxtyor” (Belarus), “Midtyulland” (Danimarka), AİK (İsveç), “Levski” (Bolqarıstan), “Rusenborq” (Norveç), “Çukariçki” (Serbiya), “Domjale” (Sloveniya), “Qəbələ” (Azərbaycan), “Nitra” (Slovakiya), “PFLA-Felçút” (Macarıstan), “Kayrat” (Qazaxıstan), “Şerif” (Moldova), “Dinamo” (Gürcüstan), HİK (Finlandiya), “Breydablik” (İslandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Vardar” (Makedoniya), “Kork Siti” (İrlandiya), “Mladost” (Monteneqro).

 

Qeyd edək ki, avqustun 30-da baş tutacaq püşkatma Bakı vaxtı ilə 14:00-da başlayacaq.

0