[b]Xerard Pike “Real”a sataşdı[/b]
25.08.2016 - 14:06
[b]Xerard Pike “Real”a sataşdı[/b]

“Barselona”nın müdafiəçisi Xerard Pike əzəli rəqibləri “Real”a söz atıb. Apasport.az saytı xəbər verir ki, ulduz futbolçu Çempionlar Liqası ilə proqnozunda Madrid təmsilçisinə asan rəqiblərin düşdüyünə işarə vurub.

 

Azarkeşlərdən birinin sosial şəbəkədə “Çempionlar Liqasında hansı komandalarla qarşılaşmaq istərdin?” sualına Pike bu cavabı verib: “Ən zəif qrupa düşmək istəyirəm. Ondan sonra 1/8 finalda İtaliya çempionatının üçüncüsü, 1/4 finalda Almaniyanın yeddincisi, yarımfinalda isə İngiltərənin üçüncüsü ilə qarşılaşmaq əla olar. Revanş görüşləri isə hər zaman öz meydanımızda olmalıdı”.

 

Pike bu cavabla “Real”ın ÇL-də asan rəqiblərlə düşdüyünə işarə vurub. Çünki “kral klubu” ötən mövsüm ən asan qruplardan birinə düşmüş, pley-off mərhələlərində isə növbə ilə “Roma”, “Volfsburq” və “Mançester Siti”ni üstələmişdi. Üstəlik, hər 3 rəqiblə cavab qarşılaşması “Santyaqo Bernabeu”da keçirilmişdi.

 

Qeyd edək ki, ötən mövsümün finalında “Atletiko”ya oyunsonrası penaltilərlə qalib gələn “Real” Çempionlar Liqasının qalibi olub.

0