[b]Mövsümün ən yaxşı “seyv”i – UEFA açıqladı[/b]
25.08.2016 - 16:58
[b]Mövsümün ən yaxşı “seyv”i – UEFA açıqladı[/b]

UEFA 2015-16 mövsümünün ən yaxşı qapıçı “seyv”ini açıqlayıb. Apasport.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı səsvermədə 156 min 972 nəfər iştirak edib.

 

Səsvermənin nəticəsinə görə, Macarıstan yığmasının qolkiperi Qabor Kirali bütün həmkarlarından gözəl qurtarış edib. Onun Avropa çempionatında Belçika ilə qarşılaşmada komandasını qoldan xilas etdiyi epizod 35 faiz səslə qiymətləndirilib. Yəni respondentlərin 54 min 228-i 40 yaşlı qolkiperin həmin qurtarışını “1 nömrə” hesab edib.

 

İkinci sıranı Rusiya yığmasının dəri əlcək sahibi İqor Akinfeyev turub – 14%. İlk “üçlüy”ü isə İtaliya yığmasının əfsanəvi qolkiperi Canluici Buffon (14%) qapayıb. Saytın oxucularının fikrincə, ən yaxşı 4 qurtarış Avropa çempionatında edilib. Çünki 4-cü sırada Polşa millisindəki “seyv”i ilə diqqət mərkəzinə düşən Lukaş Fabianski (12%) qərarlaşıb.

 

Fransa yığmasının üzvü Uqo Llorisin iki qurarışı ilk “10-luğ”a düşüb. Belə ki, onun Almaniya ilə matçdakı “seyv”i 3% (7-ci yer), İslandiya ilə görüşdəki qurtarışı isə 2%-lə (9-cu yer) qiymətləndirilib.

 

Manuel Noyer (“Bavariya”: 12%) 5-ci, David Ospina (“Arsenal”: 4%) 6-cı, Kevin Trapp (PSJ: 3%) 8-ci və PSJ-nin gənc qapıçısı Remi Deşam (1%) isə 10-cu yeri tutub.

0