[b]“Üzərimizdə təzyiq var idi” – Rəşad Sadıqov[/b]
25.08.2016 - 22:39
[b]“Üzərimizdə təzyiq var idi” – Rəşad Sadıqov[/b]

“Bu gün fanatlar möhtəşəm idilər. Bizə dəstək olan hər bir azarkeşə tək-tək təşəkkür edirəm. Yaxşı oyun alındı. Qrup mərhələində çıxış etməyə haqq qazandıq, ən əsası budur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.

 

UEFA Avropa Liqasının pley-of mərhələsinin cavab matçında öz meydanında İsveçin “Höteborq” klubunu 3:0 hesabı ilə məğlub edən ağdamlıların kapitanı görüş başa çatdıqdan sonra “İdman TV”nin müxbirinə açıqlama verib.

 

Sadıqov oyundan qabaq üzərlərində təzyiq olduğunu qeyd edib: “Üzərimizdə təzyiq var idi. “Viktoriya” ilə yaxşı oynamışdıq, ancaq turu son anda əldən vermişdik, “Höteborq”la da səfərdə yaxşı oynamışdıq, onda da məğlub olmuşduq. Bunun da nəticəsində üzərimizdə təzyiq yaranmışdı. Şükür olsun ki, bunun altından qalxdıq və gözəl oyunla qələbə qazana bildik”.

 

Təcrübəli oyunçu qrup mərhələsində hansı rəqiblə qarşılaşacaqlarının elə bir fərqi olmadığını deyib: “Hazırda gələcək rəqiblərimiz haqqında nəsə deyə bilmərəm. Oyun indicə bitib, heç bilmirəm qruplarda kimlərlə düşə bilərik. Bircə onu bilirəm ki, qruplarda zəif komanda olmur. Biz çalışacağıq ki, əlimizdən gəldiyi qədər orda da layiqincə çıxış edək”. 

0