[b]6-cı zəfər, 2-ci dubl, 47-ci mərhələ[/b]
26.08.2016 - 10:32
[b]6-cı zəfər, 2-ci dubl, 47-ci mərhələ[/b]

Azərbaycan klubları tarixində 6-cı dəfə avrokubokların əsas mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, 1994-cü ildən təsnifat mərhələlərinə qatılan təmsilçilərimiz “Qəbələ” və “Qarabağ”ın Avropa Liqasının pley-offu keçməsi sayəsində əsas raunda yüksəlmələrin sayını 6-ya çatdırıb.

 

İlk belə uğur “Neftçi”nin hesabında olub. Bakılılar 2012/13 mövsümündə tarixi uğura imza atıblar. 2014/15 mövsümündə həmin uğuru təkrarlayan “Qarabağ” ardıcıl 3 ildi Avropa Liqasının qrupunda mübarizə aparacaq. Son iki mövsümdə ağdamlılar tək deyil, “Qəbələ” ilə birlikdə ən yaxşılar arasında olacaq.

 

Bir sözlə, ümumilikdə 6 dəfə qrupa düşən komandalarımızın sayəsində ardıcıl 3-cü mövsüm payız gəlməmiş bitməyəcək və ilin sonunadək davam edəcək. Ardıcıl 2-ci dəfə isə bunu 2 klubla yaşayacağıq. 6 zəfərdən 3-ü “Qarabağ”ın, 2-si “Qəbələ”, 1-i “Neftçi”nin hesabındadı.

 

İsveç “Höteborq”unu keçən (0:1, 3:0) “Qarabağ” tarixində 17-ci dəfə avrokuboklarda mərhələ keçib. Bununla, əyalət klubun özünün sahibi olduğu rekordu yeniləyib.

 

Sloveniya “Maribor”unu zərərsizləşdirən (3:1, 0:1) “Qəbələ” isə belə uğurlarının sayını 8-ə çatdırıb. Son iki mövsümün hərəsində 4 rəqibi dayandıran təmsilçimiz bu göstəricidə “İnter”i arxada qoyub. Hələlik 3-cü olan “Qəbələ” 9 mərhələ adlayan “Neftçi”dən 1 addım geridədi.

 

“Bankirlər”in hesabında 7 uğur olduğunu nəzərə alsaq, bu 4 komanda ümumilikdə 41 dəfə mərhələ keçməyin sevincini yaşayıb. Azərbaycan klublarının ümumi uğurlarının sayı isə 47-yə çatıb. Çünki bu 4 komandadan başqa, “Xəzər Lənkəran” 2, “Şəmkir”, “Karvan”, “Bakı” və “Kəpəz” hərəyə 1 rəqibi keçib.

 

 

0