[b]“Bu, indiyədək oynadığım ən bərbad qazon idi” - Mikael Boman[/b]
26.08.2016 - 11:26
[b]“Bu, indiyədək oynadığım ən bərbad qazon idi” - Mikael Boman[/b]

“Meydançanın ot örtüyü bərbad vəziyyətdə idi. Topa zərbə vurmaqda böyük çətinlik çəkirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Höteborq”un hücumçusu Mikael Boman deyib.

 

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a Bakıda 0:3 hesabı ilə məğlub olan İsveç təmsilçisi mübarizəni dayandırıb. Qarşılaşmanın ikinci hissəsində dizindən zədə alan qonaqların forvardı 72-ci dəqiqədən əvəzlənmək məcburiyyətində qalmışdı.

 

Boman məğlubiyyətə əsas səbəblərdən biri kimi, Tofiq Bəhramov adına Respublika stadionunun qazonunu göstərib. 28 yaşlı futbolçu hətta belə meydanda oyun keçirməyin doğru olmadığını söyləyib: “Bu, mənim indiyədək oynadığım ən bərbad qazon idi. Sanki otun yox, xalçanın üzərində oynayırdıq. Hakim oyunu saxlaya da bilərdi”.

 

Matçın 70-ci dəqiqəsində zədələnən Boman meydanı xərəkdə tərk etməli olmuşdu. Onu daşıyan azyaşlı uşaqların isə gücü çatmadığından, Boman xərək qarışıq yerə düşmüşdü. O, bu kuryoz hadisəyə görə heç kimi günahlandırmayıb: “Həmin epizodda zədəmin hayında idim, nə baş verdiyinə fikir vermirdim. Xərəyin qulpu uşaqlardan birinin əlindən çıxdı, yerə düşdüm. Amma o uşaqda günah yoxdu. Çünki o, balacadı. “Qarabağ”ın bir futbolçusu (Ansi Aqolli) centlmenlik edib, kənara çıxarılmağıma kömək etdi”.

 

Onu da əlavə edək ki, Bomanla yanaşı, “Höteborq”un yarımmüdafiəçisi Soren Riks də dizindən zədələnib. Klubun həkimi hər iki oyunçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.

 

Qeyd edək ki, İsveçdə 1:0 hesabı ilə qələbə qazanan “Höteborq” Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra avrokuboklarla vidalaşıb.

0