[b]“Su sisteminin işə düşməsi “Qəbələ”ni şokdan ayıltdı” - Markos Tavares[/b]
26.08.2016 - 14:03
[b]“Su sisteminin işə düşməsi “Qəbələ”ni şokdan ayıltdı” - Markos Tavares[/b]

“Fantastik oyun oldu. Fikirləşirdik ki, pley-offa qədər irəliləmişiksə, qrupa da düşə bilərik”. Apasport.az saytının məlumatına görə, bunu “Maribor”un kapitanı Markos Tavares deyib.

 

Avropa Liqasının pley-off mərhələsində ilk matçda “Qəbələ”yə 1:3 hesabı ilə məğlub olan Sloveniya komandası evdə 1 topla qalib gəlsə də, ümumi hesabda yenilərək mübarizəni dayandırıb.

 

Hər iki görüşdə “Maribor”un qoluna imza atan Tavares yerli mətbuata açıqlamasında komandasının mərhələ adlamağa layiq oyun ortaya qoyduğunu bildirib: “Bütün güclərini ortaya qoyduqları üçün komanda yoldaşlarımı təbrik edirəm. Biz bu gün şou göstərdik. Pley-off mərhələsində görünməmiş bir üstünlüyə malik idik. Düzdü, ikinci hissənin əvvəllərində “Qəbələ” üstünlüyü ələ aldı, təhlükəli hücumlar qurmağa başladı. Ancaq yenidən nəzarət bizim tərəfimizə keçdi. Yaxşı oynamağımıza və xeyli qol imkanı yaxalamağımıza baxmayaraq, təəssüf ki, istədiyimiz nəticəni ala bilmədik. Məyusuq, amma tez toparlanmalıyıq. Bizi çempionatda uzun marafon gözləyir. Başımızı dik tutub, yenidən Avrokuboka vəsiqə uğrunda mübarizə aparmalıyıq”.

 

Braziliyalı hücumçu qarşılaşmanın gedişində meydançanın su sisteminin açılmasının onlara mənfi təsir etdiyini söyləyib: “Bu, heç yerinə düşmədi. Çünki həmin vaxt rəqibi təzyiq altında saxlamışdıq. 3-4 dəqiqə idi ki, “Qəbələ” qapısından çıxa bilmirdi və biz qol axtarışında idik. Onlar həmin vaxt şokda idilər. Amma su sisteminin işə düşməsi onları bu şokdan ayıltdı. Ardından isə temp aşağı düşdü. Ancaq getdikcə yenidən təzyiqi artırdıq, son saniyəyə qədər cəhd etdik. Sadəcə, bəxtimiz gətirmədi”.

 

32 yaşlı futbolçu sonda dəstəyə görə, azarkeşlərə də təşəkkür edib: “Atmosfer möhtəşəm idi. Bizi belə dəstəklədikləri üçün azarkeşlərimizə minnətdarlığımı bildirirəm. İlk dəqiqədən son fitə qədər komandanı irəli səslədilər. Təəssüf ki, onlara istədikləri qələbə hədiyyəsini verə bilmədik. Ancaq göstərdik ki, biz birlikdə güclüyük. Onlar bu klubla nəfəs alırlar. Biz də məşqlərdə var gücümüzlə üzərimizdə çalışacağıq ki, azarkeşlərimizin inamını oyunlarda doğruldaq. Fikrimcə, bu yolla getsək, uğur çox uzaqda olmayacaq”.

0