[b]Tarixində ilk dəfə Azərbaycan klubuna qarşı[/b]
26.08.2016 - 16:26
[b]Tarixində ilk dəfə Azərbaycan klubuna qarşı[/b]

Avropa Liqasının qrupunda “Qarabağ”ın rəqibi olan “Slovan” tarixində ilk dəfə Azərbaycan klubu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Liberets təmsilçisi cari mövsümdə daha erkən ölkəmizə gələ bilərdi.

 

Püşk bu komandanı III təsnifat mərhələsində “Kəpəz” – “Admira” cütünün qalibi ilə üz-üzə qoysa da, Gəncə təmsilçisi avstriyalıları adlaya bilmədiyindən bu duel baş tutmayıb.

 

Lakin cari mövsümdə Azərbaycan – Çexiya dueli qeydə alınıb. “Qarabağ”ı Çempionlar Liqasından məhz bu ölkənin təmsilçisi kənarlaşdırıb. “Viktoriya” ağdamlılardan səfər qolu ilə üstün olub – 0:0, 1:1.

 

Ümumiyyətlə isə  təmsilçilərimizlə 4 dəfə yolları kəsişən çexiyalılar bütün duellərdə mübarizəni davam etdirən tərəf olub. 4 duel çərçivəsindəki 8 oyundan 5-də uduzan komandalarımızın təsəllisi 3 heç-heçədi.

 

Buna da “Qarabağ”dan başqa yalnız “Karvan” nail olub. Yevlax təmsilçisi UEFA kubokunun 2006/07 mövsümündə Bakıda 2 cavabsız qol vuran “Slaviya” ilə səfərdə heç-heçə edib – 0:0.

 

Çexiya klublarına uduzduğumuz 5 qarşılaşmadan üçündə isə böyük hesab qeydə alınıb. Ən ağır zərbəni “Qarabağ” alıb. Ağdamlılar UEFA kubokunun 1997/98 mövsümdə “Yablonets” önündə darmadağına üzülüblər. Səfərdə 5 cavabsız qol buraxan təmsilçimiz evdə 0:3-ə məyus olub. 2000/01 mövsümündə isə “Şəmkir” hər iki matçda “Slaviya”ya yenilib - 0:1, 1:4.

 

Bir sözlə, “Qarabağ” 4, klublarımız cəmi 8 dəfə çexiyalılarla görüşüb. Top fərqində də rəqiblərimiz böyük üstünlüyə malikdi – 2:16

0