[b]“Fiorentina” “Qarabağ”ı tanımır: Klub saytında kobud səhvlər[/b]
26.08.2016 - 17:02
[b]“Fiorentina” “Qarabağ”ı tanımır: Klub saytında kobud səhvlər[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İtaliya “Fiorentina”sı Ağdam klubunu yaxşı tanımır. Apasport.az saytının məlumatına görə, Florensiya təmsilçisinin rəsmi saytının Azərbaycan təmsilçisi barədə verdiyi qısa tanıtma belə deməyə əsas verir.

 

Bu gün Monakoda təşkil olunan püşkatmadan dərhal sonra rəqibləri tanıtmağı zəruri sayan “Fiorentina” “Qarabağ”la bağlı bir sıra kobud səhvlər edib.

 

Baş məşqçinin Qurban Qurbanov olduğunu və Ağdam klubunun hələ SSRİ dövründə iki Azərbaycan çempionu adını qazandığından xəbərdar olan italiyalılar müstəqillikdə əldə edilən titulların sayını qarışdırıb.

 

Klubun rəsmi saytı “Qarabağ”ın iki dəfə (1993 və 2014) çempion, 3 dəfə kubok (1993, 2006 və 2009) sahibi olduğunu iddia edir. Onlar ağdamlıların təkcə 2014-də deyil, son 3 ildə (2014, 2015, 2016) qızıl medalları heç kimə verməməyini və son 2 kuboku (2015, 2016) da nəzərə almayıb. Görünür, “Fiorentina” rəsmiləri son iki mövsümdəki “Qızıl dubl”dan xəbərsizdi ya da hələ də 2014-cü ildə qalıblar.

 

“Qarabağ”ın “Neftçi” kimi 1992-ci ildən indiyədək daim yüksək dəstədə oynadığını da vurğulayan appeninlilər Avropadakı ən böyük uğur kimi 2014/15 mövsümünü qeyd edib. Onlar təmsilçimizin həmin vaxt “İnter”, “Sent-Etyen” və “Dnepr”lə Avropa Liqasının eyni qrupunda mübarizə apardığını, 6 xal topladığını da yazıb. Florensiyalılar hətta “İnter”lə görüşdə hakimin 90+4-cü dəqiqədəki qolu qeydə almamasının ağdamlıların tarixi uğuruna – 1/16 finala yüksəlməsinə mane olduğuna da yer ayırıblar.

 

Amma avrokuboklardakı uğurlarda da 2015/16 mövsümündə də qrupa vəsiqə qazanılması unudulub. İtaliyalıların son 2014/15 mövsümünün sonundakı titulları və 2015/16 mövsümünü bütünlüklə diqqətdən kənarda qoyması isə müəyyən ehtimallar yaradır. Görünür, klub nümayəndələri 2015-ci ilin əvvəlindən yenilənməyən  hansısa mənbədən məlumat toplayıblar.

0