[b]3 aparıcı futbolçu getdi, 2-si gəlir - “Anderlext”də ciddi dəyişiklik[/b]
27.08.2016 - 13:56
[b]3 aparıcı futbolçu getdi, 2-si gəlir - “Anderlext”də ciddi dəyişiklik[/b]

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Anderlext”in heyətində ciddi dəyişikliklər olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, komanda 3 aparıcı futbolçusu ilə yollarını ayırıb.

 

Bunlar qapıçı Silvio Proto, həmçinin yarımmüdafiəçilər Dennis Prat və Stiven Defurdu. Adıçəkilən futbolçuların hər üçü komandanın liderləri sayılırdılar. Proto 2005, Prat 2011, Defur isə 2014-cü ildən bu klubun formasını geyinirdi.

 

Klub rəhbərliyi əvəzində iki tanınmış simanı transfer etməyə hazırlaşır. Onlar arasında Nikolas Lombertsin adı xüsusi diqqət çəkir. “Anderlext” Belçika millisinin müdafiəçisi ilə anlaşsa da, onun müqavilə ilə məxsus olduğu “Zenit”lə danışıqlar davam edir. “Bənövşəyi-ağlar” bu keçid üçün ruslara 2 milyon avro təklif edib. Əgər Sankt-Peterburq təmsilçisi buna razılıq verməsə, “Anderlext” 31 yaşlı oyunçunu icarəyə götürmək variantını nəzərdən keçirəcək.

 

“Qəbələ”nin rəqibinin maraq dairəsində olan digər futbolçu isə “Leipziq” klubunun hücumçusu Massimo Brunodu. Bu transferin isə belçikalılara 5 milyon avroya başa gəlməsi gözlənilir.

 

Qeyd edək ki, “Anderlext” Avropa Liqasının qrup mərhələsində ilk oyununu sentyabrın 15-də evdə “Qəbələ”yə qarşı keçirəcək.

0