[b]“Sadəcə təcrübəm çatmadı” – Kamran Şahsuvalı[/b]
27.08.2016 - 18:28
[b]“Sadəcə təcrübəm çatmadı” – Kamran Şahsuvalı[/b]

“Bir tərəfdən hədəfə çatdığımızı demək olar. Çünki London Olimpiadasında 2 bürünc medal qazanmışdıq. Bu dəfə üstünlüyümüz ondadır ki, Azərbaycan boksunun tarixində ilk dəfə olaraq, gümüş mükafata sahib olduq. Həmçinin də bir bürünc medala yiyələndik”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, kişilərdən ibarət Azərbaycan yığmasının böyük məşqçisi Nəriman Abdullayev deyib.

 

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları Azərbaycan yığması üçün uğurla başa çatdı. 18 medal qazanan ölkəmiz həm mükafat, həm də fərqləndiyi idman növlərinin sayında rekord vurdu. Həmçinin taekvondoçularımızla boksçularımız tarixlərində yeni səhifə açdılar.

 

Abdullayevin sözlərinə görə, gümüş medal qazanan Lorenzo Sotomayorun (64 kq) çempionluğunu hakimlər “əlindən alıblar”: “Digər döyüşlərdə də ədalət təmsilçiləri bizi məyus etdi. Ümumilikdə hesab edirəm ki, 1 gümüş və 1 bürünc medal bizim üçün böyük uğurdur”.

 

Böyük məşqçi favorit deyil, az ümid bağladıqları Lorenzo Sotomayorun və Kamran Şahsuvarlının (75 kq) necə qalib gəlməsinin səbəblərini də açıqlayıb: “Kamran rusiyalı dünya çempionunu mübarizədən kənarlaşdırdıqdan sonra ona inam daha da artdı. Yarımfinalda isə kubalı ilə görüşdə rəqibin çox güclü olduğunu bilirdik. Amma Şahsuvarlıya bunu hiss etdirmədik, hərtərəfli döyüşə hazırladıq. Lakin onun böyük rinqdə lazımı təcrübəsinin olmadığı görünürdü. Pis döyüşmədi. Rəqib güclü olduğu üçün nokdauna da düşə bilərdi. Hesab edərik ki, Kamranın parlaq döyüş keçirdi və haqq etdiyi medalı qazandı. Sotomayor Şahsuvarlı ilə müqayisədə həm yaşlı, həm də təcrübəlidir. Əlbəttə, onun finalda döyüşəcəyinə inanmırdıq. Amma o bunu bacardı. Bəzən güclü boksçu da Olimpiadada özünü göstərə bilmir və uduzur, döyüşünü qura bilmir. Lakin Sotomayor özünü yaxşı tərəfdən göstərdi. Hakim səhvləri səbəbindən çempion ola bilmədi. Amma azı bir qızıl medal qazanacağımızı gözləyirdik”.

 

Kişilərdən ibarət taekvondo yığmasının böyük məşqçisi Elnur Amanov da nəticədən razı qalıb. Onun sözlərinə görə, bu növdə tariximizdə ilk mükafatları qazanmaları federasiyanın düzgün iş qurmasının bəhrəsidir: “Rioya yollanmazdan öncə sonuncu dəfə məhz sizin verilişdə qeyd etmişdik ki, hər bir rəqibə qarşı ciddi hazırlaşırıq. 4 idmançımızın hər birindən medal gözləyirdik. Hətta fəxri kürsüyə qalxa bilməyən Fəridə Əzizovanın da cənubi koreyalı ilə döyüşündə hakim rəqibə cərimə versəydi, o finala da çıxa bilərdi. Belə olan halda 3 deyil, 4 medalla da vətənə qayıda bilərdik”. 

 

Amanov Azərbaycan yeganə medalı qazandıran Radik İsayevin (+80 kq) döyüşlərini şərh edib, nəyin hesabına himnimizi səsləndirməsinə aydınlıq gətirib. O, həmçinin Milad Beiqi Harçeqaninin (80 kq) və Patimat Abakarovanın (49 kq) “bürünc yolu”ndan da danışıb: “Milad indiyədək qatıldığı yarışlarda ancaq çempionluğa sevinmişdi. Rioda uduzduğu böyük britaniyalı rəqibinə Bakı-2015-də və Avropa çempionatında vaxtından əvvəl, ikinci hissədə qalib gəlmişdi. Bu məğlubiyyəti heç gözləmirdim. Ən çətin rəqibi iranlı dünya çempionu idi. Hamı deyirdi ki, bu cütün qalibi çempion olacaq. Amma Olimpiadada əvvəlcədən nə isə söyləmək də çətindir”.

 

Taekvondoçularımız Afina, Pekin və London Olimpiadasında medal qazana bilməsələr də, Rioda 1 qızıl və 2 bürünc mükafata sahib oldular. Bu həm də idman tariximizə yeni səhifə kimi düşdü. Uğuru Taekvondo Federasiyası üçün böyük nailiyyət adlandıran çalışdırıcı Tokio-2020-də daha yaxşı nəticəyə inam ifadə edib.

 

Rio Olimpiadasının boks yarışlarının bürünc mükafatçısı Kamran Şahsuvarlı (75 kq) hələ Oyunların yorğunluğunu arxada qoymadığını deyib: “Bir az da psixoloji yorğunluğum qalıb. Hələ də döyüşlərimi fikirləşirəm. İstirahəti ailəmlə keçirməyi planlaşdırıram”.

 

Artıq döyüşlərinin video yazısını dəfələrlə izləyən Şahsuvarlı bildirib ki, ən çox yarımfinalda məğlub olduğu kubalı rəqibi ilə görüşünə baxıb. Qarşılaşmalarından da danışan Kamran Riodakı cıxışını belə xatırlayıb: “İlk mərhələdə çinli idmançı ilə üz-üzə gəldim. Yarışlarda görsəydim də, qarşılaşmamışdıq. Bilirdim ki, fiziki cəhətdən zəifdir. Ona görə hücum taktikasını seçdim və qalib gəldim”.

 

Asiyalı boksçunun ardınca 2 dünya çempionunu mübarizədən kənarlaşdıran Rionun mükafatçısı rəqiblərinə özünəinam olduğu üçün qalib gəldiyini söyləyib: “Çünki onlarla döyüşdə mən nə isə itirməyəcəkdim. Nə itirəcəkdisə, rəqiblərim itirəcəkdi. Üzərimə düşən vəzifə yaxşı döyüş göstərmək idi. Bu səbəbdən də rinqə çıxıb, özümə inanırdım və qalib gəlirdim. Kubalı idmançı ilə yarımfinal öncəsi Kuba əsilli boksçumuz Sotomayordan da məsləhətlər almışdım. Onlar bir-birini yaxşı tanıyırlar. Amma rinqdə özün “işləyirsən”, nə isə deməklə alınmır. Sadəcə qalib gəlməyə təcrübəm çatmadı. Bəlkə də onunla başqa yarışlarda üz-üzə gəlsəydim, döyüş ayrı cür olacaqdı”.

 

Rioda hər bir döyüşdən sonra ehtiyatlı danışan Kamran bildirib ki, əvvəlcədən “belə edəcəyəm, elə edəcəyəm” deməyi xoşlamır: “Çünki hər şeyə rinqə çıxdıqdan sonra aydınlıq gəlir”.

 

Hələ 24 yaşı tamam olmayan boksçumuz növbəti Olimpiadada “bürünc”ün əyarını yüksəltməyə çalışacağını deyib: “Daha çox məşq edəcəyəm, “artıracağam”. Buradakı uğurdan sonra özümə inamım daha da artacaq. Çalışacağam ki, Tokio Olimpiadasına vəsiqə qazanıb və ordan bundan da yaxşı nəticə ilə qayıdam”.

0