[b]Avropada ikinci cəhd[/b]
29.08.2016 - 14:33
[b]Avropada ikinci cəhd[/b]

Sabah Gənclər Liqasının 2016/17 mövsümündə çıxış edən ölkə çempionlarının yarışında ilk iki mərhələnin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 

Ardıcıl ikinci mövsüm yeni formatda keçirilən turnirdə Azərbaycan da təmsil olunacaq. Ölkəmizi debüt mövsümündə “Rəvan” təmsil edirdisə, bu dəfə “Qəbələ” beynəlxalq arenada qüvvəsini sınayacaq.

 

AFFA-nın keçirdiyi U-19 Liqasının qalibi olan “qırmızı-qaralar” öz ölkəsinin çempionu olan 32 komanda ilə birlikdə mübarizə aparacaq. Bu komandalar hər biri iki oyundan ibarət iki mərhələdə ən yaxşı 8 iştirakçını müəyyənləşdirməlidi.

 

“Çempionlar yolu”ndakı bu vəsiqələrə UEFA-nın reytinq cədvəlində ilk 32 pillədə qərarlaşan ölkələrin çempionları çıxış edir. Lakin bu qaliblərdən 7-si – “Bavariya” (Almaniya), PSJ (Fransa), “Mançester Siti” (İngiltərə), “Porto” (Portuqaliya), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya) və “Legiya” (Polşa) əsas komandası Çempionlar Liqasında oynadığından yarışın digər hissəsində - qrup mərhələsində oynayacaq.

 

Bu üzdən həmin ölkələr “Çempionlar yolu”nda təmsil olunmayacaq. Onların əvəzində Gürcüstan, Finlandiya, İslandiya, Bosniya və Herseqovina, Makedoniya, İrlandiya, Monteneqronun çempionlarının yarışa yolu açılıb. Sonuncu iki ölkə isə tarixində ilk dəfə çempionunu Gənclər Liqasına yollayacaq.

 

Gənclər Liqası

“Çempionlar yolu”nun iştirakçıları

“Malaqa” (İspaniya), “Roma” (İtaliya), “Dinamo” (Moskva, Rusiya), “Ayaks” (Hollandiya), “Anderlext” (Belçika), “Sürix” (İsveçrə), “Altınordu” (Türkiyə), PAOK (Yunanıstan), “Sparta” (Çexiya), “Viitorul” (Rumıniya), “Zalsburq” (Avstriya), APOEL (Kipr), “Makkabi” (Hayfa, İsrail), “Şaxtyor” (Belarus), “Midtyulland” (Danimarka), AİK (İsveç), “Levski” (Bolqarıstan), “Rusenborq” (Norveç), “Çukariçki” (Serbiya), “Domjale” (Sloveniya), “Qəbələ” (Azərbaycan), “Nitra” (Slovakiya), “PFLA-Felçút” (Macarıstan), “Kayrat” (Qazaxıstan), “Şerif” (Moldova), “Dinamo” (Gürcüstan), HİK (Finlandiya), “Breydablik” (İslandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Vardar” (Makedoniya), “Kork Siti” (İrlandiya), “Mladost” (Monteneqro).

 

I mərhələnin ilk oyunları sentyabrın 27-28-də, cavab matçları oktyabrın 18-19-da baş tutacaq. II mərhələ isə noyabrın 1-2 və 22-23-də keçirilməlidi.

 

“Çempionlar yolu”nda mübarizə aparan 32 klubla paralel olaraq, Çempionlar Liqasında çıxış edən 32 komandanın gənclərdən ibarət kollektivləri qrup mərhələsində ən yaxşıları müəyyənləşdirəcək. Qrup qalibləri birbaşa 1/8 finala yüksələcək. İkinci yer sahibləri isə “Çempionlar yolu”nun ən yaxşı 8 komandası ilə pley-offda qüvvəsini sınayacaq. Bu mərhələnin püşkatması dekabrın 12-də baş tutacaq. Bir oyundan ibarət olub, ölkəsinin çempionlarının meydanında baş tutacaq pley-offun qarşılaşmaları gələn il fevralın 7-8-də keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycanın Gənclər Liqasındakı ilk təmsilçisi “Rəvan” I mərhələdə Rusiya “Spartak”ına uduzub – 0:4, 0:0.

0