[b]Rövnəq Abdullayev: Bu gün həvəs göstərirlər, sabah qoyub qaçırlar - MÜSAHİBƏ[/b]
29.08.2016 - 22:03
[b]Rövnəq Abdullayev: Bu gün həvəs göstərirlər, sabah qoyub qaçırlar - MÜSAHİBƏ[/b]

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, federasiya prezidenti ilk növbədə iclasda müzakirə edilən məsələlər haqda məlumat verib.

 

“İcraiyyə Komitəsinin bu dəfəki iclası bir qədər ənənəvi olmayan formada keçirildi. İlk öncə futzal üzrə milli komandamızla görüşdük və onları Kolumbiyaya yola saldıq. Futzalda böyük nailiyyətlərimiz var və düşünürəm ki, Kolumbiyadakı dünya çempionatında ən azı qrup mərhələsini aşmaq imkanımız var. Bundan əlavə, çimərlik futbolu üzrə milli komandamızın son göstərdyi nəticələr də müzakirə olundu. Bildiyiniz kimi, çimərlik futbolu üzrə milli komandamız son vaxtlar uğurlu çıxışı ilə seçilir. Millimiz Avropada B qrupundan A qrupuna vəsiqə qazanıb. İclasda müzakirə edilən əsas məsələ isə danışılmış oyunlarla bağlı oldu. Bununla bağlı bəyannamə qəbul etdik. İlk olaraq, İcraiyyə Komitəsinin üzvləri bu bəyannaməyə qol çəkdilər. Biz Azərbaycanın bütün futbol ictimaiyyətini bu bəyannaməyə qoşulmağa çağırırıq. Bilirsiz ki, bir müddət öncə federasiya tərəfindən ölkə prezidentinə məktubla müraciət edərək xahiş etmişik ki, ölkənin cinayət məcəlləsində danışılmış oyunlarla bağlı da bənd salınsın və bu oyunlarda iştirak edənlər cinayət məsuliyyətinə cəlb edilsin. Bu məsələ bütün dünyada böyük problemdi. Bu problemdən biz də yan qaça bilmirik. Ancaq əlimizdən gələni edirik ki, Azərbaycan futbolu bu qara yaradan azad olsun. İclasda başqa məsələlər də müzakirə edilib. Bu barədə də məlumat veriləcək”.

 

- U-17 millisinin baş məşqçisi Rafiq Mirzəyevin istefası qəbul edildi?

- Bəli. Onun əvəzinə müvəqqəti olaraq köməkçisi Vüqar Məmmədov təyin edilib. Vüqar 7 ilə yaxındı bu millidə köməkçi kimi çalışıb. Ona görə də, ona şans verdik ki, işləsin.

 

- Mətbuatda “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşdüyünüz barədə xəbərlər yayılmışdı. Ancaq “Bakı” bu il birinci divizionda da çıxış etməyəcək...

- Yox, belə görüş olmayıb. “Bakı” Azərbaycan futbolu üçün böyük işlər görüb. Ancaq son vaxtlar bu klubun FİFA ilə problemləri var. Son mövsümdə FİFA tərəfindən “Bakı”nın 15 xalı silindi. Komanda borclarına görə lisenziya ala bilmədi. “Bakı” FİFA qarşısında öhdəliklərini yerinə yetirə bilməyib. Belə olduğu halda, biz bu klubu çempionata buraxsaq, FİFA həmin sanskiyaları bizə qarşı da edə bilər. Çünki onlar bizdən də tələb edirlər ki, klub öz öhdəliklərini yerinə yetirsin. Məhz buna görə, komandanın çempionata buraxılmaması qərarına gəldik.

 

- Bununla bağlı federasiya “Bakı”ya güzəşt edə bilməzdi?

- Xeyr. Bunu etsəydik, biz də FİFA qarşısında məsuliyyət daşıyacaqdıq.

 

- “Əlincə”nin çox gözəl bazası var. Ancaq klub məcbur olub bu il U-16 komandasını buraxmalı oldu. Sponsorla bağlı problemləri var. Həmin klubun rəhbərliyi ilə görüşmək mümkündü?

- Bilirsiz, bizim ən böyük problemimiz sponsorların getməsidi. Bu gün həvəs göstərirlər, sabah qoyub qaçırlar. Futbolun inkişafı fondu yaradıldı. Bu, AFFA-nın dəstəyilə yaradılıb. Orda yığılan maliyyə vəsaiti o fonda yığılacaq və şəffaf şəkildə futbolun inkişafına yönəldiləcək. Bəzi futboldan kənar insanlar özlərini reklam etmək üçün komandaları öz himayələrinə götürür, Premyer Liqada iştirak etmək istəyirlər. Ancaq sonradan komandanı yarı yolda atıb qaçırlar. Ona görə biz çalışırıq ki, klublar FİFA-nın qaydaları əsasında lisenziya alsınlar.

 

- “Neftçi” son dövrlər uğrsuz çıxış edir. Bununla bağlı komandanın sponsoru olan SOCAR tərəfindən hansısa hesabat tələb olunacaq?

- Yox, “Neftçi”nin sponsorları arasında SOCAR olsa da, klubun idarə edilməsində iştirak etmir. Klubun idarə heyətində SOCAR-ın işçiləri var. Bu, ictimai bir idarəetmə sistemidi. Ancaq SOCAR klubun daxili işlərinə qarışmır. SOCAR-ın vitse-prezidenti Xoşbəxt müəllim “Neftçi”nin azarkeşidir, Ağsaqqal Şurasının sədridir. O, onları gecə-gündüz "presləyir", narahat olmayın (gülür).

 

- Premyer Liqada klubların sayının azaldılmasının futbolumuza mənfi təsiri var?

- Olacaq. Klubların azalması, oyunların sayının azalması yaxşı deyil. Ancaq başqa yolumuz yox idi. Belə qərara gəldik ki, bu il 8 komanda olsun, gələn ildən bu say 10-a çatdırılsın.

 

- Futzal millisinin üzvləriylə görüşdüyünüzü dediz. Bu millinin baş məşqçisinin də istəkləri var idi. Məsələn komandanın daha çox yoxlama oyunu keçirməsiylə bağlı. Sizinlə görüşdə bu istəklərini bildirdi?

- Yox, artıq bunun üçün gec idi (gülür). Komanda artıq yola düşür. Bu gündən artıq Kolumbiya vaxtıyla yatıb-duracaqlar. Bilirsiz ki, bu ölkəylə 7 saatlıq fərq var.

 

- Özünüz Kolumbiyaya yollanacaqsız?

- Xeyr.

 

- Bu gün millinin üzvləriylə görüşdüz, qarşıda San-Marinoyla oyun var...

- Milliyə San-Marinoyla oyunda uğurlar dilədik, xeyir-dua verdik. Onlar da çalışacaqlar ki, seçmə mərhələyə uğurla başlasınlar. Çətin olacaq. Futbolda asan rəqib olmur.

 

- Seçmə mərhələdə millinin qarşısına hansı məqsəd qoyulub?

- Futbolçular özləri qarşısına məqsəd qoyublar - maksimum irəli getmək. Bizim əsas məqsədimiz AÇ-2020-yə qatılmaqdı. Niyə də olmasın? Və ya niyə də DÇ-2018-ə vəsiqə qazanmayaq?

 

- Son vaxtlar klublarda Müşahidə Şurasının yaradılmasının vacibliyini qeyd etmişdiz. Ancaq son illərdəki nəticələr göstərir ki, əksinə, Müşahidə Şurası olmayan klublar daha uğurlu çıxış edirlər. Məsələn, “Qarabağ” və “Qəbələ”. Düşünmürsüz ki, Müşahidə Şurası uğursuz layihədi?

- Xeyr, belə düşünmürəm. Müşahidə Şurası klubun şəffaf idarə edilməsidi. Bunun komandanın pis oyununa, uğursuz çıxışna heç bir dəxli yoxdu. Bu, idarə etmə formasıdı. Bunları bir-birinə qatmayın. “Neftçi”nin uğursuzluqlarının səbəbini deməyə mənim ixtiyarım yoxdu. Ancaq mən “Neftçi”də prezident olduğum zaman Qurban Qurbanov istefaya səsləyirdilər. Mən o vaxt demişdim ki, Qurban 200 oyunda da uduzsa, onu istefaya göndərməyəcəm. Bir klubda tez-tez məşqçi dəyişiklikləri olmamalıdı.

 

- Son vaxtlar “Neftçi”nin oyunlarına çox az azarkeş gəlir...

- Bu, Azərbaycan futbolunun problemidi. Neçə ildi futbolda çalışıram, bu problem həmişə olub. Ancaq beynəlxalq oyunlarda gəlirlər. Yəqin nəyisə düzgün etmirik ki, az azarkeş gəlmir. 60 minlik stadion tikmişik. Ancaq 10 minlik 8-ci km stadionu da dolmur.

 

- Adətən Avropada Müşahidə Şurasının üzvləri özləri klub üçün pul qoyurlar. “Neftçi”də isə dövlətin verdiyi pullar idarə edilir. Düşünmürsüz ki, burda nə isə uyğunsuzluq var?

- Uyğunsuzluq yoxdu. Narahat olmayın. 

 

- Azərbaycanda çimərlik futbolu üzrə çempionat yoxdu...

- Bunun üçün stadionlar düzəltməliyik. Düşünmürəm ki, çimərlik futbolunu rayonlarda inkişaf etdirə bilək. Həvəskar səviyyədə çempionat keçirilə bilər.

0