[b]“Nə problem olsa, birbaşa mənə müraciət edin” - Elmar Məmmədyarov[/b]
29.08.2016 - 22:56
[b]“Nə problem olsa, birbaşa mənə müraciət edin” - Elmar Məmmədyarov[/b]

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasdan sonra İcraiyyə Komitəsinin üzvü, xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, nazir ilk olaraq iclas barədə fikirlərini bildirib.

 

“Çox maraqlı iclas keçdi. Maraqlı məsələləri müzakirə etdik. Sevindirici haldı ki, AFFA-da belə sərbəst müzakirələr aparılır. İki klubumuz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Çox təəssüf ki, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədik. “Qarabağ”ın “Viktoriya” ilə oyununa stadiondan baxdım. Çox təəssüf ki, “Qarabağ” həmin oyunun 85-ci dəqiqəsində qol buraxaraq, Çempionlar Liqasında mübarizəni dayandırdı. Azərbaycan futbolunda inkişaf gedir. Qarşıda millinin oyunu var. Ümid edirəm ki, millimiz Rusiyada təşkil ediləcək DÇ-2018-ə qatılacaq və biz də bu ölkədə millimizi dəstəkləyəcəyik. Bizim buna potensialımız var. Bunun üçün futbolçular öz üzərlərində daha çox çalışmalıdılar. Son olimpiadada 18 medal qazandıq. Artıq komanda idman növlərində bu uğuru qazanmalıyıq”.

 

- Elmar müəllim, uzun illərdi Azərbaycan Xarici İşlər Nazirliyinə rəhbərlik etsəz də, futbolda yenisiz. Uyğunlaşma dövrünü geridə qoymusuz?

- Azərbaycanda elə adam var ki, uşaqlıqdan futbol oynamasın? Uyğunlaşma üçün əlavə vaxta ehtiyac olmadı. İnsan istəyir meydana çıxıb futbol oynasın. Düzdü, mənim 56 yaşım var, bir qədər çətindi, ancaq hələ də, hərdən dostlarla futbol oynayıram.

 

- Futbol da bir siyasətdi. Azərbaycanlı iş adamı Hafiz Məmmədovun erməni diasporasının güclü olduğu Fransanın köklü klublarından “Lans”ı alması, ancaq sonradan bu layihənin uğursuz olması ölkənin imicinə də ziyan vurur...

- Bunu ziyan kimi qəbul etmirəm. Bu, biznes layihəsidi. Bu layihə iş adamının öz təşəbbüsüdü. Yəqin xatırlayırsız, “Atletiko” komandasının futbolkasında “Land of Fire Azerbaijan” reklamı yazılmışdı. Sonradan bunun əvəzində “European Games Baku” yazıldı. Bu da böyük təbliğatdı. Təsəvvür edin, “Atletiko” Çempionlar Liqasında finala çıxmışdı və formasında Azərbaycan yazılmışdı. Ancaq o ki qaldı “Lans” layihəsinin uğursuz alınmasına, hökumət bu işə qarışmır. Klubun alqı-satqı məsələləri iş adamlarını maraqlandırır. Ancaq dediyim kimi, bu məsələlərin ölkə təbliğatı üçün yararlı olduğunu düşünürəm.

 

- Azərbaycanın iki klubunun Avroliqanın qrup mərhələsinə vəsiqə qazandığını dediz. Bu klubların oyunlarını işqılandırmaq üçün ölkə xaricinə yollanacaq jurnalistlərin işinin asanlaşdırılması üçün viza rejimi sadələşdirilə bilər?

- Problem yoxdu. Nə problem olsa, birbaşa AFFA vasitəsilə mənə müraciət edin, həll edərik.

0