[b]Prezident Olimpiyaçılarla görüşdü - FOTO[/b]
02.09.2016 - 20:44
[b]Prezident Olimpiyaçılarla görüşdü - FOTO[/b]


Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşə toplaşanlar Azərbaycan prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşılayıblar.

 

Dövlət başçısı görüşdə nitq söyləyib.

 

Sonra prezident İlham Əliyevin Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edilib.

 

Dövlət başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim edib, onlara bir daha uğurlar arzulayıb.

 

Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov, kişilərdən ibarət taekvondo üzrə yığma komandanın məşqçisi Elnur Amanov, Olimpiya Oyunlarının bürünc mükafatçısı, cüdoçu Elmar Qasımov, Rio Olimpiadasının gümüş medalçısı, güləşçi Mariya Stadnik çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar.

 

Prezident İlham Əliyev Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk Prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan “WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə görüşüb, onu qazandığı qələbə münasibətilə təbrik edib.

 

Sonda prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirib.

0