“Pekin-2008-də Azərbaycan yığmasının heyətində yer almışdım və yarımfinala yüksəlmişdim. Bu dəfə isə finalda mübarizə apardım. İnşallah, növbəti dəfə medal qazanaram”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.
Azərbaycan yığmasından imtina edərək, Türkiyəni seçən idmançı Rio-2016-da 200 m məsafəyə qaçışda 8-ci yeri tutub. Finiş xəttinə 20,43 saniyəyə çatan həmyerlimiz bildirib ki, final mərhələsində bütün gücünü sərf etsə də, mükafatçılar sırasına düşə bilməyib: “Şans da lazımdı. Yarımfinalın hansı atletlərlə düşməyin belə əhəmiyyəti var. Mən finala gedən yolda ən çətin rəqiblərlə qaçdım. Son qrupda yer alsaydım daha yüksək pilləni tutacaqdım və buna uyğun finalda da yaxşı zolaqda sürətimi yoxlayacaqdım. Sadəcə həlledici mərhələdə yarımfinaldakı kimi qaçsaydım, medal qazana bilərdim. Formamla bağlı şikayətim yoxdu. Yenə start xəttinə çıxsam, eyni nəticə olacaq. Çünki əlimdən gələni etdim”.
Qeyd edək ki, Quliyev vətəndaşlığını dəyişdiyindən London-2012-də iştirak etməyib.