[b]“Bakıdakı atmosferdən zövq alıram” - Nona Qaprindaşvili[/b]
09.09.2016 - 09:13
[b]“Bakıdakı atmosferdən zövq alıram” - Nona Qaprindaşvili[/b]

“Bakıda sonuncu dəfə 1 il əvvəl olmuşam. Həmin vaxt burada şahmat üzrə Dünya Kuboku keçirilirdi. Olimpiadadan zövq almaq üçün yenidən məmuniyyətlə Azərbaycan paytaxtına gəldim”. Apasport.az saytının məlumatına görə, bunu sabiq dünya çempionu Nona Qaprindaşvili deyib.

 

Gürcüstanlı mütəxəssis 42-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşlərini izləyib. “Kristal Zal”ın sərgi salonuna da baxmağa imkan tapan Qaprindaşvili 2 ildən sonra Batumidə keçiriləcək Olimpiadının stendinə tamaşa edib.

 

Bakıdakı yarışla bağlı ilkin təəssüratlarını bölüşən keçmiş dünya çempionu bildirib ki, iştirakçılar üçün hansısa çətinlikdən söhbət gedə bilməz: “Bakıda Olimpiadanın yüksək səviyyədə təşkil olunacağına şübhə yox idi. Şərait əladı, Olimpiadanın oyun zalı möhtəşəmdi. Buradakı atmosferdən zövq alıram”.

 

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarını cavablandıran Qaprindaşvili Gürcüstanın qadınlardan ibarət yığmasının çıxışını da dəyərləndirib: “Turnirin startında onlar gözlənilmədən Filippinə uduzdular. Bu məğlubiyyət anlaşılmaz idi. İstənilən halda, millimizin Olimpiadada medallar uğrunda mübarizə aparacağını düşünürəm”.

 

Qaprindaşvili qeyd edib ki, Batumidə baş tutacaq növbəti Olimpiadanı səbirsizliklə gözləyirlər: “Batumi dəniz sahilində yerləşən və əla infrastruktura malik şəhərdi. Olimpiadaya hazırlıq yaxşı təşkil olunacaq, oyun zalı ilə bağlı da heç bir problem yoxdu. Olimpiadaya yüksək səviyyədə hazırlaşmaq üçün hələ 2 ilimiz var”.

 

Sonda sabiq dünya çempionu bildirib ki, dünya şahmatının diqqəti qarşıdakı illərdə Azərbaycan və Gürcüstanda cəmlənəcək: “Bakı 2 dəfə FİDE-nin Qran-Prisinə, Dünya Kubokuna ev sahibliyi edib. Hazırda isə burada Olimpiada təşkil olunur. Tiflisdə də FİDE-nin Qran-Prisi keçirilib. Növbəti il Gürcüstan paytaxtı Dünya Kubokunu, daha sonra Batumi olimpiadanı qəbul edəcək. Artıq lazım olan hazırlıqlara start vermişik”.

 

0